Məlumdur ki, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan və “2023-cü il tarixli Ermənistan Müdafiə Aktı” olan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin müəllifi isə 2023-cü ilin sentyabrında Ermənistana səfər etmiş ABŞ nümayəndə heyətinə rəhbərlik edən senator Cerri Pitersdir. S.3000 qanun layihəsi Azərbaycanla bağlı "907-ci düzəliş"in dayandırılmamasını nəzərdə tutur ki, bu da ölkəmizə qarşı qərəzli və qeyri-dost bir addımdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, "907-ci düzəliş" ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir:
"907-ci düzəliş ilk dəfə 1992-ci ildə guya "Azərbaycan tərəfindən Qarabağın "işğalı" və Ermənistana qarşı blokadanı dayandırmaq" məqsədilə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən təklif edilib. Bu əlavə ilə Azərbaycan Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımdan xaric edilən yeganə ölkə olub. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı. S.3000 qanun layihəsi Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır. Hələ ki, Qanun layihələrinin heç biri komitədə dinləmədən keçməyib, çünki onların kifayət qədər həmmüəllifi yoxdur. Qanun layihəsinin qanuni qüvvəyə minməsi üçün hələ də ABŞ Nümayəndələr Palatasının təsdiqi və prezidentin razılığı alınmalıdır".
Komitə sədri qeyd edib ki, ABŞ düzəlişin tətbiqində maraqlıdır:
"ABŞ buna getməklə regionda Azərbaycan kimi tərəfdaşını itirəcək. Çənubi Qafqazın heç bir ölkəsi Azərbaycan qədər strateji əhəmiyyətə malik deyil. Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Yardımın Azərbaycan üçün o qədər də iqtisadi çəkisi yox idi. Çünki neft ölkəsi olan Azərbaycanın kifayət qədər vəsaiti var. Söhbət burada siyasi əhəmiyyətdən gedir. Ona görə də ümid edirəm ki, qarşıdakı illərdə ABŞ bu strateji səhvini düzəldəcək. Azərbaycan Xarici İşlər Nazirliyi də bu addımları ikitərəfli münasibətlərə zərbə kimi dəyərləndirib ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında ABŞ-ın vasitəçi rolunu itirməsinə səbəb ola bilər. Milli Məclisinin ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri hörmətli Səməd Seyidov öz açıqlamasında qeyd etdiyi kimi: “ABŞ bununla nəinki qarşılıqlı etibar və eyni zamanda strateji əməkdaşlıq əlaqələrinə zərbə vurdu: “Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ilin oktyabr ayında-Xocalı soyqırımından cəmi bir neçə ay sonra qəbul edilib. Ona görə bu düzəliş ədalətsizliyin rəmzidir. Azərbaycanda xalq bəlkə də 907-ci düzəliş barədə tam ətaflı məlumatlı olmasa da, onun ədalətsizliyə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan Azərbaycana qarşı edilən ədalətsizlikdən xalqımız xəbərdardır, istər sadə vətəndaş, istərsə də siyasətçi”.