Məlumdur ki, Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Qardaşlıq bağlarımızı hüquqi səviyyədə də gücləndirdik. Bu bəyannamə çərçivəsində Türkiyə Azərbaycanın nəyə ehtiyacı varsa, bundan sonra da hər cür dəstəyi verəcək.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı Teleqraf.com-un sualını cavablandırarkən deyib.
"Bəzi dövlətlərin "Ermənistana dəstək verərkən hədəf Azərbaycan deyil" deyə səsləndiyinən fikirlərə inanmırıq. Bunlar Yunanıstan və Rum kəsiminə də dəstək verərkən "hədəfimiz Türkiyə deyil" deyə eyni ifadələri səsləndirirdilər. Regionun iqtisadi inkişafına, hansısa layihələrə dəstək verə bilərlər. Amma hərbi və digər sahələrdə dəstəyin nə bölgəyə, nə də Ermənistana faydası olar. Buna əvvəllər də cəhd etdilər, amma nəticəsiz qaldığını gördülər. Bu cür addımlar əvəzinə, sülhü dəstəkləmələri hər kəsin, əsasən də Ermənistanın marağına uyğundur", - qeyd edib.