30 Oktyabr 2023 17:22
19 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin fərqli xüsusiyyətlərini nəzərə alsaq sakit formada hansısa bir məsələnin həlli mümkün deyil. Bu xüsusda Ermənistanın vaxtilə işğal etmiş torpaqlardan geri çəkilmədiyi faktı yaddan çıxmayıb. Nikol Paşinyan II Qarabağ müharibəsindən sonra verdiyi bəyanatlarda Qazaxın 7, Naxçıvanın Kərki kəndi ilə bağlı heç bir məlumat verməyib. Ona görə də, bu məsələlərin təzyiq olmadan, ciddi xəbərdarlıq edilmədən həlli mümkün deyil.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Ermənistan növbəti dəfə üzləşə biləcəyi itkiləri nəzərə alaraq həmin kəndlərin boşaldılması ilə bağlı addım ata bilər:

“Sözsüz ki, buna imidlər azdır. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə öz gücü ilə həmin torpaqları geri qaytarmalı olacaq. Bunun üçün Azərbaycan Müdafiə Nazirliyi müvafiq şərtlərlə çıxış edib Ermənistana vaxt qoya bilər. 3-5 gün, hətta bir həftəlik zaman verilməsi də mümkündür. Bu çağırışa cavab verilməsə, kəndlərin geri qaytarılması üçün konkret addım atılmalıdır”.

Partiya sədrinə görə, son günlər Zəngəzur dəhlizi ilə bağlı səslənən fikirlər də Ermənistanın ritorikasını dəyişməsinə səbəb olub:

“Dəhliz məsələsində Azərbaycanın mövqeyi olduqca unikaldır. Alternativ variant ortalığa qoyduqda Ermənistan məsələyə daha konkret yanaşmaq məcburiyyətində qalıb. Dəhlizin açılmasında Azərbaycanla bağlı problem yoxdur. Azərbaycan kommunikasiyaların dəhliz formasında açılmasında israrlıdır”.

Fəzail Ağamalı hesab edir ki, bu məsələdə Ermənistanın problemi Rusiya ilə bağlıdır:

“2020-ci ilin 10 noyabrında üçtərəfli razılaşma ilə kommunikasiyaların açılması fonunda ona nəzarətin Rusiya Sərhəd Xidməti tərəfindən olacağı qeyd edilib. Ermənistan isə bunu suverenliyinə təhdid kimi dəyərləndirir. Erməni tərəfi kommunikasiyaların ancaq özünün nəzarətində açılmasının tərəfdarı olduğunu bildirir. Burada mübahisəli məsələlər bunun üzərindədir. Amma buna baxmayaraq Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu olmasa, Ermənistan blokada vəziyyətində qalmalı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər