“Ölkələrarası münasibətlərdə, dövlətlərin davranışlarında iqtisadiyyat, rəqəmlər, maddi maraqlar, ticarət həmişə siyasəti müəyyənləşdirən amil olub”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi bu mövzu kontekstində Rusiya-Azərbaycan, Rusiya-Ermənistan ticari-iqtisadi əlaqələrindəki son duruma diqqət çəkib:
“Azərbaycanın ticarət dövriyyəsində Rusiyanın payı 2 milyard 786 milyon 710 min dollardır (1 il əvvələ nisbətən 26.8% çox). Yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 1 milyard 992 milyon 232 min dollar (20.5% çox) məhsul idxal olunub. Azərbaycandan Rusiyaya isə 794 milyon 478 min dollar (illik müqayisədə 46.1% çox) məhsul satılıb. Ölkəmizin ümumi idxalında Rusiyanın payı 17.9, ixracımızda isə Rusiyanın payı cəmi 3.3%-dir.
İndi yanvar-avqust ayları üzrə Ermənistanın rəqəmlərinə baxaq:
Ermənistan-Rusiya ticarət dövriyyəsi 4.2 milyard dollar olub, keçən ilin eyni dövrü ilə müqayisədə 56.3% artıb. Ermənistanın Rusiyaya ixracı 2.3 milyard dollar olub (illik müqaisədə 2.1 dəfə artıb). Rusiyanın Ermənistana ixracı isə 1.9 milyard dollara çatıb (artım 16.1%). Ermənistanın ixracında Rusiyanın payı 52%-ə yaxındır, idxalda isə Rusiyanın payı 25.9%-dir. Rusiya Ermənistanın 1 nömrəli ticarət tərəfdaşıdır, iqtisadi oyunçuların 72%-i ya tam, ya da qismən Rusiyaya məxsusdur, enerji infrastukturu və dəmir yollarının hamısı Rusiya şirkətlərinə aiddir.
İndi Ermənistan Rusiyadan inciyib, bu aydındır. 150-200 illik Rusiya himayəsi, təhlükəsizlik çətiri Azərbaycan-Türkiyə işbirliyi ilə dəlmə-deşik oldu, bitdi. Ermənistan yeni təhlükəsizlik çətiri axtarışı da təbiidir, amma “Ermənistan Rusiyanı qovacaq, Qərbə inteqrasiya edəcək” tezisi çiydir. İndiki şəraitdə mümkünsüzdür. Ermənistana yeni təhlükəsizlik zəmanəti verə və Qərbə inteqrasiyanın yolunu aça biləcək (coğrafi, logistik və iqtisadi baxımdan) bir ölkə var – NATO üzvü Türkiyə. Bundan başqa hər şey nağıl və illüziyadır”.
Natiq Cəfərli qeyd edib ki, Cənubi Qafqazın Rusiyadan ən az (iqtisadi-siyasi-hərbi) asılı ölkəsi də məhz Azərbyacandır:
“Bakının atdığı addımlar Cənubi Qafqazda Rusiyanı ciddi zəiflətdi, buna görə Kreml daxilən qəzəbli olsa da, yaranmış şəraitə, Azərbaycanın qurduğu de-yure və de-fakto ittifaqlara görə geri çəkilməyə məcbur qaldı. Daxili auditoriya və ermənilər qarşısında gücsüzlüyünü ört-basdır eləmək üçün isə “günah keçisi” kimi Paşinyanı elan etdi. Paşinyan da bundan məmnundur – qərbyönümlü siyasətinə əsas formalaşdı, oradan maddi-siyasi dəstəyin artmasına zəmin yarandı. Amma Rusiyaya sanksiyalardan yan keçmək üçün kömək edib pul da qazanır. Qərbyönlü ritorikasına görə Qərbin dolayı sanksiyalarından yan keçməyə nail olur ki, bu da elə Rusiyanın işinə yarayır. Rusiya Ermənistan vasitəsiilə yarımkeçiricilər, mikrosxemlər alıb raket, dron, təyyarə, tank istehsal edir.
Böyük mənzərəni həmişə rəqəmlər və iqtisadi maraqlar göstərə bilir. Dünyada qədimdən bəri iki məsələnin - pulun və ideyanın qarşısını tam olmaq mümkün olmayıb, heç bir hakimiyyət bu iki faktora tam maneə yarada bilməyib”.