Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı dəyişəcək. Eyni zamanda Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bildirilib.
Məktubu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian oxuyub.
C.Baydenin müraciətində qeyd olunub ki, regional sabitlik və qarşılıqlı əlaqə ABŞ üçün prioritetdir: “Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın”.