18 Yanvar 15:04
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Siyasi Kommunikasiya Mütəxəssisi və Məsləhətçisi Özdemir Tokel Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cənab Özdemir Tokel, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında mövcud münasibətləri necə qiymətləndirirsiniz?

- Azərbaycanlı qardaşlarımız və Kipr türkləri tarixdən gələn qohumluq və qardaşlıq bağlarına görə bir millətin iki qardaş dövlətidir. Buraya Türkiyəni də əlavə etsək, əslində üç dövlət, bir millətik. Hər zaman xalqlarımızın sevinci, qayğısı, qəlbi bir olub.

ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi ilə əlaqələrimizi daha yüksək mərhələyə çıxarmışıq. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin çox qısa müddətdə lazımi səviyyəyə yüksələcəyinə inanıram. Bu, şübhəsiz ki, tarixən mövcud olan əlaqələrimizin təbii nəticəsi olaraq baş verəcək.

- Bir müddət əvvəl Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Baş naziri Ünal Üstel ölkəmizdə rəsmi səfərdə oldular. Siz də bu səfərdə ölkənizi təmsil etmisiniz. Necə düşünürsünüz, bu rəsmi səfər iki ölkə arasındakı əlaqələrə nə kimi təsir etdi?

- Bəli, Şimali Kipr Türk Cümhuriyyəti yüksək səviyyəli nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfər etdi. Bu, son dərəcə önəmli səfər idi və bizi çox sevindirdi. Azərbaycan xalqı və dövləti bizi bağrına basdı. Biz qardaş ölkə olaraq yüksək səviyyədə qarşılandıq, qonaq qəbul edildik. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, bütün Azərbaycan xalqına və Azərbaycan mediasına sonsuz minnətdarlığımı bildirmək istəyirəm.

Ən yüksək səviyyədə olan bu münasibət əlaqələrimizin həm siyasi, iqtisadi, sosial, həm də mədəni inkişaf baxımından mühüm töhfələr verib və verəcək. Bu səfər zamanı Prezidentimiz cənab Ersin Tatarın Azərbaycan Prezidenti cənab İlham Əliyevlə rəsmi görüşü də tarixi bir hadisədir. Baş nazirimizin azərbaycanlı nazirlər, millət vəkilləri və Yeni Azərbaycan Partiyası ilə əlaqəsi son dərəcə əhəmiyyətlidir. İqtisadi qurumlarımızın Azərbaycanın iş dünyasının nümayəndələri ilə bir araya gəlməsi də iqtisadi əlaqələrimizin inkişafına mühüm töhfələr verəcək.

Bu səfərdən hər iki ölkənin xalqı böyük fayda əldə etdi. Yeni dostlar qazandı. Orada inkişaf etdirdiyimiz media əlaqələri sayəsində indi bir-birimizin səsini, dərdini, sevincini daha rahat eşidə və bu hissləri ürəkdən paylaşa biləcəyik. Məsələn, hətta bu müsahibə də bu səfərin müsbət əks-sədalarından biridir.

Səfərimizdən sonra Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində 15 noyabr Cümhuriyyət mərasimlərimizdə iştirak edərək bizi şərəfləndirdilər. Ən böyük arzumuz budur ki, bu qarşılıqlı səfərlər daha da çoxalsın. İnanıram ki, elə də olacaq.

- Ümumilikdə ikitərəfli əlaqələrdə iqtisadi imkanları necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün ciddi imkanlar var. Azərbaycan-ŞKTC əlaqələri inkişaf etdikcə bu imkanlar daha da artacaq və hər iki ölkənin iqtisadiyyatına mühüm töhfələr verməyə başlayacaq. Məsələn, tikinti, turizm, təhsil, kənd təsərrüfatı və qida sektorları iqtisadi əlaqələrin qarşılıqlı lokomotiv sektorları ola bilər.

- Ölkələrimiz arasında əməkdaşlıq daha çox hansı istiqamətdə inkişaf edib?

- Bildiyiniz kimi, KKTC yalnız turizm adası deyil, həm də universitetlər adasıdır. Adamızda təhsil alan azərbaycanlı qardaşlarımız var. Yəni hazırda təhsil sahəsində əlaqələrimizdə bir dinamizm müşahidə olunur. Təbii ki, bu, arzuolunan səviyyədə deyil. Bununla belə, təhsil sektoru çox ciddi inkişaf potensialı olan sahədir.

Dili, mədəniyyəti və taleyi eyni olan xalqların gənclərinin ölkələrimizdə qarşılıqlı təhsil alması sadəcə iqtisadi deyil, həm də sosial-mədəni əlaqələri daha güclü gələcəyə daşımaq imkanı verir. Bu baxımdan ilk növbədə tələbə mübadiləsi proqramı ilə buna çox asanlıqla nail olmaq olar. Türk Dövlətləri Təşkilatının da bu istiqamətdə iş apardığını bilirik. Lakin bu sistem iki ölkə arasında xüsusi olaraq həyata keçirilə bilər.

Digər tərəfdən, Azərbaycanla inkişaf etdiriləcək siyasi əlaqələr Şimali Kipr Türk Cümhuriyyətinin dünyada layiqli yerini tutmasına imkan yaradan qapıların açılmasına mühüm töhfələr verəcək. Təbii ki, bu əlaqələrin inkişafı üçün ən vacibi daşıma məsələlərində olan çatışmazlıqların təcili aradan qaldırılmasıdır. Qarşılıqlı uçuşların açılması, ölkələrimizə daha çox insanın gəlib-getməsinə imkan yaradacaq. Daha çox təmas daha çox siyasi, sosial, mədəni və iqtisadi inkişaf deməkdir.

- Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv kimi qəbul edilməsini necə qiymətləndirirsiniz?

- Əvvəla, öz müqəddəratını təyin etmək hüququna sahib olan xalq, dövlətimiz əslində bütün dünyada qəbul edilməlidir. Bu, xalqımızın haqqıdır. Kiprdə iki dövlət və iki xalq var. Dünyanın bir hissəsinin müstəqilliyimizi tanımaması bizim yoxluğumuz demək deyil. Biz dövlətimizlə, qurumlarımızla və hər şeydən əvvəl xalqımızla varıq və Kiprdə də var olmağa davam edəcəyik.

Kipr türk xalqı da azərbaycanlı qardaşlarımız kimi illərdir bu torpaqlarda var olmaq üçün mübarizə aparıb, öz azadlıq və müstəqilliyini canları bahasına qoruyub. Azadlıq uğrunda mübarizə aparan heç bir xalq öz haqqından vaz keçməz.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, “Azadlıq və müstəqillik hər bir xalqın milli sərvətidir”. Bu sərvətdən vaz keçməyi düşünmürük! TÜRKPA-da və Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvlük dünyaya açılma yolunda atılan mühüm addımlardan sadəcə biridir. 2022-ci il noyabrın 11-də ŞKTC-nin öz konstitusiya adı ilə Türk Dövlətləri Təşkilatına və TÜRKPA-ya müşahidəçi üzvlüyünə qəbul edilməsi qardaş Türk dövlətləri ilə əlaqələrimizin möhkəmlənməsinə və inkişafına mühüm töhfə verib və bunu davam etməkdədir.

Bunun parlamentlər arasında münasibətə çevrilməsi bizə həm də siyasi baxımdan özümüzü ifadə etmək şansı verdi.

- Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsi prosesini necə dəyərləndirirsiniz?

- Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına 2022-ci ildə müşahidəçi üzv qəbul edilib. Bu hadisənin reallaşmasında ana vətənimiz Türkiyə və Azərbaycanın töhfələri çox önəmlidir. Bu münasibətlə Türkiyə və Azərbaycan xalqına bir daha təşəkkür etmək istəyirəm.

Şimali Kipr Türk Respublikasının illərdir türk dünyasının bir parçası olmasına rəğmən türk dövlətləri ilə əlaqələrimiz çox inkişaf etməmişdi. Ona görə də bu, dövlətimiz üçün son dərəcə vacib bir inkişafdır. Buradan aldığımız güclə artıq türk dünyasının rəsmi bir parçasına çevrilmişik. Bu inkişaf gələcəyə daha ümidlə baxmağa imkan verir.

Bu üzvlük Türk Dövlətləri Təşkilatı üçün də son dərəcə əhəmiyyətlidir. Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi üzvlüyü ilə Türk Dövlətləri Təşkilatı Şərqi Aralıq dənizindəki türk varlığını və Türk dünyasının hüququnu qorumaq naminə sarsılmaz bir sərhəd mühafizəsi əldə etmiş, sərhədlərini də önəmli nöqtələrdən birində genişləndirmişdir.

- Kipr Yunan Respublikası Avropa Birliyinə qəbul edilib. Şimali Kipr Türk Respublikasının bu təşkilata qəbul olunmaması haqqında nə deyə bilərsiniz? Bu nə ilə bağlıdır?

- Avropa Birliyinin Kipr problemi ilə bağlı fikirlərini Rum iddiaları formalaşdırır. Əvvəl bunun ən böyük səbəbi Yunanıstanın Avropa Birliyinin üzvü olması idi. İndi hər ikisi də Avropa Birliyinin üzvüdür. Lakin irəli sürülən siyasətlə reallıqlar çox fərqlidir. Kipr türkləri 1960-cı ildə qurulan Kipr Respublikasının bərabər hüquqlu, qanuni tərəfdaşlarıdır. Lakin qarşı tərəf bu faktı heç vaxt qəbul etməyib. Onlar ümumi sərvətimizi, siyasi bərabərliyimizi və hüquqlarımızı heç vaxt tanımadılar. Tanımamağa da davam edirlər.

Adada illlərdir ki, “enozis” arzusu hökm sürdü. Necə ki, Ermənistan Azərbaycan ərazisi olan Qarabağı özünə birləşdirmək istəyirdi, eləcə də ortaq torpağımız olan Kıbrısı Yunanıstana birləşdirmək istədilər. Bunun üçün adada türklərə qarşı hər cür zorakılıq hadisələri, sürgün və soyqırımılar həyata keçirdilər. Çoxlu qeyri-qanuni və əxlaqsız əməllər törətdilər.

1963-cü ildə qeyri-qanuni Konstitusiya dəyişikliyi ilə ən təməl haqqımız olan və bizə siyasi bərabərlik səlahiyyəti verən “veto” hüququmuzu ləğv etdikdə, bu, Kipr Respublikasının sonunu gətirdi. Onun üzərindən 60 il keçir. Biz 50 ildən artıqdır danışıqlar masasındayıq.

2004-cü il Annan Planı və həll prosesi üçün hazırlıqlar davam edərkən, Kipr Rum tərəfi birtərəfli qaydada Avropa Birliyinə qəbul edildi. Həll iradəsini ortaya qoyan türklər olduğu halda, ada üzərindəki ortaq hüquqlarını, sərvətlərini və qüdrətlərini heç bir şəkildə bölüşmək istəməyən rumları qəbul etməkləri, həm həll prosesini baltaladı, həm də mövcud statusun davam etdirilməsinin tərəfdarı olan rumlara mükafat verildi.

Bu səhv Kipr Rumlarının Annan Planına “hə” demək ehtiyacını aradan qaldırdı və onların həll ümidlərinə son qoydu. Kipr türklərinin bu prosesdən kənarda qalması böyük ədalətsizlikdir. Biz AB-nin üzvü olmamağamıza, bunun üstünlüklərindən məhrum olmağımıza rəğmən adadakı varlığımızı qorumaq üçün hər cür mübarizəmizi davam etdiririk.

Azərbaycan da AB-nin üzvü deyil, amma yüksək səviyyədə inkişafa davam edir. Bütün haqsızlıqlara rəğmən dövlətimizi qurduq. Cümhuriyyətimizin 40 yaşı tamam olub. Biz öz dövlətimizdə güvən içində yaşamağa davam edirik. Həll axtarışları hələ də davam edir. Ümid edirəm ki, dünya artıq həqiqətlərlə üzləşəcək və doğru həll modelləri ilə Kipr probleminin həllinin tapılmasına səmimi şəkildə töhfə verəcək.

- Şimali Kipr Türk Respublikasının Qərb ölkələri ilə əlaqələrini necə dəyərləndirirsiniz?

- Şimali Kipr Türk Cümhuriyyətinin xalqı Mustafa Kamal Atatürkün dediyi kimi “Yurdda sülh, cahanda sülh” vədinə sadiq qalan bir xalqdır. Xalqımız qitəsindən, irqindən, dilindən, dinindən asılı olmayaraq, dünyadakı bütün insanlarla sülh şəraitində yaşamaq istəyən xalqdır. Xarici siyasətini də bu düşüncə ilə müəyyən edən dövlətimiz bütün dünya dövlətləri kimi Avropa ilə münasibətlərinə də önəm verir. Bu əlaqələri yüksək səviyyədə inkişaf etdirmək və səmimiyyətlə davam etdirmək üçün hər cür konstruktiv addımlar atmaqdadır.

2004-cü ildə adada Annan Planı referendumu keçirildi və Kipr türkləri bu plana “hə” dedilər. Digər tərəfdən, həm sülhü rədd edən, həm də birtərəfli qaydada Avropa Birliyinə qəbul edilən Kipr Rumları mükafatlandırıldı. O zaman Avropa ölkələri və Birləşmiş Millətlər Təşkilatı xalqımıza çoxlu vədlər verdi ki, “Əgər siz “hə”, rumlar “yox” deyərsə, bundan əziyyət çəkən siz yox, onlar olacaq”. Bu sözlər də hesabatla BMT-nin qeydlərinə düşüb. Amma üzücüdür ki, nə o vədlərə əməl edildi, nə də türklər mükafatlandırıldı.

Avropa və Birləşmiş Millətlər Təşkilatı artıq həqiqətləri görməli və buna uyğun yeni bir yol tutmalıdır. İndi aydın olur ki, 60 il əvvəl yaranmış parametrlərlə bugünkü problemləri həll etmək mümkün olmayacaq. Dünya dəyişir. Şərtlər dəyişir. Dünya və Qərb dövlətləri bu faktları görsə, ŞKTC ilə Qərb ölkələri arasında heç bir problem olmayacaq. Hazırda Qərb dövlətləri ilə normal və institusional əlaqələri inkişaf etdirə bilməməyimizin əsası dövlətimizin mövcudluğunun tanınmaması və rumların Avropaya göstərdiyi siyasi təzyiqdir.

- Şimali Kipr Türk Respublikasının Azərbaycan və Türkiyədən başqa hansı türk dövlətləri ilə daha yaxın əlaqələri var?

- Türkiyə ilə ŞKTC arasındakı münasibətləri iki adi dövlətə əsaslanan münasibətlər kimi qiymətləndirmək olmaz. Bunu Azərbaycan və Türkiyə münasibətləri kimi qiymətləndirmək lazımdır. Bu münasibət eynilə ŞKTC ilə Azərbaycan arasında da mövcuddur. Bu əlaqələr qarşılıqlı sevgi, hörmət, inam və qardaşlığa əsaslanır.

Təbii ki, Türkiyə və Azərbaycan bizim üçün xüsusidir. Amma Türk Dövlətləri Təşkilatı sayəsində bütün türk dövlətləri ilə əlaqələrimiz yaxşılaşmağa başladı. Şimali Kipr Türk Cümhuriyyəti mütləq əvvəlcə milləti, sonra türk dövlətlərini, sonra bütün dünyanı qucaqlamağa nail olacaq.

- Şimali Kipr Türk Respublikasının müstəqilliyinin ölkələr arasında tanınması üçün hansı işlər görürsünüz?

- Şimali Kipr Türk Cümhuriyyəti olaraq beynəlxalq hüququn bir parçası olmaq, dünya ölkələri ilə siyasi, iqtisadi, sosial və mədəni əlaqələr qurmaq, bir sözlə, dünyada layiqli yerimizi tutmaq üçün bütün addımları atırıq.

Ən mühüm addımlardan biri də Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyə qəbul edilməyimiz oldu.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 76-cı və 77-ci Baş Assambleyasında ŞKTC-nin tanınmasına çağırış edib. Bu, Türkiyə prezidentinin BMT-də ilk tanınma çağırışıdır. Bu, bir tarixdir. Nümayəndələrimizin Azərbaycana səfəri, TDT görüşləri, Özbəkistan, Qırğızıstana səfəri bu məqsədə doğru atılan yeni addımlardır.

Düşünürəm ki, son bir neçə ildə böyük irəliləyiş əldə olunub. Təbii ki, bu proses asan deyil. Biz türk dövlətləri olaraq daha möhkəm birlik nümayiş etdirməliyik. Bununla ŞKTC-ni dünyada tanıda bilərik. Can Azərbaycan hər zaman dəstəyini nümayiş etdirib və gözləntimiz də bu istiqamətdədir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər