4 Aprel 08:44
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, qarşıda gözlənilən ABŞ, Ermənistan və Avropa İttifaqı rəsmilərinin görüşü barədə məlumat verib. Həmçinin bu görüşün Azərbaycana qarşı olmadığı, bundan başqa görüşün siyasi, hərbi deyil də, iqtisadi xarakter daşıdığı qeyd olunub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, burada əsas məqam ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng etməsidir: “Bu birbaşa olaraq cənab İlham Əliyevin siyasi çəkisi, nüfuzunu göstərən amildir. Çünki Cənubi Qafqazın lider ölkəsi məhz Azərbaycandır və dövlətimiz olmadan regionda hər hansı siyasi məsələnin həyata keçirilməsi mümkünsüzdür. Blinken Prezident İlham Əliyevlə danışıq zamanı bir daha əmin edib ki, görüşdə yalnız Ermənistana iqtisadi dəstəyin göstərilməsi məsələsi müzakirə olunacaqdır. Bu, ABŞ-nin Azərbaycanla olan münasibətlərinə xüsusi önəm verdiyinin təzahürüdür. Öz növbəsində Azərbaycan Prezidenti də son zamanlar Ermənistan tərəfindən göstərilən təhdidlər, Azərbaycana qarşı qarayaxmalar haqqında Blinkenə məlumat verib. Bildirib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq”.

Millət vəkili bildirib ki, aprel 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüşdə müzakirə olunacaq məsələlələr yaxın zamanda Cənubi Qafqaz regionunda ciddi təhdidlər yarada bilər: “Beləki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdığı indiki mərhələdə Ermənistanı silahlandırmaq, İrəvana cəsarət vermək davamlı sülhün təmin olunmasına ciddi zərbə vurur. Aydın məsələdir ki, bu konfrans Ermənistanı sülhə təşviq etmək yox, regionda seperatist, bölücü meyilləri daha da gücləndirmək və dırnaqarası təsir dairələri yaratmaq məqsədi güdür. Ermənistanda revanşist əhval-ruhiyyədə olan qüvvələr bu konfransdan ürəklənərək, ölkəmizə qarşı yeni təxribatlara can ata bilər. Belə olan halda Aİ və ABŞ Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən hər hansı bir təxribatın məsuliyyətini bölüşəcək”.

Deputat hesab edir ki, sözügedən konfrans haqqında ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin “Brüssel görüşü Ermənistanın iqtisadi müstəqilliyinin artırılmasına yönəlib" bəyanatı ABŞ-ın məkrli niyətlərini pərdələmək üçün uğursuz cəhdlərindən biridir: “Burada məqsəd Rusiyanın Cənubi Qafqazdakı tarixdən gələn təsir imkanlarını və gücünü zəiflədərək, çoxdankı arzularını reallaşdırmaq və Ermənsitanı Rusiyanın orbitindən tamamilə çıxarmaqdır”.

Tamam Cəfərova vurğulayıb ki, Azərbaycan bütün bu məsələlərin mərkəzində dayanır və həlledici rol oynayır: “ABŞ kimi dövlətlər və Aİ kimi təsisatlar Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır. Bu baxımdan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün unikal imkanların yarandığı bir vaxtda beynəlxalq aktorları regionda seperatist meyilləri gücləndirəcək destruktiv addımlar atmaqdan çəkinməyə çağırırıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər