3 Fevral 19:36
266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 1-də cənab Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Görüşdə çıxışı zamanı ölkəmizin Başçısı Azərbaycan və Ermənistan arasında münasibətlərin hazırkı vəziyyəti, Avropa Şurasının ölkəmizə qarşı riyakar, qərəzli münasibəti ilə əlaqədar bir çox önəmli məqamlara toxunub, mühüm mesajlar verib. Cənab Prezident çıxışında xüsusilə Avropa Şurası Parlament Assambleyasının addımlarının dialoqa xidmət etmədiyini və bu cür təşəbbüslərin parlament platformasının ənənələri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri də bu idi ki, bu təşkilat işğal faktına aydın və qətiyyətli reaksiya versin, ona son qoyulması üçün Ermənistana qarşı konkret addımlar atılsın. Bu, Azərbaycanın Avropa Şurasından əsas gözləntiləri idi. Lakin faktiki olaraq bizim Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı. Çünki bizə qarşı ikili standartlar siyasəti davam edir. Artıq elə bir zaman gəlib çatıb ki, nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalmayıb. Şübhəsiz ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Əks təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılması qaçınılmazdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, bu gün bir sıra beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası və Avropa İttifaqı özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərirlər. Görəsən, bu qurumlar otuz ilə yaxın bir dövrdə bir milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasını görmürdülərmi? Axı, hər dəfə bu qurumların nümayəndələri ölkəmizə gələndə öz doğma ata-baba ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərlə görüşür, onların yaşayış tərzləri ilə yaxından tanış olurdular.

Fəaliyyətsizliyi ilə Azərbaycan xalqının yaddaşında qalmış keçmiş Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Nəticədə Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Hazırda Azərbaycan və Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. Cənab Prezidentin dediyi kimi “İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”. Məlumdur ki, Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində Azərbaycanın ərazi bütövlüyünə təhdid yarada biləcək çağırışlar mövcuddur. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət haldır. Şübhəsiz ki, qeyd olunan sənədlərdə müvafiq dəyişikliklər edildiyi təqdirdə, iki ölkə arasında sülhə nail oluna bilər. Əlbəttə, sülhün əldə olunması Cənubi Qafqazda davamlı sabitlik və tərəqqi baxımındam mühüm əhəmiyyət kəsb edir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Teleqraf.com