20 Aprel 15:25
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii tərifli sözlərilə xatırlayar, məhz onların “möcüzə”lərindən ağız dolusu bəhs edər. "İmkansızdır, yox olmaz" deyənlər isə ümumiyyətlə, heç yada düşməz, ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəhs olunar. Bu mənada Makdeoniyalı İskəndərin məhşur “Qordi düyünü”nü necə “açması”, yaxud Sultan Mehmedin İstanbulu hansı dəmir iradə və cəsarətlə fəth etməsi kimi faktlar tarixçilərin haqqında bəlağətli sözlər yazdıqları ibrət götürüləsi misallardır.

İndi özünüz düşünün, çox yox, cəmi 4 il əvvələ qədər hansımızın ağlına gələrdi ki, Qarabağ münaqişəsi həll olunacaq, gələcək nəsillərimizə bizdən acı və ağır miras kimi qalmayacaq və ya həll olunsa da indiki şərtlər daxilində aradan qaldırılacaq?! Amma nə baş verdi? Münaqişə, Allaha min şükürlər olsun ki, həll olundu, özü də tamamilə bizim istədiyimiz nəticələri əldə etdik.

Artıq Rusiya sülhməramlı kontingenti də Azərbaycan torpaqlarını tərk edir. Özü də zamanından xeyli əvvəl, sakit şəkildə, “Bizim görəvimiz bitdi!” rəsmi açıqlaması verilərək öz ölkələrinə qayıdırlar.

Mən bir insan, Azərbaycan sevdalısı və bir vətənpərvər türk oğlu olaraq bu məsələnin bizim üçün olduqca önəmli olan emosional tərəfləri, sevinci haqqında çox danışa bilərəm, hətta sevincdən göz yaşları da tökərəm və bu təbiidir. Lakin mən hazırkı tarixi anlarda baş vermiş bu mühüm olaya və bununla bağlı Azərbaycan və Rusiya ali rəhbərliyinin verdiyi qərara bir diplomat, ictimai-siyasi xadim kimi münasibət bildirmək istəyirəm.

İlk növbədə gerçəkdən mən hər iki ölkənin Liderlərini qəbul etdikləri bu mühüm və cəsarətli qərar münasibəti ilə təbrik edirəm. Gerçəkdən də Prezidentlər İlham Əliyev və Vladimir Putin olduqca düzgün, rasional və necə deyərlər, sahədə yaranmış reallıqlara uyğun şəkildə və o reallıqlar nəzərə alınaraq belə bir tarixi qərar qəbul ediblər.

Fikrimcə, hər iki dövlət başçısı bu qərarları ilə obyektiv reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də bəzi qərb dairələrinin hər iki ölkəni, hətta deyədim ki, Türkiyəni də oyuna gətirmək üçün cızdıqları planları alt-üst ediblər. Məlumdur ki, o qüvvələr belə bir qarşıdurma yaratmaq üçün əllərindən gələni edirdilər. Planlar çox məkrli idi.

ABŞ-dən bu məsələyə verilmiş şərhə diqqətlə baxın: “Rusiya Qarabağdan sülhməramlı kontingentini çıxrmaqla necə etibarsız müttəfiq olduğunu göstərdi!” Sitatın sonu. Sadəcə bu bəyanat özü-özlüyündə həmin dairələrin bu hadisədən nə qədər məyus olduqlarını göstərir. Fakt budur ki, onlar bu üç dövləti bir-birinə qarşı qoya bilmədiklərinin dərin təəssüf, hətta hüzn və xəyal qırıqlığına uğramaq kimi acı hisslərini yaşayırlar.

Siz təəccüb etdinizmi? Deyə bilərsiniz ki, bunlar Ukrayna və Gürcüstanda, yaxud Moldovada Rusiya ilə açıq münaqişədədirlər. Moskvanı məcbur etmək istəyirlər ki, ordusunu oradan geri çəksin?! Elə deyirlər axı. Amma bizə gələndə belə bəyanat verib, dərin kədərə boğulurlar. Diqqət edin, indi ABŞ nümayəndəsi de-fakto Rusiyanı qınaq obyektinə çevirir ki, sən etibarsız müttəfiqsən və niyə Qarabağdan kontingenti çıxarırsan?!

Bir diplomat olaraq demək istəyirəm ki, belə bir məzmunlu açıqlama ciddi skandal və hətta təxribatdır. Belə mövqe tam mənası ilə sübut edir ki, regionda sülh və sabitliyin pozulması həmin ölkələrin marağındadır. Yoxsa “biz missiyonumuzu tamamladıq, Qarabağdan çıxırıq” bəyanatını verən bir ölkə, özü də beynəlxalq qanunlara əsasən başqa bir suveren dövlətin ərazisindəki sülhməramlı vəzifəsini başa vurub buradan çıxırsa, siz bundan niyə təəccüb etməlisiniz və ya narahat olmalısınız?!

Çox təbii və haqlı sual veiririk. Səbəblər məlumdur. Əslində, biz bu barədə dəfələrlə danışmışıq. Onların bu mövqeyinin əsl səbəbi türkofobiya, Azərbaycanafobiya və islamofobiya, bir də ermənilərdən maksimum dərəcədə öz maraqları və məqsədləri üçün sui-istifadə etməkdir. Baxın, Fransa Qarabağdan çıxan ermənilərdən ibarət legion yaratmaq niyyətini heç gizlətmir də. Məqsəd nədir? Qarabağ ermənilərini terrorçu kimi yetişdirmək, Qafqaza göndərmək, bu da alınmasa Ukrayna, yaxud da Afrika ölkələrində və ya kaloniyalarında onlardan muzdlu qatillər kimi istifadə etmək.

Məncə, erməni xalqı, nəhayət, bu həqiqətləri görməlidir ki, Fransa onlar üçün necə pis sürprizlər hazırlayır, planlar qurur.

Bir də tarixi unutmasınlar ki, həmin fransızlar ötən əsrin əvvələrində Osmanlının Maraş bölgəsində onları qızışdıraraq türk əhalisinin qətlinə cəlb etmiş, sonra da məğlub olduqdan sonra erməniləri meydanda tərk edərək, necə aradan çıxmışdılar. İndi vəziyyət ermənilər üçün əgər belə qeyri-adekvat davranmaqda davam etsələr daha da ağır olacaq.

Ümumiyyətlə, ermənilər də, digərləri də artıq bir həqiqəti qəbul etsələr yaxşı olardı. Bu bölgənin,Qafqazların Lideri İlham Əliyevdir. Onun hər bir sözü artıq imza mahiyyəti daşıyır. Nə deyirsə, onu da icra edir. Axı, məsələn, siz ermənilər, niyə o böyük Liderin təkcə ölkəsi üçün deyil, bütün bölgənin parlaq, xoşbəxt və firəvan gələcəyi naminə irəli sürdüyü faydalı ideyalardan istifadə etmək istəmirsiniz?! Gecikirsiniz. Sabah çox gec olacaq.

Yenə də indi dizinizə bir dəfə vurursunuzsa ki, niyə zamanında onu dinləmədik, əmin olun, əgər o deyənləri etməsəniz, sabah bu peşmançılığı bir dəfə yox, yüz dəfə dilə gətirəcəksiniz və bu dəfə dizinizə deyil, başınıza döyəcəksiniz ki, kaş ona vaxtında qulaq asardıq və İlham Əliyevin parlaq ideyalarından faydalanardıq!

Baxın, müharibə artıq bitib, bölgədə tarixdə heç vaxt olmadığı qədər sülh fürsəti yaranıb. Ay erməni xalqı, bu fürsətdən sən də faydalan, özü də onu indi dəyərləndir, sabah qatar gedəcək və sizin üçün çox, həddindən artıq gec olacaq! Səmimi olaraq bu fikirləri həm də ona görə ifadə edirəm ki, biz Türkiyə olaraq Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin bölgədə sülh və sabitlik yaradılması təşəbbüslərini tam müdafiə edir, onu dəstəkləyir və bu məqsədə nail olmaq üçün Türkiyənin hər cür fədakarlığa hazır olduğunu bəyan edir. Bu, tarixi şansdır. Rusiya, Türkiyə və Azərbaycan Qafqaz regionunda sülh üçün real əməkdaşlıq edirlər. Xarici qızışdırıcı və təhrikedici faktorlara rəğmən bu rasional addımlar atılır. Ən son artıq haqqında bəhs etdiyimiz Rusiya sülhməramlı kontingentinin Azərbaycan torpaqlarından çıxması və sonra da bununla bağlı həm Bakı, həm də Moskvadan verilən açıqlamalar nə qədər yerində və düzgün verilib, həmçinin bu necə deyərlər “dövlət ağlı” ilə düşünülmüş qərarlar qəbul edilməsinin bariz nümunəsidir.

Bu, həm də müasir beynəlxalq münasibətlər sistemində baş vermiş, münaqişənin hərbi-siyasi yolla həll olunmasının bir nümunəsi, hətta yenilik mahiyyəti daşıyan mühüm bir faktıdır.

Əvvəldə qeyd etdiyim kimi, tarixi qərarlar qəbul etmək həm də bir cəsarət işidir, böyük dövlət xadimlərinə xas olan keyfiyyətdir. Bu mənada Türk tarixində hər gün verdiyi qərarlarla silinməz izlər buraxan Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Bizdən sonra gələn nəisllərimiz bu gün bizim yaşadığımız, çox zaman fərqində olmadığımız tarixi olayları təhlil edib öz sözlərini mütləq deyəcəklər.

Türk tarixi çox xaqanlar, hökmdarlar, dövlət başçıları görüb. Onların hər birini minnətdarlıq, dərin hörmət duyğuları ilə xatırlayırıq. Zaman gələcək, İlham Əliyev fenomeninin şanlı Türk tarixində yerini, rolunu gələcək tarixçilər, araşdırmaçılar, analitiklər daha da dərindən öyrənəcəklər.

O zaman hazırkı reallıqlarımızı onun hansı ağır, çətin şəraitdə və şərtlərdə yaratması ilə əlaqədar bilmədiklərimizi də öyrənəcəyikvə ona bu qətiyyətinə görə daha çox minnətdar olacağıq. Əminəm.

Həqiqət budur ki, Türk milləti ona xidmət etmiş bütün böyük xaqanlarını, dövlət başqanlarını unutmadığı kimi Prezident İlham Əliyevin xidmətlərini də əbədiyyətə qədər qəlbində və könlündə yaşadacaq.

Hulusi Kılıç

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər