26 Yanvar 16:46
7 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA-dakı məlum səsvermədə Azərbaycanın yanında kimlər yer aldı? Qarşı çıxanların fonunda prosesdə bitərəf qalanları çəkindirən məqamlar nə oldu?

- Həmin iclasda üzv ölkələrə ciddi təzyiq göstərildi ki, onlar faktiki olaraq istədikləri qərarı verməsinlər. Bunun üçün həmin ölkələrə qarşı cəhdlər edildi. Amma qardaş Türkiyə ilə bağlı bu variant keçmədi. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Səsvermədə, ondan sonrakı çıxışda da Türkiyə öz münasibətini göstərdi. Faktiki olaraq Avropa Şurasında görülən işlər, atılan addımlar Türkiyə ilə birgə həyata keçirilmiş məsələlərdir. Təəssüf ki, əksər ölkələr bu şouda iştirak etmək istəmədilər. Sadəcə olaraq zalı tərk etdilər. Səsvermədə iştirak etmədilər. Azərbaycana qarşı hansısa tədbirlərin tətbiq olunması ilə bağlı öz qəti etirazlarını bildirmədilər.

- Daha çox hansı ölkələrin bu sırada yer alması təəccüblü oldu?

- Qonşu Gürcüstanın, Moldovanın Azərbaycanın yanında yer almaması düzgün deyildi. Biz başa düşürük ki, onlara ciddi təzyiqlər var idi. Amma bu ölkələr hər bir halda bu məsələyə etiraz edə bilərdilər.

- Ukrayna nümayəndəsinin çıxışı etməsi, ancaq səsvermədə iştirak etməməsi necə izah oluna bilər?

- Sessiyada Ukrayna nümayəndəsi çox gözəl çıxış etdi. Çıxışının sonunda “Yaşayın Azərbaycan” ifadəsini də işlətdi. Amma Ukrayna nümayəndə heyəti də layihənin əleyhinə səs vermədi. Sadəcə olaraq səsvermədə iştirakdan imtina etdi.

- Neçə ölkə bu cür addım atdı?

- Təxminən 20-yə yaxın ölkə Ukrayna kimi hərəkət etdi. Səsvermə zamanı sadəcə olaraq zaldan çıxdılar. Onlar da həmin şouda iştirak etməmək üçün bu qərarı verdilər.

- Səsvermə niyə bu şəkildə aparıldı?

- Bu prosesdə də ciddi təzyiqlər var idi. Digər məqam isə indi Qarabağ məsələsinin “insan haqları” adı altında gizlədilməsidir. Onların hiyləgər addımı məhz bu idi. Düşünürdülər ki, Qarabağ məsələsini gündəmə gətirsələr hamı bunun əleyhinə çıxacaq. Çünki Qarabağı hamı Azərbaycan torpağı kimi qəbul edib. Ona görə də, “insan haqları” adı altında gediş etdilər.

- Bu faktordan ölkələri çəkindirən cəhət nədir?

- Avropa Şurasında insan haqları məsələsi gündəmə gələndə ölkələr bundan bir balaca çəkinirlər. Ona görə də, belə bir hiyləgər oyun oynadılar. Bu, əslində Avropa Şurasının ölkələrə qarşı riyakarlığının sübutudur. Məhz bu baxımdan verilən “qərar” Avropa Şurasının iç üzünü açdı. Məlum oldu ki, onlar üçün heç bir dəyər yoxdur. Onlar bu dəyərlərdən təzyiq kimi istifadə edirlər. Bu səsvermə də bunun bariz nümunəsidir.

- Əsas məqsəd, hədəf nədən ibarətdir?

- Məqsəd “insan haqları” adı altında əllərində olan təzyiq alətindən ölkələrə təsir göstərib onların daxili işlərinə müdaxilə etməkdir. Reallıq məhz bundan ibarətdir.

- Bu qərarla AŞPA nə itirəcək?

- Bir müddət keçdikdən sonra onlar özlərini necə çətin vəziyyətə saldıqlarını dərk edəcəklər. Misal üçün artıq Azərbaycan AŞPA-da yoxdur. Onlar isə hakimləri, baş katibi seçməlidirlər. Azərbaycanın iştirakı olmadan seçki olsa belə bunun işlək mexanizminin necə olacağı müəyyənləşməyib. Çünki Avropa İnsan Haqqları Məhkəməsi hansısa bir qərarı qəbul etmiş olsa, Azərbaycan bu qərarı necə yerinə yetirə bilər? Azərbaycan nümayəndəsi orada işləyən hakimə səs verməyibsə, bu mümkün olmayacaq. Sözsüz ki, bunu düşünməyiblər.

- Azərbaycan üçün bu qurum nə qədər faydalı olub? AŞPA-sız nə itiririk?

- AŞPA-da keçmiş Dağlıq Qarabağ problemini Azərbaycan nüməyəndə heyətinin rəhbəri olaraq illər boyu təqdim edirdim. Amma buna fikir vermirdilər. İndi isə Azərbaycan özü torpaqlarını azad edib. Bizə Avropa Şurası meydança kimi lazım idi. Həmin məsələ də artıq bitdi. İndi onlar Azərbaycanla necə münasibət qurmaq haqqında fikirləşsinlər. Hər iki tərəfə sərf edən münasibəti necə quracaqları ilə bağlı gözlənti də yoxdur.

- AŞPA ilə ATƏT-in Azərbaycanla bağlı bölüşə bilmədikləri məqamlar hansılardır? ATƏT-in seçkiyə müşahidəçi kimi çağırılması AŞPA-nı niyə qıcıqlandırır?

- Demək istəyirlər ki, Azərbaycana bizdən başqa kim getsə hamısı pisdir, korrupsiya ilə edilib. İddia edirlər ki, həqiqəti yalnız onlar bilir, qalan hamı yalan danışır. Bu ya uşaqlıq etməkdir, ya da xəstəlik əlamətidir. Adamların üzünə baxıb bunu düşünmək də olmur. Çünki siyasətçi olasan (Almaniyalı deputat Frank Şvabe nəzərdə tutulur) və gəlib belə məntiqsiz bəyanatlar verəsən... Axı bunların heç bir reallığı əks etdirmir. Bu yanaşmaları şərh etməyə adam söz də tapmır. Gör o nə dərəcədə qeyri-ciddi adamdır ki, AŞPA-nı Azərbaycan seçkiyə müşahidəçi kimi dəvət etmədiyinə görə az qala bütün dünyanı ittiham edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər