Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan mövqeyini ifadə edib. Sizcə, təşkilat birtərəfli qaydada bundan sonra hansı şərtlər daxilində öz mövcudluğunu saxlaya bilər?
- Minks Qrupu artıq işlək bir qurum deyil. Üç həmsədrdən ikisi, yəni ABŞ və Rusiya da bunu qəbul edib. Sadəcə olaraq ATƏT-də qərarlar konsensus əsasında qəbul edilir. Azərbaycan çoxdan bu qurumun ləğvinə tərəfdardır. Məhz bu baxımdan da Prezident İlham Əliyev Ermənistana çağırış edir ki, Minsk qrupunun ləğvi ilə bağlı öz mövqeyini ortaya qoysun. Çünki konsensus olmasa bu mümkün olmayacaq. Ümumiyyətlə isə bu qurum işlək deyil. Artıq onun büdcəsinə da veto qoyulub. Azərbaycan tərəfindən Minsk Qrupunun büdcəsinə maliyyənin dayandırılması ilə bağlı qərar var.
- Müharibə olmadan ATƏT xətti ilə əldə ediləcək sülh sazişinin mahiyyəti nədən ibarət idi? Bu, Azərbaycanın mövqeyi ilə nə dərəcədə uzlaşırdı?
- ATƏT-in Minsk Qrupunun xətti ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə edilsə, bunu BMT Təhlükəsizlik Şurası təsdiq etməli idi. Çünki BMT Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Vaxtilə həmin qətnamələrdən sonra belə bir qərar da qəbul edilib ki, bu, regional münaqişə olduğuna görə, bununla ancaq ATƏT məşğul olsun. Məhz qəbul edilən qərarlar da buna əsaslanırdı.
- O vaxt sülh sazişinə başlıca maneə nə idi? Ermənistan ordusunun çıxarılması fonunda digər əngəl nədən ibarət olub?
- Ordunun çıxarılması ilə yanaşı Ermənistan qanunverciliyinin dəyişdirilməsi amili var. Sülh sazişini bu şərtlər çərçivəsində imzalamaq mənasız olar. Çünki əldə ediləcək razılaşmadan sonra Ermənistanda dəyişəcək siyasi konyuktura bundan imtina edə bilər. Nikol Paşinyandan sonra hakimiyyətə gələcək qüvvə bunun ölkə konstitusiyasına zidd olduğunu əsas gətirib imtina edəcək. Bu halda saziş öz mahiyyətini itirir. Ona görə də, sülh sazişindən öncə Ermənistan öz qanunvericiliyini tənzimləməlidir. Azərbaycana qarşı olan ərazi iddialarından rəsmi şəkildə imtina edilməlidir.
- Ermənistan qanunverciliyinə dəyişikliklər edilmədən sülh sazişinin imzalanacağı ehtimalı varmı?
- Vaxtilə belə təkliflər var idi. Məsələn, Avropa İttifaqında qaydalar fərqlidir. Əgər Avropa Parlamenti hansısa qanunu qəbul edirsə, o ölkələrin milli qanunlarından üstün hesab edilir. Daha sonra təklif edildi ki, sülh sazişində onun milli qanunlardan daha üstün olması ilə bağlı bənd salınsın. Amma bu da ağlasığmaz bir məsələdir. Hüquqi baxımdan bu, düzgün hesab edilmir. Avropa İttifaqı təşkilat kimi bunu qəbul edə bilər. Amma Azərbaycanla Ermənistan arasında imzalanacaq saziş ikitərəfli hüquqa malikdir.
- Minsk Qrupunun xətti ilə imzalanacaq sülh sazişində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hansı şərtlər var idi?
- ATƏT-in Lissabon sammitində (1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı) bu məsələ tam şəkildə öz əksini tapmışdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail olundu. Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi keçmiş Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Sammitdə qərara alındı ki, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində keçmiş Dağlıq Qarabağa yüksək muxtariyyət “status”nun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi mümkündür.
Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu. Amma burada erməni tərəfi konsensusa razı olmadı deyə həmin qərar məhz ATƏT sədrinin adından qəbul edildi. Amma indi bu “status” söhbətləri bitdi. Cənab Prezident demiş “status” cəhənnəmə getdi. O vaxt mən də xarici işlər naziri kimi danışıqlarda bilavasitə iştirak edərək ermənilərə təklif edirdim ki, gəlin, ən yüksək “status”u müzakirə edək. Tatarıstan modelini belə təklif edirdim ki, gəlin, onların konstitusiyası üzərində işləyək. Ermənilər hətta buna da razılıq vermirdilər.
- Həmin dövr üçün danışıqlarda ən təhlükəli ssenari nədən ibarət idi? Doğrudan da gündəmdə belə bir riskli məsələ olubmu?
- Azərbaycan üçün o dövr üçün ən təhlükəli ssenari Kosova variantı idi. Çünki Kosova o vaxt elan etmişdi ki, biz Serbiya və Yuqoslaviyanın asılılığından çıxırıq. Həmin vaxta qədər Kosovanın adi muxtariyyəti vardı. Rusları məhz balkanlardan sıxışdırıb çıxarmaq üçün böyük ölkələr, xüsusən də ABŞ və Avropa İttifaqı həmin vaxt Kosovanın müstəqilliyini tanımağa başladılar. O vaxt Kosova variantının keçmiş Dağlıq Qarabağa presedent kimi tətbiqi ən təhlükəli gediş ola bilərdi.
- Təhlükəli məqam dedikdə siz nəyi nəzərdə tutursunuz? Muxtariyyətdən üstün hansı “status”dan söhbət gedirdi?
- Muxtariyyətdən üstün hal kimi müstəqillikdən bəhs edilirdi. Çünki o dövrdən sonra Kosovaya müstəqillik verilmişdi. Qarabağa da bu ssenari üzərində iş aparmaqdan bəhs olunurdu. BMT TŞ Serbiyanın ərazi bütövlüyünü tanıyan qətnamə qəbul etmişdi. Amma buna baxmayaraq Kosovanın müstəqilliyini tanıdılar. Ziddiyyət də məhz bundadır.
- ATƏT xətti ilə əldə ediləcək razılaşma fonunda bölgəyə sülhməramlıların gəlişi nəzərdə tutulubmu?
- ATƏT-in belə bir səlahiyyəti yoxdur. Sülhməramlıları yerləşdirmək səlahiyyəti ancaq BMT Təhlükəsizlik Şurasına aiddir. Əgər “Madrid prinsipləri” və sair bir əsasda Azərbaycanla Ermənistan arasında saziş imzalansa idi, onu BMT TŞ təsdiq etməli idi. Onlar ancaq bu halda sülhməramlı kontingentlə bağlı qərar verə bilərdi. Çünki BMT-nin ayrı-ayrı bölgələrdə bu cür sülhməramlı qüvvələri var.