Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Müstəqillik gününü Xocalı sakinləri ilə birlikdə qeyd etməsi və bir qrup sakinə yeni evlərinin açarlarını təqdim etməsi həmin günü hər bir azərbaycanlı üçün ikiqat bayrama çevirdi. İşğaldan və seperatizmdən azad olan tarixi torpağımız Xocalıya sakinlərin 32 il sonra ilk köçünün Müstəqillik günündə baş tutması heç də təsafüdi deyil. Bu, olduqca mühüm əlamətdar tarixi hadisədir. Bu əlamətdar hadisə Azərbaycan xalqının Xocalı yarasını az da olsa sağaltmaqla yanaşı, Xocalı qurbanlarının xatirəsinə ən ali ehtiramın növbəti təzahürüdür. Ölkə Başçısının doğum günlərini və bayram günlərini işğaldan azad olunan ərazilərdə keçmiş məcburi köçkünlərlə birlikdə qeyd etməsi artıq bir ənənəyə çevrilib deyə bilərik. Xatırladaq ki, ötən iki ildə də cənab Prezident Müstəqillik gününü Ağalıda və Laçında keçmiş məcburi köçkünlərlə bir yerdə qeyd edərək, onlara yeni evlərinin açarlarını təqdim etmiş, onları doğma yurd-yuvalarına qovuşdurmuşdu. Bu il də Müstəqillik günündə xalqımız Xocalı sakinlərinin sevincini bölüşərək, sonsuz qürur və fəxarətlə bu günü qeyd etdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
“Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində, yaddaşında elə bir yaradır ki, əsrlər keçsə də sağalmayacaq, hər zaman xatırlanacaq. Buna baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını alması, dövlət suverenlyimizin bərpa olunması Azərbaycan xalqının Xocalı yarasına az da olsa məlhəm ola bildi. Artıq, Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu şaddır”, - deyə o qeyd edib ki.
Deputat bildirib ki, 32 il sonra Xocalı sakinləri doğma torpaqlarına qayıdıb: “Bu, Böyük Qayıdışın Xocalı mərhələsidir. Buna baxmayaraq, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq. Təəssüflər olsun ki, Azərbaycan xalqının illərdir davam edən “Xocalıya ədalət!” çağırışı cavabsız qaldı. Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına layiqli hüquqi qiymət vermədi. Azərbaycan dövlətinin səyləri nəticəsində dünyanın 18 ölkəsi bu faciəni soyqırım kimi tanıyıb. Lakin, onların içərisində böyük dövlətlər yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalıb. Bütün bunlara baxmayaraq, əminliklə deyə bilərik ki, Vətən müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan ordusu düşmənə elə bir zərbə vurub, elə bir dərs verdi ki, Ermənistan bir daha Azərbaycana qarşı hər hansı bir hərbi təxribata cəhd göstərə bilməz. Cənab Prezident Xocalı sakinləri ilə görüşündə Xocalı Memorial Kompleksi barədə fikirlərini bölüşərkən bəzi məqamlara xüsusilə toxunub. O qeyd edib ki, “...bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.
Millət vəkili hesab edir ki, bütün bunların fonunda ilk dəfə 28 May-Müstəqillik gününün ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu bir şəraitdə qeyd olunması mühüm tarixi hadisədir: “Bu bayramın xüsusilə də, Xocalıda qeyd olunmasının rəmzi mənası çox böyükdür. Bu, bütün dünyaya və Azərbaycan xalqına qarşı soyqırım törətmiş, torpaqlarını işğal etmiş, zülm yaşatmış ermənilərə mesaj idi. Düşmən bütün bunlardan dərs çıxarmalı və Azərbaycana qarşı revanşist xülyalarından əl çəkməlidir. Əks təqdirdə, Dəmir Yumruğun gücünü və qüdrətini görəcəklər”.