20 Fevral 20:38
2 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Burada görüşün təşkilatçısı kimi Almaniyanın rolu daha çox önə çəkilir. Yeni vasitəçi rolunda da Berlinin iştirakından danışılır...

- Əslində Münxendə Almaniya vasitəçilik etməyib. Sadəcə olaraq görüş Almaniyada keçirildiyinə görə, ev sahibi kimi kansler Olaf Şolz da burada iştirak edib. Şolz burada vasitəçi deyildi və danışıqlarda iştirak etmirdi. Münxendə sadəcə olaraq ikitərəfli danışıqlar baş tutub. Ev sahibi kimi Şolz bu prosesdə təşkilatçı kimi bir neçə dəqiqə yer alıb. Qalan məsələləri Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri ikitərəfli qaydada müzakirə edib.

- Azərbaycan Avropa İttifaqı səviyyəsində olan görüşlərdən haqlı səbəblərə görə imtina edirdi. İndiki halda Almaniyanın bu prosesdə yer almasına Bakının reaksiyası necə olacaq?

- Bakı Avropa İttifaqı səviyyəsindəki görüşlərdən Almaniyaya görə deyil, Fransaya görə imtina etmişdi. Çünki Fransa prezidenti Emmanuel Makron heç bir əsas olmadan prosesə müdaxilə edirdi. Sözsüz ki, Ermənistana bu sərf edirdi. Amma Azərbaycan buna razı ola bilməzdi. Ona görə də, Bakı onların vasitəçiliyini qəbul etmirdi. Şolz isə Münxendə vasitəçi deyil, xoşməramlı ev sahibliyi edib.

- Münxen razılaşmasının nəticəsi olaraq Xarici İşlər Nazirliklərinə təlimatların verildiyi açıqlandı. Bunu adi prosedur qaydası və yaxud nəticəyə yönəlmiş addım hesab etmək olarmı?

- Bakı ilə İrəvan arasında ikitərəfli qaydada ötən ilin dekabrında əməli nəticə əldə edilmişdi. Saxlanılanların qarşılıqlı olaraq təhvil verilməsi və Ermənistan Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı etirazını geri götürmüşdü. Bundan sonra delimitasiya üzrə komissiyanın iclası keçirilib. Artıq göstəriş verilib ki, görüşlər xarici işlər nazirləri səviyyəsində də aparılsın. Çox güman ki, bu görüş ABŞ-də ikitərəfli qaydada olacaq. Burada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə bilər. Həmin görüşdə isə Amerika iştirak etməyəcək. Sadəcə görüş ABŞ-də olacaq.

- Rusiyanın prosesdə yer alması ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycan Ermənistanla görüşlərin ancaq ikitərəfli qaydada aparılmasında maraqlıdır. Sözsüz ki, Rusiya vurnuxur ki, prosesdə tərəf kimi çıxış etsin. Amma Bakı hələ buna imkan vermir.

- Moskva iddia edir ki, Bakı ilə İrəvan harada, necə razılığa gəlməsindən asılı olmayaraq onların sərhədlərlə bağlı istinad etdiyi xəritələr Rusiyadadır. Belə olan halda Kremlin prosesdə məcburi iştirakı sanki qaçılmaz görünür...

- Bunlar nağıl sevən adamların uydurmalarıdır. Müasir dövrdə, hansısa dövlətin müəyyən xəritələrə malik olması mümkün deyil. Bu gün Google MAP proqramında kosmosdan Azərbaycan və Ermənistanın, hətta dünyanın istənilən ölkəsinin ərazisi çəkilib, göstərilir. Ona görə də, Moskvanın hansısa xəritələrdən danışması mənasızdır. Hətta video-bloggerlər artıq öz proqramlarında ölkələrin xəritələrini, sərhədlərini koordinatları ilə açıq göstərə bilir. Keçmiş sovet dövründə hərbi sirr mövcud idi. Bu, qanunla tənzimlənirdi. İri miqyaslı xəritələr o vaxt qadağan edilmişdi. Bunu ancaq hərbidə istifadə etməyə icazə verilirdi. Amma bəzi sovet alimlərinə iri miqyaslı xəritələr lazım idi. Onlar isə xaricə ezamiyyətə gedərkən Londonun kitab mağazalarından sovet ərazisində qadağan edilmiş həmin xəritələri alırdılar. Halbuki o xəritələr keçmiş SSRİ-də hərbi sirr sayılırdı. Ona görə də, hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar və sərhədlərin dəqiqləşməsi üçün heç bir xəritəyə ehtiyac yoxdur. Bütün xəritələr Bakıda və İrəvanda mövcuddur.

- Zəngəzur dəhlizi ilə bağlı gözləntilər nədən ibarətdir? Görünən odur ki, dəhlizlə bağlı əsas hədəflər bir qədər arxa plana keçib. Bu hansı səbəblərlə bağlıdır?

- ABŞ Ermənistana tapşırıq verib ki, Zəngəzur dəhlizini açmasın. Çünki bu dəhliz açılsa, Çin üçün Avropaya quru yolu açılmış olacaq. Beləliklə, Pekinin dəniz yollarından asılılığı azalacaq. Dəniz yollarına isə Amerikanın nəhəng donanması nəzarət edir. Ona görə də, Zəngəzur dəhlizi geosiyasi rəqabət məsələsidir. Paşinyan ölkəsini yarımblokada vəziyyətində saxlamasına baxmayaraq, dəhlizin açılmasına imkan vermir. Əslində dəhlizin açılması ilə Ermənistan iqtisadiyyatı böyük fayda götürə bilər. Belə olan halda Azərbaycan İran ərazisindən istifadə etməklə Naxçıvana çıxış əldə edəcəyini bildirib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər