9 Fevral 10:57
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva işğaldan azad olunan Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlığın aşkar edilməsi faktı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, müvəkkil Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, deportasiya, terror siyasəti nəticəsində minlərlə soydaşın məhz etnik və dini nifrət zəmində qətlə yetirildiyini, əsir və itkin düşdüyünü, girov götürüldüyünü xatırladıb:

"Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib. Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkar edilməsi faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir".

S.Əliyeva bildirib ki, dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib, çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb: "Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verməli, cinayətlərin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər