Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Son aylarda Qazaxıstan və Ermənistan bir yaxınlaşma içindədir. Qazaxıstan xarici işlər nazirindən sonra Prezident Kasım-Jomart Tokayev də İrəvana səfər etdi. Sizcə, iki ölkəni yaxınlaşdıran nədir?
- Qazaxıstan və Ermənistan MDB, KTMT və Avrasiya İqtisadi Birliyi kimi formatlarda birgə təmsil olunur. Eləcə də Rusiyanın yaratdığı Gömrük İttifaqında əməkdaşlıq edirlər. Digər yandan, Ermənistan son ilyarımda Azərbaycanın yaxın münasibətlərdə olduğu ölkələrlə əlaqələrini inkişaf etdirməyə çalışır, xüsusən də Orta Asiyanın türk cümhuriyyətləri ilə. Həmin ölkələrin arasında Qazaxıstan da var.
Qazaxıstan xarici işlər naziri və prezidentinin İrəvana səfərinə gəlincə, ikitərəfli əməkdaşlığa maraq həm Ermənistan, həm də Astananın özü ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qazaxıstan yüklərinin daşınması üçün kommunikasiya xətlərini şaxələndirməyə çalışır. Bilirsiniz ki, Qazaxıstan neftinin hamısı Rusiya üzərindən daşınırdı, Moskva da zaman-zaman bununla bağlı Astanaya problemlər yaradırdı. Həmçinin Çindən başlayan yollarla yüklərin Rusiya üzərindən daşınması da məhdudlaşıb. Buna görə də, Qazaxıstan həm enerji resursları, həm taxıl, həm də digər yüklərinin daşınması üçün Orta dəhlizdən istifadə edir, Transxəzər beynəlxalq nəqliyyat layihəsini Azərbaycanla birgə reallaşdırır.
Qazaxıstan maraqlıdır ki, Güney Qafqazda sülh və sabitlik olsun. Bunun özünün də faydasına olacağını Qazaxıstan çox yaxşı bilir. Həmçinin Qazaxıstanın Azərbaycan və Gürcüstanla birgə icra etdiyi layihələr də var. İndi Astana Ermənistanla da münasibətlərini inkişaf etdirməklə öz maraqlarını təmin etməyə çalışır.
Bu səfərin Azərbaycan-Qazaxıstan münasibətlərinə təsirinə gəlincə, bunun mənfi təsirinin olacağını düşünmürəm. Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır, bir çox istiqamətlərdə münasibətlər inkişaf edir. Xüsusilə iki ölkə arasındakı ticarət dövriyyəsinin dəfələrlə artmasının şahidi oluruq. Digər yandan, Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu dəstək açıq şəkildə bəyan edilib. Tokayev martda Azərbaycanda olarkən bu yöndə önəmli açıqlamalar verib. Qazaxıstan prezidenti Türkiyə və Özbəkistandan sonra Şuşa və digər azad edilmiş ərazilərimizə səfər edən üçüncü xarici dövlət başçısı kimi tarixə düşüb. Həmçinin Qazaxıstan Füzulidə öz maliyyəsi hesabına mədəniyyət mərkəzi tikərək Azərbaycan vətəndaşlarının xidmətinə verib.
Bir sözlə, Qazaxıstan prezidentinin Ermənistana səfərinin ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir edəcəyini düşünmürəm. Eyni zamanda, Tokayevin İrəvanda sülh prosesi ilə bağlı verdiyi açıqlamalar mühüm əhəmiyyətə malikdir. Düzdür, bu səfər Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına həlledici təsir etməsə də, bunun müsbət təsirinin olacağını düşünürəm. Çünki Azərbaycanla Qazaxıstan arasındakı əlaqələr daha dərin köklərə malikdir. Bu əlaqələrin milli, dini, mədəni, tarixi və digər istiqamətlərdə dərin kökləri var.
Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır, Türk Dövlətləri Təşkilatında təmsil olunuruq. Bu təşkilatın aparıcı üzvlərindən biri Qazaxıstandır. Astana və Bakıda da bilirlər ki, dünya düzəninin dəyişdiyi bir vaxtda Türk Dövlətləri Təşkilatı aparıcı güclərdən biri olması üçün gücləndirilməli və inkişaf etdirilməlidir.
- Tokayev Astananın Bakı və İrəvan arasında sülh və ya dialoq platforması olmağa hazır olduğunu da söylədi. Belə bir gəlişmə mümkündürmü?
- Qazaxıstanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bir təcrübəsi var. Hələ 1991-ci ildə Qazaxıstan və Rusiyanın o vaxtkı prezidentləri Nursultan Nazarbayev və Boris Yeltsin Azərbaycana – Xankəndiyə səfər etmişdi. Əlbəttə, o zaman Qazaxıstanın bu missiyası uğurlu olmamışdı. Ermənilər Azərbaycanla münasibətləri normallaşdırmadılar.
Qazaxıstanın mövqeyinə baxqıda, bu istəyi təbiidir. İndi belə bir platforma ola bilərmi? Mümkündür. Ən azı Qazaxıstanın baxışı beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır, bu baxımdan, onun xüsusi bir maraq güdmədiyini deyə bilərik. Yəni belə bir gəlişmə mümkündür. Hətta Azərbaycan Gürcüstanın da belə bir təklifi ilə razılaşmışdı. Astanda da ola bilər. Hər halda buna tərəflər qərar verəcəklər.
Biz principcə Ermənistanla birbaşa danışıqların tərəfdarıyıq. Hesab edirik ki, bu, prosesi sürətləndirmək baxımdan daha əlverişli formatdır. Amma tərəflər vasitəçiyə ehtiyac duyacaqlarsa, Qazaxıstan müsbət rol oynaya bilər.
- Ermənistan parlamentinin komitə sədri Andranik Köçəryan Baş nazir Nikol Paşinyanın qondarma soyqırımı və bununla bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir doğru rəqəmin müəyyən edilməsi üçün araşdırmanın aparılmasına göstəriş verə bilər. Paşinyanın bu məqsədi nə ilə bağlıdır?
- Əgər belə bir məqam varsa, kifayət qədər ciddi məsələdir, tamamilə doğru qərardır. Çünki 1915-ci ildə 1.5 milyon erməninin öldürülməsi ilə bağlı iddia tamamilə saxtadır. Hətta ermənilərin ən yaxın müttəfiqi Fransanın bir kəşfiyyatçısı və jurnalistinin o zaman qələmə aldığı bir kitabı da var. Əslində, həmin kitabda erməni dəstələrinin törətdiyi qırğınlar aydın şəkildə əks olunub. Bu kitabda rəqəmin təxminən 300 min olduğu bildirilir, üstəgəl, fransız jurnalist ermənilər tərəfindən öldürülən müsəlman və türklərin sayının bundan qat-qat çox olduğunu yazır. O, ölən 300 min erməninin Osmanlı ordusunun keçirdiyi əməliyyatlar zamanı həyatını itirmədiyini xüsusi olaraq vurğulayır və qeyd edir ki, onlar Şərqi Anadoludan Suriya və Livana köçürülərkən müxtəlif silahlı qrupların hücumlarına məruz qalaraq ölüblər.
Hələ 15 il əvvəl İrəvan və Ankara normallaşmaya gedərkən, Türkiyənin o zamankı baş naziri və bugünkü Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Ermənistana müaraciət edərək, arxivlərin qarşılıqlı şəkildə açılmasını təklif etdi. Çünki ermənilər bilirlər ki, bu səsləndirilən rəqəmlər saxtadır. Birinci Dünya Müharibəsində 300 deyildi, sonra 500 oldu, 1960-cı illərdə qondarma soyqırımının öldönümündə bunu 1 milyona qaldırdılar, sonrakı illərdə 1.5 milyon etdilər. Həmin dövrdə Osmanlı ərazisində bu qədər erməninin yaşamadığı bəllidir, tarixi statistika var.
İndi Paşinyan belə bir təşəbbüslə çıxış edəcəksə, bu, erməni cəmiyyəti üçün inqilabi addım olardı. Əlbəttə, arxivlərin qarşılıqlı şəkildə açılması faydalı ola bilər.
- Sülh prosesi necə olacaq? Nikol Paşinyan “artıq razılaşdırılmış prinsiplər”lə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etdi. Proses bu nöqtəyə çatıbmı?
- Paşinyanın nə deməsindən asılı olmayaraq, təəssüf ki, mən nikbin deyiləm. Çünki Ermənistandan verilən açıqlamalar ziddiyyətlidir. Ermənistan xarici işlər nazirinin özü bir neçə gün əvvəl sülhə yaxın olmadığımızı, bunun bir neçə məqamla əlaqəli olduğunu söyləmişdi. Onun sözlərinə görə, ərazi bütövlüyünün qarşılıqlı tanınması, delimitasiya və kommunikasiyaların açılması ilə bağlı fikir ayrılıqları var. Bütün prosesin canı da elə budur. Azərbaycan iki ildir öz təkliflərini verir, bunlarda da 5 prinsip öz əksini tapıb. Bu prinsiplərin hamısı beynəlxalq hüquqa uyğundur. Paşinyanın fevralın 18-də Münxendə bir söz, bir neçə gün sonra Parisdə tam başqa bir söz deməsini nəzərə alsaq, onun bu dəfə nə qədər səmimi olduğunu söyləmək çətindir.
Paşinyan Münxendə söyləmişdi ki, sülh prosesinə yaxınıq. Amma bir neçə gün sonra Parisdə bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ağlasığmazdır. Nəhayət, aprelin 5-də Brüsseldə keçirilən görüş və bundan sonra səsləndirilən bəyanatlar xüsusi nikbinlik yaratmır.