9 Dekabr 2023 08:36
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç il bundan əvvəl keçirilən Zəfər paradı torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyulması və ərazi bütövlüyümüzün bərpa edilməsinin simvoludur. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu paradın əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Bəli, bu tarixi və on illiklər boyu gözlədiyimiz gün idi. Zəfər paradı bizim ədalətli və haqlı mübarizəmizin möhtəşəm nəticəsi idi. Keçirilən bu tarixi və möhtəşəm parad hər bir detalı, hər bir anı ilə hər birimizin yaddaşlarında silinməz izlər qoydu.

Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etməsi isə iki ölkə arasındakı güclü qardaşlığı simvolizə edir. İki ölkə liderinin paradda iştirakı beynəlxalq ictimaiyyətə mühüm bir mesaj idi. Vətən Müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”. Bu Ümummilli Lider Heydər Əliyevin "Bir millət iki dövlət!" və Mustafa Kamal Atatürkürün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!" ifadələrinin əyani göstəricisi idi.

Vaxtı ilə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev demişdir ki, "Şuşa şəhərində qaldırılan Zəfər Bayrağı Azadlıq meydanında nümayiş olunacaq"! Uzaqgörənliklə deyilən bu sözlər 2020-ci ildə Zəfər paradında nümayiş edildi. 3 il əvvəl keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlər nümayişi oldu. Bu ölkəmizin hərbi qüdrətinin bir hissəsi idi. Lakin hər keçən gün Azərbaycan öz ordusu daha da güclənir və bu sahədə aparılan islahatlar dediklərimizi təsdiq edir. Yeni hərbi birləşmələr yaradılır, yeni silahlar alınır, yerli müdafiə sənayesi daha da təkmilləşdirilir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Paradın qürurverici anlarından biri də, 44 gün ərzində Vətən zamanı düşmən tərəfindən ələ keçirilmiş 2000-dən çox nəqliyyat vasitəsindən ibarət hərbi texnika kompozisiyasının "Qarabağ Azərbaycanındır!" şüarı ilə nümayişidir. Bu tarixi hadisə xalqımızın birliyin, ordumuzun qüdrətinin, əsgərimizin Vətənə sədaqətinin, ölkə başçısının müdrikliyinin ən gözəl nümunələrindən biridir. Biz bu Qələbəyə nail olmaq üçün sanki Azadlıq Meydanında 3 il əvvəl keçirilən Zəfər Paradı 2023-cü il noyabırın 8-də Azərbaycanın qədim şəhəri Xankəndidə keçiriləcək paradın müjdəsini verirdi. Tarixi Zəfər Paradından keçən dövr ərzində Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, suveren hüquqlarını bərpa etdi, erməni separatizminə son qoyuldu.

Bir daha Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycan xalqını qazanılan böyük qələbəmiz münasibəti ilə təbrik edirəm. Bu zəfərin əldə edilməsində fədakarlıq göstərən bütün əsgər və zabitlərimizə fəaliyyətlərində uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri Azərbaycanımızın fəxrləridir, biz onların və valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimizin xatirələri daim, tarix boyu hər bir azərbaycanlının qəlbində əziz olaraq tutulacaq. Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri aparılır. Artıq bu tarixi, əbədi ərazilərimizdə yeni həyat başlayır, Böyük Qayıdış başlanıb. Aydındır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, ədalətli və ləyaqətli mübarizəsini qəbul etməyən bəzi revanşist qüvvələr sülh və normalaşma prosesinə maneə olmaq, əngəl yaratmaq istəsə də onlar öz niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan öz tarixi Qələbəsi ilə yeni reallıq yaratmışdır. Və hər kəs bu reallığı qəbul etməlidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Biz inanırıq ki, Müzəffər Ali Baş Komandan, qətiyyətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qarşımızda dayanan bütün məsələləri həll edəcəyik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər