6 Yanvar 17:36
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı “dini etiqad azadlığının” ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsi ABŞ-nin qərəzli ikili standartlar siyasətinin növbəti təzahürüdür. Beynəlxalq Din Azadlığı Komissiyası adlanan qurum neçə ildir ki, hesabatlarında Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, bu ölkəmizə qarşı şər-böhtan xarakterli qərəzli yanaşmadan irəli gəlir: “Hesabatın” Azərbaycanla bağlı hissəsi erməni Daniella Aşbaxyan tərəfindən hazırlanışb. Məhz bu “hesabatın” etnik erməni ABŞ vətəndaşı tərəfindən tərtib olunması bir çox faktları üzə çıxarır. Bu ABŞ-ın dövlət imkanları hesabına etnik erməni lobbisinin maraqlarının təmin etdiyini açıq-aşkar ortaya qoyur. Təəssüflər olsun ki, son illər ABŞ dövlət qanunverici və icraedici orqanlarında belə hallar saysız-hesabsız həddə çatıb. Özünü dünyanın super dövləti, güc mərkəzi, utopiya kimi göstərməyə çalışan bir dövlətin xarici siyasətində belə halların olması təəccüb doğurur”.

Millət vəkili hesab edir ki, Azərbaycana qarşı irəli sürülən ittiham və böhtan sadəcə olaraq gülüş doğurur: “Bu ittiham qəti şəkildə qəbuledilməzdir. Ona görə ki, Azərbaycan dünyada çoxmillətli, çoxkonfessialı, çoxdinli ölkə kimi tanınır. Azərbaycan dünyada zəngin mənəvi dəyərləri və tolerantlıq məkanı kimi qəbul edilir. Ölkəmiz qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürüb. Ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan coğrafi, geosiyasi və mədəni məkandır. Bu baxımdan BDAK-ın ölkəmiz əlehinə yaydığı məlumat tamamilə əsassız, yalan, böhtan və qərəzdən ibarətdir”.

Deputatın fikrincə, dini baxımdan izlənilməli birinci ölkə elə Ermənistandır: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış, təhqir olunmuş 65 məsciddin aqibəti barədə hesabat hazırlamaq bu “Komissiyanın” yadına düşmür. Azərbaycanın dini abidələrinə qarşı törədilmiş cinayətlərə gözünü yuman və selektiv münasibət ortaya qoyan ABŞ-ın özünü qlobal ölçü vahidi kimi təqdim etməsi bu ölkəyə qarşı ikrah hissi oyadır. Azərbaycanın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərən dövlətə xəyanət də daxil, konkret maddələr ilə ittiham olunan və məhkum edilən şəxslərin cinayət təqibini "şiə müsəlmanlarını təqib etmə" kimi təqdim edən Vaşinqtonun niyyəti bizim üçün aydındır”.

Tamam Cəfərovaya görə, dini baxımdan izlənməli olan ölkələrdən biri elə Amerikanın özüdür: “Çünki ABŞ-də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisənin olduğu bütün dünyaya məlumdur. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-da dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir. Bu mənada BDAK-nın özü Amerikanın başqa ölkələrə təzyiq göstərmək məqsədilə istifadə etdiyi bir alətdir. Bundan Azərbaycan əleyhinə istifadə qəbuledilməzdir. Ümid edək ki, ABŞ Dövlət Departamenti bu səhvini tez bir zamanda düzəldər və iki ölkə arasında münasibətlərə zərbə vurmaqdan çəkinər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər