17 Aprel 09:52
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran və İsrail arasında nə baş verdi? Tehranın günlərlə əvvəldən etdiyi hücum xəbərdarlığı, “hədəflər”ə çatmayan PUA və ballistik raketlər, vaxtında bu həmləyə qarşı İsrail, İordaniya və İraqda görülən hazırlıq – bütün bunların izahı nədir?

- İran öz simasını qorumaq istədi, amma alınmadı. Halbuki İsrail bir raket zərbəsi ilə İranın Suriyadakı konsulluğunu vurdu, nəticədə 2 SEPAH generalı və çoxlu sayda diplomatını öldürdü. İran isə yüzlərlə dron və raketlə bir İsrail hərbçisini vura bilmədi. Raketlərin əksəriyyəti İsrailə çatmamış havada məhv edildi.

Düzdür, İsrailə burada ABŞ, Britaniya, İordaniya, hətta Səudiyyə Ərəbistanı da yardım etdi, amma bütün hallarda, İran bir hədəfi vura bilmədi. Bundan sonra İranda reklam kampaniyası başladı ki, guya İsrailə ağır zərbələr endiriblər. Amma beynəlxalq aləm də gördü ki, bu cəhdlər nəticəsiz qalıb.

İranın bu kampaniyası Şimali Koreya millisinin dünya çempionatından sonrakı “oyun”larına bənzəyir. Şimali Koreya bütün oyunları uduzmuşdu. Amma milli ölkəyə qayıtdıqdan sonra Şimali Koreya dövlət televiziyası elan etdi ki, guya komada dünya çempionu olub.

İndi İranın davranışları buna bənzəyir, heç bir nəticə əldə etməyib, amma çal-çağır başlayıblar ki, guya İsrailə zərbə endiriblər. Özləri də qorxurlar, çəkinirlər, davamını istəmirlər. Ona görə İranın xarici işlər naziri bütün həmkarlarına zəng vurur ki, bizdən bu qədər.

İran vaxtilə “əfsanəvi general” adlandırdığı Qasım Süleymaninin də qisasını ala bilməmişdi. Hansı amerikalı hərbçini öldürdülər ki, adı “intiqam” olsun?! Sadəcə ABŞ-nin İraqdakı boş hərbi bazasına zərbə endirdilər. İndi də İsrailə heç nə edə bilmədilər.

Amma İranın əlində başqa vasitə var: proksi və terrorçu qruplaşmalar – “Hizbullah”, HƏMAS, “Ənsarallah” və sair. Tehran onların əlləri ilə İsrailə zərbələr endirməyə çalışacaq. Bu təşkilatların özləri də Tehrandan silah və pul almalarına baxmayaraq gördülər ki, İranın elə bir gücü yoxdur, raketləri keyfiyyətsizdir. İsrailin daha modern texnika, sistem və silahları var.

- Hadisələrin bundan sonrakı inkişafı necə olacaq?

- İki istiqamətdə ola bilər. Hər iki istiqamətə də İsrail Baş naziri Benyamin Netanyahu qərar verəcək. Birinci ehtimala görə, müvəqqəti atəşkəs elan olunacaq. ABŞ də müharibə istəmir. ABŞ Prezidenti Bayden ona görə Netanyahuya təzyiq edir ki, artıq bəsdir, sən vurdun, səni də vurdular. Üstəgəl, Bayden seçkiyə hazırlaşır, yeni müharibədə maraqlı deyil.

Netanyahunun özü də anlaya bilər ki, iki cəbhədə vuruşmaq çətindir – həm Qəzzada, həm də İranla. Bu baxımdan, müvəqqəti atəşkəs mümkündür. Amma bu o demək deyil ki, İsrail əlini İranın yaxasından çəkəcək.

İkinci variant da var. Netanyahu kifayət qədər sərt və mühafizəkar siyasətçidir, İrana zərbə yolunu da seçə bilər. Belə bir gəlişmə müharibəni alovlandırardı, Avrasiyada gərginliyi artırardı.

- İsrail niyə İranın Suriyadakı konsulluğunu vurdu?

- Əslində, konsulluq İran ərazisi sayılır. İsrail bundan əvvəl də Suriyada İranla əlaqələri hədəfləri vururdu, SEPAH generallarını öldürürdü. Amma ilk dəfə İranın ərazisi sayılan konsulluğa zərbə endirdi. Demək, İsrail sonrasını da hesablamışdı. Hesablamışdı ki, İran buna cavab verəcək, ardınca da İsrail öz addımlarını atacaq.

İsrailin bu prosesdə əsas məqsədi İranın nüvə fəaliyyətlərini əngəlləməkdir. Təl-Əvivdə hesab edirlər ki, İran yaxın müddətdə nüvə silahı əldə edə bilər, əldə edərsə, ilk hədəf İsrail olacaq. Amerika son illərdə bu məsələyə səthi yanaşır. Amma bu, İsraili narahat edir. Təsadüfi deyil ki, son illərdə İranın nüvə proqramı üzrə çalışan alimlərini öldürənlər İsrail xəfiyyələridir. Düzdür, İsrail bunu heç vaxt etiraf etməyib.

Digər yandan, İsrail etiraf etməsə də, onun da nüvə silahı var. Bu texnologiyaları 1960-cı illərdə Fransadan əldə ediblər. Yəni qarşıdurma müvəqqəti dayandırılsa da, bu, oyunun bitdiyi anlamına gəlmir. Oyun gedir, İsrail İrana birbaşa zərbələr endirməsə də, Suriyadakı hədəflərini vurmaqda davam edəcək.

- Hücumdan sonra İranın nüvə silahı əldə etməsi məsələsi gündəmdədir. Sizcə, molla rejiminə imkan verəcəklərmi ki, belə bir silahı əldə etsin, yoxsa artıq hazırdır?

- İki yanaşma var. Birincisi odur ki, artıq nüvə silahı, daha doğrusu “çirkli bomba” əldə edib. “Çirkli bomba” klassik nüvə silahı deyil. İkinci yanaşma budur ki, uranı zənginləşdirməyə davam etsə də, nüvə silahı əldə etməyə yaxın deyil.

Amma hadisələr ona doğru gedir ki, İrandakı rejim nüvə silahı əldə etməyə çalışacaq. “Nüvə silahı İslama ziddir” desələr də, nüvə proqramını davam etdirirlər. Məntiqləri budur ki, əsas düşmənləri İsrailin nüvə silahları varsa, İranın da olmalıdır. İran nüvə silahı əldə edərsə, Səudiyyə Ərəbistanı və qardaş Türkiyə də nüvə silahına yiyələnmək haqda ciddi düşünəcək. Yəni bölgədə nüvə dövlətlərinin sayı arta bilər.

İsrail ciddi şəkildə İranın nüvə silahına yiyələnməsinin qarşısını almağa çalışır. Əslində, müharibədə əsas məqsəd budur. Yəqin İsraildə onu da güman edirlər ki, İrana zərbələr endirilsə, daxildə mərkəzdənqaçma meylləri güclənəcək. Yəni İranın zəifləməsi və dağılması prosesi güclənəcək. Məsələn, Türkiyə bunda çox da maraqlı deyil. Türkiyə hesab edir ki, Suriyada olduğu kimi, İrandan da qaçqın axını ilə üzləşə bilər.

Bəzən deyirlər ki, İsrail müharibəyə başlasa, İran cəmiyyəti “ortaq düşmən”ə qarşı birləşəcək. Nümunə kimi də İran-İraq müharibəsini göstərirlər. Bəli, həmin səkkiz illik (1980-1988) müharibədə İran cəmiyyəti birləşmişdi. Bu, inqilabdan sonra başlamış müharibə idi, indi dövran dəyişib. İran əhalisinin böyük hissəsi gənclərdən ibarətdir, həmin gənclər dini inqilabdan sonra doğulublar və dünyada baş verənləri görür və dəyişiklik tələb edirlər. Belə etirazları İranda keçirilən son prezident və parlament seçkilərində gördük.

Bir sözlə, demək olmaz ki, İsraillə müharibə başlasa, İran cəmiyyəti “ortaq düşmən”ə qarşı birləşəcək. Bu durumda İranda mərkəzdənqaçma meylləri güclənə bilər. Bunu İran hakimiyyi də anlayır, öz cəmiyyətinə arxayın deyil. Bəlkə də Allaha yalvarırlar ki, bunula da hər şey bitsin, İsrail növbəti zərbələri endirməsin. İsrail yenə zərbə endirsə, İran da yenə hansısa aksiya barədə düşünəcək. Bu da iqtisadi durumu ağır olan İran cəmiyyətini silkələyə bilər.

- ABŞ sanki İsraildən çox İranı qoruyur. İsrailin Qəzzada quru, Suriya və Livanda hava əməliyyatlarına dəstək verən ABŞ niyə İrana qarşı birbaşa zərbələrin əleyhinədir?

- ABŞ İranı qorumur, sadəcə müharibə istəmir. ABŞ deyəndə, əslində, Bayden administrasiyasını nəzərdə tutmalıyıq. Məsələn, Tramp olsaydı, bəlkə də fərqli yanaşma ola bilərdi. Üstəgəl, ABŞ-nin siyasi mərkəzləri, Konqres və Ağ Evdə siyasət İsrailə dəstək üzərində qurulub. Bayden savaş istəməsə belə, İsrail davam etsə, ABŞ onu dəstəkləmək məcburiyyətində qalacaq. Çünki ABŞ cəmiyyəti və siyasi instutları bunu tələb edəcəklər. Netanyahu da bunu anlayır. Yəni demək olmaz ki, Amerika İranı qoruyur. Amma indi Ağ Ev və Tehranın maraqları orada üst-üstə düşür ki, İsrail növbəti zərbələri endirməsin. Çünki belə zərbələr müharibənin alovlanmasına gətirib çıxaracaq.

- Mümkün İsrail-İran müharibəsi hansı miqyasda olacaq? Prosesin dünya və regional savaşlara çevrilmə ehtimalını müdafiə edənlər çoxdur. İranlı ekspertlər məsələni bir az da şişirdərək “Qiyamət savaşı”ndan danışırlar.

- Əlbəttə, müharibə başlasa, bunun Avrasiyaya yayılması ehtimalı var. Çünki bu durumda böyük dövlətlər tərəf seçəcəklər. Rusiya və Çin İranı, Qərb dövlətləri İsraili dəstəkləyəcək. Bir qisim ərəb dövləti açıq formada İsraili dəstəkləməsə də, İranın zəifləməsində maraqlı olacaq, yəni oyunçuların sayı artacaq.

Yeddi ildən sonra Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlər bərpa edilib. Amma son hücum zamanı İran raketlərinin neytrallaşdırılmasında dolayısı ilə İordaniya ilə yanaşı, Səudiyyə də iştirak etdi. Çünki ABŞ-nin bu iki ölkədə hərbi bazaları var. İranın dron və raketləri həmin bazalar vasitəsilə zərərsizləşdirildi. Belə çıxdı ki, Səudiyyə dolayı yolla prosesdə İsraili dəstəklədi. Bir sözlə, Suriyada olduğu kimi, bu müharibədə də iştirakçıların sayı çox olacaq. Belə bir ssenarinin Suriya və İraqda necə dağıdıcı olduğunu görmüşük, bu, İranda daha ağır olacaq. Çünki İranda müxtəlif xalqlar yaşayır, onlar rejimdən narazıdırlar, müxalif olan fəalların sayı da çoxdur.

Güney Azərbaycanda yaşayan soydaşlarımız da narazıdırlar. 35-40 milyonluq Azərbaycan türklərinin bir qismi rejimdən narazılıq edir, dəyişiklik istəyir. İranda mərkəzdənqaçma meylləri güclənərsə, sistemin dağılması prosesi sürətlənə bilər. Bir çox dövlətlər bunda maraqlıdır.

- Cənub qonşumuzdakı xaotik gəlişmənin Azərbaycana hansı təsirləri ola bilər?

- Əlbəttə, Azərbaycan qonşuluğunda müharibə istəmir. Amma İsrail və İran arasında bizdən asılı olmayan səbəblərdən müharibə baş verərsə, qaçqın axını ilə üzləşə bilərik. Düzdür, sərhədlər bağlıdır, amma müharibə olarsa, sərhədlərimizi savaşdan qaçan soydaşlarımız üçün bağlı saxlaya bilməyəcəyik. Bu da sosial gərginlik yarada bilər. Çünki bu zaman soydaşlarımıza lazımi şərait yaratmalı olacağıq.

Mümkün gəlişmələrin Azərbaycan üçün müsbət tərəfləri də ola bilər. Çünki Ermənistanın əsas himayədarlarından biri İrandır. Tehranın başı İsraillə müharibəyə qarışarsa, Zəngəzur dəhlizi ilə bağlı əngəllərdən biri qalxa bilər. Ona görə də, ermənilər qorxu içindədir. Erməni ekspertlərinin özləri də etiraf edirlər ki, İran zəifləsə və İsrailə məğlub olsa, bu, Ermənistanın Azərbaycan qarşısında daha da zəifləməsinə gətirib çıxaracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər