6 Fevral 13:02
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan bölgələr siyahısına daxil etməsi heç bir fakta söykənmir. Əslində Amerika Rusiyanın Cənubi Qafqaz siyasətini yaxşı başa düşür. Vaşinqton məhz bu kontekstdə Azərbaycanla Ermənistan arasında təcili sülh müqaviləsinin imzalanmasını təklif edib. Amma indiyə kimi bu istiqamətdə ciddi addım atılmayıb.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Amerika təhlilçiləri də hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi uzanırsa, Rusiya bölgədə öz təsirini gücləndirmək üçün yeni bir müharibənin başlamasında maraqlı ola bilər. Bakı ilə İrəvan arasında yeni müharibə fövqündə Rusiyanın vasitəçi kimi yerini möhkəmlətmək ehtimalları dəyərləndirilir”, - deyə o qeyd edib.

Partiya sədrinə görə, ABŞ-nin ehtimalları Rusiyanın Qafqaz siyasəti ilə bağlıdır:

“Bu kontekstdə iki ölkə arasında qısa zamanda sülhün əldə edilməsi üçün təcili addımlar atılmalıdır. Hələ də Ermənistanın işğalında olan 8 kəndlə bağlı birmənalı mövqe sərgilənməlidir. Qazaxın anklav olmayan 4 kəndi danışıqlar yolu ilə təhvil verilməlidir. Anklavlarla bağlı isə proseslərin tez bir zamanada yekunlaşmasına nail olmaq lazımdır”.

Sərdar Cəlaloğlu bildirib ki, müharibə ritorikası ilə bağlı yaradılan təsəvvürlər yanlışdır:

“Bir çox qüvvələr Azərbaycanı aqressiv obrazda təqdim etməyə çalışır. Bunun fonunda da Qərb ölkələri Ermənistanı daha çox silahlandıra bilər. Ona görə də, bu kimi məsələlərdə olduqca həssas olmaq lazımdır. Müharibə ritorikası heç kəsə sərf etmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər