24 Yanvar 11:46
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Rəqabət Məcəlləsi Qanununu təsdiqləyib. Bu, olduqca ciddi qanundur. Məcəllənin qəbul edilməsi üçün böyük səylər göstərilib. Milli Məclisdə qanun layihəsi müzakirə edilən zaman müəyyən təkliflər səsləndirildi. İqtisadiyyat Nazirliyi və Dövlət Antiinhisar Xidməti ilə bu barədə geniş müzakirələr aparıldı.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

“İlkin mərhələ üçün Rəqabət Məcəlləsi haqqında qanunun qəbulu məqbul hesab edilir. Qanunun altı ay və bir illik zaman kəsiyində iqtisadiyyata necə təsir göstərdiyi təhlil olunacaq. Monopoliya və inhisarçılığa qarşı bu qanunun rolunun olacağı gözləntiləri var” - deyə qeyd edib.

Millət vəkili hesab edir ki, Məcəllənin işlək qanuna çevrilməsi təmin olunmalıdır:

“Bu qanun işləməlidir. Antiinhisar Komitəsində müvafiq komissiyanın yaradılması nəzərdə tutulur. Həmin komissiya məhz bu işlə məşğul olacaq. Qanun işlədikdən sonra dinləmələrin keçirilməsi təklifi irəli sürüləcək. Yəni qanunun icrasından sonra daxili bazarda hansı dəyişikliklərin baş verdiyi, inhisarçılıq hallarına qarşı görülən işlər təhlil olunacaq. Sözsüz ki, qanun problemin tam aradan qalxmasına kömək edə bilməz. Problemlər zamanla həllini tapacaq məsələdir”.

Vahid Əhmədova görə, gözləntilərin doğrulması qanunun icrasından asılıdır:

“Ona görə də, qanunun icra müddətini gözləmək lazımdır. Ümumilikdə müsbət addımdır. Rəqabət məsələsi başlıca prinsip kimi önə çəkilir. Çünki rəqabət olmayan yerdə azad, lideral ticarətdən danışmaq çox çətindir”.

Xatırladaq ki, Milli Məclisin ötən il dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər