27 İyun 09:05
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyandan sonra bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da o fikri təkrarladı ki, sülh müqaviləsini bir ay ərzində imzalamağa hazırdırlar. Sazişin bir aya imzalanması üçün zəmin və şərtlər varmı?

- Adətən sülh müqaviləsi iki tərəf arasında imzalanır, indi tərəflərdən biri hazır deyilsə, saziş imzalana bilməz. Məntiq bundan xəbər verir. Azərbaycan konkret şəkildə bildirir ki, əgər Ermənistan həqiqətən də sülh istəyirsə və bu yöndə qəti addım atmaq istəyirsə, o zaman konstitusiya dəyişikliyinə getməlidir. İndi Ermənistan bu dəyişiliyi etməsə, müqaviləni imzalamaq çətin olacaq, imzalansa belə, bu, davamlı sülh gətirməyəcək. Çünki Ermənistanın Konstitusiya Məhkəməsi istənilən vaxt “bu, konstitusiyaya uyğun deyil” bəhanəsi ilə birtərəfli qaydada bu sazişi ləğv edə bilər. Bir sözlə, Ermənistan konkret addımlar atmaq istəyirsə, şərtləri nəzərə almalıdır, məntiqə uyğun davranmalıdır.

İndiki məqamda hansısa bir sənədi imzalamaqla real sülhə gəlmək çətindir. Ermənistan çox şey deyə bilər, amma real sülhü şərtləndirən addımlar var, bu addımları atmasalar, sazişin imzalanıb-imzalanmaması arasında heç bir fərq olmayacaq.

- Ermənistan konstitusiya dəyişikliyinə nə vaxt gedəcək?

- Bununla bağlı maraqlı məqam odur ki, belə bir dəyişiklik vaxt tələb edir. Ermənistan rəhbərliyi yeni konstitusiyanın mətnini hazırlamalı, ictimaiyyətə təqdim etməli və ictimai-siyasi müzakirəyə çıxarmalıdır. Siyasi düşərgələr və ictimai sfera bununla bağlı öz fikirlərini bildirməli, bundan sonra səsverməyə çıxarılmalı və yekun nəticə müəyyən edilməlidir. Yəni bu, vaxt aparan məsələdir. Amma Ermənistan bu yöndə bir addım da atmayıb. Belə bir durumda da dayanıqlı sülhdən danışmaq tezdir.

- Ermənistan Azərbaycana sərhəddə gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizmin yaradılması təklifini verib. Bu təklifin arxasında hansı məqamlar var və bu, mümkün təxribatların qarşısını ala bilərmi?

- Son müharibədən əvvəl də tərəflər belə bir birbaşa rabitə qurmağa cəhd eləmişdilər. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra tərəflər ilkin razılığa gəlmişdilər ki, sərhəddəki insidentlərlə bağlı hərbi qurumlar arasında birbaşa rabitə yaradılsın. Müharibədən sonra da birbaşa rabitə mexanizmi qurulmuşdu. Bu da ona hesablanmışdı ki, hansısa insident baş verərsə, bu, dərhal araşdırılsın və səbəbləri müəyyən edilsin. Amma Ermənistan bu rabitə kanalından istifadədən boyun qaçırdı. Çünki o zaman Ermənistandan işğal altında olan Azərbaycan ərazilərinə silah-sursat və canlı qüvvənin daşınması ilə bağlı suallar vardı. Ermənistan 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozaraq bunu edirdi, yəni bu rabitə kanalının real şəkildə işləyib-işləməməsi onun üçün maraqlı deyildi. Buna görə də həmin mexanizm işləmədi. Amma axır vaxtlarda müəyyən ziddiyyətlər aradan qalxıb.

Hesab edirəm ki, indi belə bir mexanizmə zərurət var. Amma bu, epizodik şəkildə olmamalıdır, sülh müqaviləsinin tərkib hissəsi kimi olmalıdır. Tərəflər arasında münasibətlər elə qurulmalıdır ki, bu mexanizm effektli şəkildə işləsin. Amma indi durumda bunun effektliliyinə heç kim zəmanət verə bilməz. Çünki biz Ermənistanın sürətlə silahlandığını görürük, Bakı ilə İrəvan arasında siyasi dialoq kifayət qədər mürəkkəb durumda gedir. Belə bir vəziyyətdə mexanizmin yaradılması və onu işlək hala gətirilməsi suallar yaradır.

Təklif var və bunun reallaşdırılması üçün şərtlər də olmalıdır. Təəssüf ki, indi bu şərtlər yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər