19 Dekabr 2023 09:25
4 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya rəsmisi Mariya Zaxarova bildirir ki, Moskva yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını təşkil etməyə hazırdır. Prosesin yenidən Rusiyada davam etdirilməsi ehtimalı nə qədərdir?

- Hazırda Qərblə Rusiya arasında vasitəçiliklə bağlı mübarizə gedir. Əslində, bu mübarizə tərəflərin Cənubi Qafqazda öz mövqelərini gücləndirməklə əlaqəlidir. Qərb Rusiyanı bölgədə sıxışdırmağa çalışır, Rusiya isə mövqelərini qorumaq niyyətindədir, geri çəkilmək istəmir. Son bir ildə Ermənistan tərəfindən Rusiyadan məsafə saxlamaq siyasəti həyata keçirilir. Ermənistan Rusiya formatından mümkün qədər yayınmağa çalışır. Rusiyanın hazırkı səyləri də ondan ibarətdir ki, yenidən Ermənistanın Moskva formatında iştirakını təmin etsin, sülh prosesində vasitəçilik missiyasını davam etdirsin.

Ermənistan yenə də Rusiya formatından yayınmağa çalışacaq. Hətta buna razılıq versə belə, mayda Moskvada keçirilən görüşdən ciddi şəkildə fərqlənməyəcək. O zaman Moskvadakı görüş qısa – təxminən 20 dəqiqə çəkmişdi. Həmin görüşdə xüsusi bir addım atılmadı.

Düşünürəm ki, bu, Qərbin Ermənistana nə qədər təsir etməsi ilə bağlı olacaq. Hazırda Ermənistan Qərbdən gələn təlimatlar əsasında hərəkət edir. Rusiya formatı da bunun içindədir. Zənn etmirəm ki, Rusiya yaxınlarda əvvəlki vasitəçi mövqeyini bərpa edə biləcək.

- Yanvarda iki ölkənin xarici işlər nazirlərinin ABŞ-də görüşəcəyi haqda məlumat var. Vaşinqton formatı yenidən bərpa ediləcəkmi, bu baş versə, ABŞ-nin vasitəçiliyindən nə gözləməliyik?

- Hələlik Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqton görüşündə iştirakını açıqlamayıb. Əlbəttə, belə bir görüş baş tutsa, bu, prosesi durğunluqdan çıxarmaq anlamına gələ bilər. Amma Amerika formatı da son aylarda ciddi zərbə alıb. Daha doğrusu, Vaşinqtonun özünün yanlış münasibəti və siyasi ucbatından ABŞ prosesdə bitərəf vasitəçi mövqeyini itirib. Bütün hallarda sülh prosesinin irəliləməsi ABŞ üçün vacibdir. Çünki artıq ABŞ də seçki ilinə qədəm qoyur, hazırkı administrasiyaya (Co Bayden) xarici siyasətdə uğur kimi təqdim edə biləcəyi bir məsələ olmalıdır. Bunlardan biri də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ola bilər. Bu da o zaman mümkün ola bilər ki, ABŞ bölgədəki reallığı qəbul edəcək, Azərbaycanın legitim, tarixi və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyəcək və sair. Belə olacaqsa, proses irəli gedə bilər.

Digər yandan, hazırkı situasiyada hansısa vasitəçinin moderatorluğu ilə sülh müqaviləsinin imzalanması da promlematik görünür. Çünki vasitəçilərin hər birinin digərinə maneə yaratmaq imkanları qalır. Bu baxımdan, Vaşinqtonun patronajlığı ilə bir formatın olacağı yaxın müddətdə gözlənilmir. Ukraynadakı son gəlişmələr də göstərir ki, Rusiya bu məsələ ilə bağlı çətin vəziyyətdə olmasına baxmayaraq, müəyyən qədər durumu stabilləşdirib, bu səbəbdən də Cənubi Qafqazdakı proseslərə təsir edə bilir.

Azərbaycan, eləcə də Ermənistan üçün də ən yaxşı format ikitərəfli danışıqlardır. Bu çərçivədə sülh müqaviləsi Tiflisdə imzalana bilər. Daha yaxşı variant isə vasitəçilərdən heç birini incitmədən sülh sazişini sərhəddə imzalamaqdır. Bu, Azərbaycan və Ermənistanın maraqlarına daha uyğundur, nəinki digər formatlar. Yəni Amerikanın vasitəçiliyi ilə sülh müqaviləsi imzalansa, bu, Rusiyanın təpkisinə səbəb olacaq, bu da sonradan bölgədəki proseslərə mənfi təsir edə bilər. Yaxud Rusiyanın vasitəçiliyi ilə imzalansa, ABŞ Ermənistan vasitəsilə bunu əngəlləməyə çalışacaq. O baxımdan, ən yaxşı variant ikitərəfli danışıqlardır: bu çərçivədə sülh sazişinin sərhəddə, bu da olmasa, bitərəf məkan kimi Tiflisdə imzalanması məqsədəuyğun ola bilər.

- Sülhlə bağlı zaman məsələsi də müzakirə mövzusudur. Ermənistan iddia edir ki, dekabrın axırı – yanvarın əvvəlində müqavilə imzalana bilər. Sizcə, bu proses nə qədər vax aparacaq?

- Ermənistan bu bəyanatları verməklə “sülhün tərəfində olduğu” görüntüsünü yaratmağa çalışır. Digər yandan, Ermənistanın irəli sürdüyü üç prinsip məsələləri tam şəkildə əhatə etmir. Azərbaycan beş baza prinsipi əsasında təklifini verib. Ermənistanın həmin prinsiplərdən üçünün üstündə dayanması, ikisini gözardı etməsi qəbuledilməzdir. Ermənistan bunları gözardı etməyə çalışır: güc tətbiq edilməməsi və gələcəkdə ərazi iddialarının irəli sürülməməsi. Ermənistan bu iki prinsipdən və bu çərçivədə üzərinə öhdəlik götürməkdən yayınmağa çalışır. Azərbaycan isə qeyd olunan beş prinsiplər bağlı Ermənistan və onun havadarlarından yazılı zəmanət istəyir. Yəni gələcəkdə revanşizmə yol verilməməli, ərazi iddiaları irəli sürülməməlidir. Bunlar olsa, sülh müqaviləsi imzalana bilər.

Bir sözlə, hazırda Ermənistandan verilən bəyanatlar daxili ictimai rəyə təsir etmək və beynəlxalq ictimaiyyətin gözündə “sülhsevər” obrazı yaratmaq məqsədi daşıyır. Məsələ fundamental şəkildə həll olunmayana qədər bölgədə sülh və sabitliyin bəqərar edilməsi kifayət qədər problematik görünür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər