1 İyul 13:10
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin taleyini, namizədlərin mandat almaq imkanlarını heç də onların üstün keyfiyyətləri deyil, seçicilərin onlara inamı müəyyənləşdirir. Bu mənada bir neçə defə deputat seçilərək parlament ənənələrinin formalaşmasına töhfə vermiş şəxslərə də yenidən etimad göstəriləcək. Çünki VI çağırış əksər millət vəkillərinin davranışlarında heç bir mənfi çalar olmayıb. Təbii ki, bu fikirləri hamıya aid etmək olmaz.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, hətta bundan öncəki çağırışlarda da aktiv olan, dövlət məsələlərinə biganə qalmayan, anti-milli qüvvələrə qarşı prinsipiallıq nümayiş etdirən keçmiş millət vəkillərinə də yer veriləcək: “Həyat davam edir, insanlar yaşa dolur, istər-istəməz tutduğu vəzifədən, daşıdığı statusdan kənarlaşmaq məcburiyyətində qalır. Onun əvəzinə isə gənclər gəlir. Orta və yeni nəsil də bu ənənələri davam etdirir”.

Partiya sədri hesab edir ki, artıq Azərbaycanda oturuşmuş parlamentarizm ənənəsi formalaşıb:

“VI çağırış parlamentin fəaliyyətində bunun şahidi olduq. Milli Məclis son dərəcə üstün, müsbət ənənələri əxz etdi. VI çağırış parlamentin dönəmində Azərbaycan cəmiyyəti ciddi sınaqlarla üzləşdi. Pandemiya və erməni faşizminə qarşı aparılan Vətən Müharibəsi və ondan sonrakı çətin sınaqlardan parlament çox uğurla keçdi. Məhz bu tarixi dönəmdə ali qanunverici orqan dövlətin digər strukturları ilə eyni cəbhədə yer aldı”.

Fəzail Ağamalıya görə, pandemiya dövründə aparılan maarifləndirici və təbliğatçı kimi çıxış edən parlament Vətən Müharibəsi zamanı informasiya savaşında özünün əhəmiyyətli mövqeyini ortaya qoydu: “Ölkəmizə qarşı yönələn hücumlara parlament ən prinsipal mövqe, qərar və bəyanatlarla cavab verdi. Milli Məclis sədri Sahibə Qafarova bu zaman kəsiyində intensiv və məhsuldar işin təşkilinə nail oldu. Beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrin parlament sədrləri və digər rəsmiləri ilə keçirilən müntəzəm görüşlərdə Azərbaycan həqiqətləri doğru-düzgün çatdırıldı. Bununla da Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi xarici siyasət kursuna əhəmiyyətli töhfə verildi. Sözsüz ki, bu ənənə bundan sonra da davam etməlidir. Ümidvarıq ki, VII çağırış parlament də öz işini məhz bu prinsipiallıq üzərində quracaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər