Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasına səfər edib.
Teleqraf.com xəbər verir ki, Vyetnam Kommunist Partiyasının (VKP) dəvəti əsasında baş tutan səfər çərçivəsində noyabrın 20-də YAP nümayəndə heyəti ilə Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Do Hunq Viet arasında görüş keçirilib.
Nümayəndə heyətini salamlayan Do Hunq Viet Vyetnam ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişafının məmnunluq doğurduğunu və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Ölkəsinin Azərbaycanla işbirliyinə böyük önəm verdiyini bildirən Do Hunq Viet dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan iki ölkənin beynəlxalq platformalarda bir-birinə dəstək göstərdiklərini və milli maraqlara dair məsələlərdə ortaq mövqedən çıxış etdiklərini vurğulayıb. Xarici işlər nazirinin müavini beynəlxalq birliyin məsuliyyətli üzvü olan Vyetnamın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.
Do Hunq Viet ikitərəfli münasibətlərin dinamik inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirib. “Qarşılıqlı səfərlər müxtəlif sahələrdə təmasların gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıyır” ,- deyən Do Hunq Viet birgə fəaliyyət nəticəsində uğurlar qazanılacağına ümidvar olduğunu söyləyib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Vyetnam əlaqələrinin möhkəm dostluq, etibarlı tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. O, xalqlarımız arasındakı dostluq münasibətlərinin hələ SSRİ dönəmində formalaşdığını, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyətə malik olduğunu bildirib.
YAP Sədrinin müavini vurğulayıb ki, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açmış, dostluq prinsipinə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə güclü təkan vermişdir. 2015-ci ildə isə Vyetnam Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən işbirliyinin genişlənməsinə mühüm töhfə olmuşdur.
Tahir Budaqov bu gün iki ölkənin liderlərinin siyasi iradələri sayəsində dövlətlərarası münasibətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını diqqətə çatdıraraq Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmətlə yanaşdığını və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində uzun müddət işğal altında olan torpaqlarını azad etdiyini, 2023-cü ilin sentyabr ayının 19-da cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasına nail olduğunu vurğulayan YAP Sədrinin müavini Vyetnamın bu məsələdə ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Azərbaycanın mühüm geostrateji reallıqlar yaratdığını bildirən Tahir Budaqov regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasının dost və tərəfdaş ölkələr üçün də önəmli iqtisadi və siyasi dividendlər vəd etdiyini vurğulayıb.
Görüş zamanı siyasi partiyalar və parlamentlər arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb, hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutacağına əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli daxildir.