11 Mart 16:04
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Paris bu gün prezident Emmanuel Makronun “siyasi kursu”nu özündə əks etdirən xətt yürüdür. Makronun qiymətini NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen verib. O bildirdi ki, Makron boş-boş danışmaqla məşğuldur. Bunu Avropa siyasi mətbəxini yaxşı bilən şəxs deyib. Ona görə də, Makronun boş-boş danışıqlarla nəinki digər dövlətlər, ilk növbədə Fransa və Avropanın özü üçün problemlər yaratdığı gün kimi aydındır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu gün Fransanın daxili və xarici siyasəti böhran keçirir:

“Vaxtilə Şarl de Qol, Jorj Pompidu, Fransua Mittera və digərlərinin həyata keçirdiyi düşünülmüş siyasəti Makron alt-üst etdi. Fransanın yox, Makronun xarici işlər nazirliyinin Azərbaycanla bağlı verdiyi “bəyanat” beynəlxalq hüquqa ziddir. Belə bir təəssürat yaranır ki, Fransa beynəlxalq hüququn əlifbasını keçməlidir. Beynəlxalq hüquq ölkələrin bir-birinin daxili işlərinə qarışmamağı, sabitlik, əmin-amanlıq, sülh uğrunda əməkdaşlığı ehtiva edir”.

Millət vəkili bildirib ki, bu amillər Fransanın indiki siyasətində müşahidə edilmir:

“Tək Azərbaycanla deyil, digər dövlətlərlə də Fransa konflikt vəziyyətindədir. Makronun siyasəti Fransanın Afrikadan biabırçı şəkildə çıxarılmasına səbəb oldu. Türk dünyası ilə Fransanın konflikt yaşamasına yol açdı. Bu, eyni zamanda Avropanın siyasi birliyinin əldə edilməsinə böyük maneədir. Fransa bu gün Makron dövrünü yaşayır. Ondan sonra Fransada olacaq dövlət başçıları Makronun nə qədər səhv siyasət yeritdiyinin fərqinə varacaq. Makronsayağı siyasətlə digər ölkələrlə dostluq qurmaq mümkün deyil”.

Aydın Mirzəzadə vurğulayıb ki, Fransa bu gün Azərbaycanı özündən uzaqlaşdırmağa çalışır:

“Azərbaycan Fransasız keçinə bilər. Amma Fransa Azərbaycansız bu regionda, islam dünyasında, şərq aləmində ciddi nailiyyətlər əldə edə bilməz. Azərbaycan regionda böyük nüfuza malikdir. Bu gün ölkəmiz ciddi tərəfdaş kimi qəbul edilir. Avropa üçün sınanılmış tərəfdaşlardan biridir. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycan beynəlxalq təşkilatlara rəhbərlik etmək təcrübəsinə malikdir. Belə olan halda Makron Fransasının 8 mart “bəyanatı” çox cılız, acınacaqlı görünür. Dünya zəif, təcrübəsiz konfliktli rəhbər olduğu dövrdə ölkənin hansı mürrəkkəb vəziyyətə düşdüyünün şahidi olur”.


Müəllif: Tapdıq Qurbanlı