17 Dekabr 2023 18:36
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri, aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan dünyada qlobal təşəbbüslərin və beynəlxalq tədbirlərin təşkilatçısı kimi günü-gündən nüfuzunu daha da artırır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir: “Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti olduqca önəmlidir. Bu hadisənin önəmi qərarın antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmasıdır. Bir daha dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Burada yekdil mövqe bir daha özünü göstərdi. Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürürdü. Bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatizmə, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü təmin edib. Eyni zamanda ölkəmiz humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb. COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Məhz belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın üzərinə böyük məsuliyyət qoyur. Lakin, onu da vurğumalaq lazımdır ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini xüsusilə qeyd etməliyik. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta müddət bir il uzadılmışdır”.

Deputat hesab edir ki, ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir: “Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Əminliklə deyə bilərik ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər