4 Mart 19:36
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, geosiyasi toqquşmalar kontekstində Zəngəzur dəhlizi amili daha qabarıq görünür. Bölgə ilə bağlı fərqli qütblərin kəsişən maraqları nədən ibarətdir?

- Mərkəzi Avrasiyanın orta xətti hazırda qlobal müstəvidə ciddi mübarizə meydanıdır. Bu kontekstdə ayrı-ayrı beynəlxalq güclər bölgədə fəallaşıblar. Dünyanın bir çox nöqtələrində bu mübarizə davam edir. Bu hal Okeaniyada, Süveyş kanalı ətrafında, Hind okeanı ölkələri ətrafında müşahidə edilir. Uzaq Çindən Böyük Britaniyaya, bir okeandan digər okeana kimi kommunikasiya xəttinin Şimalı və Cənub hissəsində ciddi şəkildə münaqişələr mövcuddur. Orta xətt uğrunda mübarizə də qaçılmazdır. Məsələlərə həm də bu prizmadan yanaşmaq lazımdır. Onlar hazırda Zəngəzur uğrunda mübarizə aparır. Üçtərəfli razılaşmanın icra edilməməsi, Zəngəzur dəhlizinin açılmamasının səbəblərindən biri də məhz bu xətt uğrunda gedən savaşla bağlıdır.

- İndiki halda Qərbin Ermənistanı silahlandırmaqda məqsədi nədir. Cənubi Qafqazda geosiyasi vəziyyəti yeni hərbi eskalasiya ilə dəyişmək kimlərin marağına xidmət edir?

- Hindistanın belə Ermənistanı silahlandırması heç də qəribə görünməməlidir. Bu ölkə son zamanlar Avropa ilə Asiya arasında yeni layihələri hədəfləyən bəyanatlar səsləndirir. Məhz bu kontekstdə Hindistanın əsas məqsədi tamam aydındır. Fransanın da burada müəyyən maraqları var. Belə olan halda Ermənistanın silahlanması, Avropada bununla bağlı verilən bəyanatlar kommunikasiya xəttlərinin bərpasına inhisarlığı ələ almaq niyyətləri ilə bağlıdır.

- İrəvandan Rusiyaya qarşı demarşın güclənməsinə səbəb nədir? Ermənistanı Kremlə qarşı açıq mübarizəyə yönəldənlər nə məqsəd güdür?

- Burada Rusiyaya qarşı geosiyasi mübarizə, Rusiya-Ukrayna müharibəsi fonunda cəld bir şəkildə Cənubi Qafqaza daxil olmaq niyyətləri var. Qərbdə düşünürlər ki, bunun üçün indi yaxşı bir məqam yetişib. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasının üzvləri də bu vədlərə inanıblar. Onların Almaniya və Fransa səfərlərindən sonra anti-Rusiya bəyanatlarının geniş vüsət aldığı müşahidə edilir. Artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı açıq şəkildə erməni tərəfi çəkinmədən bəyanatlar verir. Bütün bunlar onu göstərir ki, hansısa məqamlarda onları ürəkləndirən, cəsarətləndirən məqamlar var.

- Rusiyanın bu davranışlara sona kimi səbrlə yanaşacağı gözlənilirmi? Moskvanın İrəvanın ərköyünlüyünə qarşı mövqeyi necə olacaq?

- İrəvandakı hava limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı Ermənistanın müxtəlif dövlət rəsmilərinin bəyanatı var. “KTMT-də Ermənistan artıq iştirak etmir” - deyən Nikol Paşinyanın açıqlamaları Rusiya ilə vəziyyəti gərginləşdirəcək məqamlardır. Rusiyanın Paşinyana qarşı atacağı addım fonunda Ermənistanda kimin hakimiyyətə gələcəyi ilə bağlı isə suallar açıq qalır. Bu elə bir adam olmalıdır ki, o Ermənistanda Rusiyanın maraqlarını təmin edə bilsin. Hələlik, Rusiya Ermənistana qarşı sərt adımlar atmayacaq. İrəvan Ukrayna və Gürcüstan kimi Avropa İttifaqına namizədliyi ilə bağlı qərar çıxardarsa və Paşinyan növbəti dəfə Rusiyanın qırmızı xəttini keçəcək açıqlamalar verərsə, bu ölkənin dövlətçiliyi sual altına düşəcək. 2026-2030-ci illər məhz bu kontekstdə Ermənistan dövlətinin Cənubi Qafqazda varlığı ciddi şəkildə Rusiya tərəfindən sual olunası məqama çevirələcək.

- Baş verənlərin sülh prosesinə, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə təsiri necə olacaq?

- Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Hələlik sülh müqaviləsi imzalanmayıb. Hər iki ölkənin şərti sərhəddində gərginlik ehtimalları qalır. Paşinyan Azərbaycanla sülh razılaşmasına imza atarsa, bu onun yararına olacaq. Eyni zamanda Rusiyanın da Paşinyanı devirmək niyyəti yoxdur. Əslində Ermənistandan Rusiya əleyhinə olan bəyanatlar Moskva üçün heç bir təhdid yaratmır. Əksinə Hindistan və Fransadan silah alan Ermənistan Azərbaycan üçün təhdid hesab olunur.


Müəllif: Tapdıq Qurbanlı