20 Dekabr 2023 17:46
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın silahlanması ilə bağlı atılan addımlar yenidən gərginliyin artırılmasına yönəlib. Hindistan tərəfi artıq Ermənistana raket komplekslərinin tədarükünə başlayıb. Bu isə müəyyən problemlərin yaranması deməkdir. Fransadan sonra Hindistanın bu addımı analogiya təşkil edir. Görünür, Hindistan da bölgədə Fransa kimi vəziyyətin gərginləşməsində maraqlıdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Azərbaycanın bu kimi davranışlara mövqeyi birmənalıdır:

“Amma bunu cavabsız da qoymaq olmaz. Bundan öncə də Hidistanla Ermənistan arasında müəyyən hərbi əməkdaşlıqla bağlı addımlar atılmışdı. Ermənistan kimi revanşist hislərlə yaşayan bir ölkəyə silah-sursatın verilməsi müəyyən gərginliyin yaranmasına səbəb ola bilər”.

Ekspert hesab edir ki, Azərbaycan bununla bağlı Hindistana öz narahatlığını bildirməlidir:

“Hindistan Ermənistanla hərbi-texniki əməkdaşlığı bu şəkildə davam etdirmək istəyir. Sözsüz ki, Hindistanın vermiş olduğu silahlar təhlükə deməkdir. Bundan öncə Ermənistana hava hücumundan müdafiə silahları verilmişdi”.

Üzeyir Cəfərova görə, Hindistanın Ermənistana vermiş olduğu müdafiə silahları deyil:

“İndiki halda Ermənistana verilən silahlar Azərbaycana qarşı təzyiq elementi hesab olunur. Məqsəd bölgədə gərginliyin yaranmasına nail olmaqdır. Hindistanın vermiş olduğu zenit-raket kompleksi bölgə üçün risklər yarada bilər. Ona görə də, bu məsələlərə qarşı heç də gözləmə mövqeyində durmağa ehtiyac yoxdur. Xüsusi ilə də Hindistana bununla bağlı etiraz edilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı