Türkiyə istehsalı olan “Akıncı” hücum PUA-larının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi mühüm hadisədir. Bu il iki qardaş ölkə arasında əldə edilmiş razılaşmaya əsasən xeyli silah-sursat Azərbaycan Ordusunun inventarına daxil ediləcək. Eyni zamanda iki ölkənin hərbi məhsulları birgə istehsalı da nəzərdə tutulub.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, bu il və gələn il Azərbaycan və Türkiyə Ordusu eyni ritimdə çalışacaq: “Bu yaxınlarda Bakıda səfərdə olan Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar bir millət, iki dövlət anlayışının yaxın vaxtlarda əsas hədəfinin iki dövlət, bir ordu prinsipi olacağını söylədi. Bu, mühüm ifadə idi. Sözsüz ki, bu bir mesaj olmaqla yanaşı, əsas hədəfləri göstərən tezis hesab edilir”, - deyə o qeyd edib.
Polkovnik bu günə qədər "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının Ordumuzun arsenalında yer aldığını söyləyib:
“İndi isə Azərbaycanın qardaş Türkiyədən “Akıncı” hücum PUA-larını alması ölkəmizin Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını daha da genişləndirəcək. Eyni zamanda Türkiyədən Ordumuz üçün bəzi avadanlıqlar, silah-sursatın göndərilməsi bundan sonra da davam edəcək”.
Üzeyir Cəfərov hesab edir ki, iki ildə Azərbaycan qardaş Türkiyə ilə birgə Ordu strukturları, rəhbərliyi, hərbi hissə, komando, dəniz və hava qüvvələri ilə bağlı mühüm addımlar atacaq:
“Qarabağ məsələsi həll olunsa da arxayınlaşmaq, hər şeyin bitdiyini düşünmək olmaz. Bu mənada Azərbaycan Ordusunun inventarına daxil edilən “Akıncı” hücum PUA-ları qonşulara verilən vacib mesajdır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Baykar Bayraktar Akıncı, Türkiyədə yerləşən müdafiə sənayesi şirkəti Baykar Defence tərəfindən hazırlanmış, yüksək hündürlükdə uzun dayanıqlılıq (HALE) sinifinə malik silahlı pilotsuz hava vasitəsidir. Onlar ilk dəfə 29 avqust 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olublar. Akıncı iki turboprop mühərriki ilə maksimum uçuş çəkisi 5500+ kq-dır. Bunun 1350+ kiloqramı faydalı yükdən ibarətdir. Hava-hava döyüşü apara bildiyi üçün ona Hücumedici Pilotsuz Hava Vasitəsi (TIHA) da deyilir. Akıncı elektron dəstək və əks tədbir sistemləri, ikili peyk rabitə sistemləri, hava-hava radarı, toqquşmadan yayınma radarı və milli olaraq hazırlanmış sintetik diafraqma radarı ilə təchiz edilib.