5 İyun 15:10
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Qazaxın 4 anklav olmayan kəndinin təhvil verilməsi və bu istiqamətdə delimitasiyanın aparılmasından sonra prosesin davam edəcəyi gözlənilir. Sözsüz ki, sərhəd dəqiqləşməsi elə də asan bir iş deyil. Bunun uzun çəkəcəyi əvvəlcədən bəlli idi. Eyni zamanda burada ayrı-ayrı hissələrə aid mürəkkəb məsələlərin də üzə çıxması mümkündür.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, 1988-ci ildə erməni tərəfindən münaqişə başladılanda onlar öz tələblərinin qanunsuz olduğunu bilirdilər:

“Bu eyni zamanda keçmiş sovet konstitusiyasına zidd idi. Sovet konstitusiyasının 78-ci maddəsində qeyd edilirdi ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Sözsüz ki, Azərbaycan ərazisinin dəyişdirilməsinə razı deyildi. Moskvanın da o vaxt sovet konstitusiyasını pozub Azərbaycan ərazisini zorla Ermənistana vermək hüququ yox idi. Belə olan halda ermənilər başqa hiylələrə əl atdılar”.

Politoloq hesab edir ki, daha sonra erməni tərəfi zor gücü ilə, yəni 1988-ci ildən başlayaraq hərbi müstəvidə həmin əraziləri işğal edib Azərbaycandan qoparmağa çalışdı:

“Daha sonra isə Azərbaycan Ermənistana döyüş meydanında qalib gəlib Qarabağı azad etdi. Artıq müharibə geridə qalıb. Proses ikitərəfli qaydada sərhədlərin dəqiqləşməsi müstəvisində davam edir. Burada Almatı razılaşması ilə keçmiş SSRİ dövründə mövcud olmuş inzibati sərhədlərin dövlətlərarası sərhəd kimi təsbiti nəzərdə tutulur”.

Zərdüşt Əlizadə bildirib ki, Qazax istiqamətində də sərhədlərin dəqiqləşməsi Almatı razılaşmasına uyğun həyata keçirildi:

“Ehtimallar var ki, iki ölkə arasında olan sərhəd dəqiqləşmələri Almatı razılaşması ilə həyata keçirilsə, proses tez başa çatar. Əslində sərhədlərin dəqiqləşməsində iki tərəfdən də ictimai rəy nəzərə alınmalıdır. Çünki o dövrdə həmin bölgədə yaşamış insanlar ərazilərin hansı hissəsinin kimə aid olduğunu dəqiq bilir. Ona görə də, bu məsələdə daha geniş bir araşdırmaya ehtiyac var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər