Azərbaycanla Ermənistan arasında sülh prosesində son dövrlər ABŞ-nin fəallığı müşahidə edilir. Sözsüz ki, bunun bir neçə səbəbi var. Yarım il öncə Ceyms Obraynın (ABŞ Dövlət katibinin müavini) məlum bəyanatını hamımız xatırlayırıq. O dövrdə biz ona ciddi şəkildə arqumentlərlə cavab verdik, tənqid etdik. Azərbaycan dövlət səviyyəsində də bu bəyanata ciddi reaksiyalar verdi. Təbii ki, bu yanaşmaları qəbul etmək mümkün deyildi. Daha sonra onlar ritorikanı dəyişməli oldular və geri çəkilməyə başladılar.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin VI çağırış deputatı olmuş Səməd Seyidov deyib.
O qeyd edib ki, indi isə ABŞ-də olan qüvvələr ümumiyyətlə ritorikanı dəyişiblər:
“Bunun səbəbləri çoxdur. Əsas mahiyyət isə başqadır. ABŞ artıq anlayır ki, bu regionda güclü, təsiredici, nüfuzlu ölkə Azərbaycandır. Bu halda regiona hansısa formada müdaxilə etmək istəyirlərsə, bunu Azərbaycan vasitəsi ilə etmək mümkündür. Gürcüstan və Ermənistan bu məsələdə Amerikanın işinə yaramır. Əksinə olaraq bu halda Gürcüstan və Ermənistan Azərbaycanın mövqeyinə yaxınlaşacaqlar. Gürcüstan bunu nümayiş etdirdi, Ermənistan da göstərəcək. Bu, gec-tez olacaq”.
Səməd Seyidova görə, bu gün regiona daha tez müdaxilə etmək üçün Azərbaycanla hesablaşılmalıdır:
“Bakının isə burada əsas tələbi onun mövqeyinin nəzərə alınması ilə bağlıdır. Digər bir amil Zəngəzur dəhlizinin əhəmiyyətinin həddindən artıq artmasıdır. Bu dəhliz artıq ABŞ üçün Mərkəzi Asiyaya birbaşa qapı, açar rolunu oynayır. Ona görə, Amerika bu məsələdə gecikmək istəmir. Çünki o geciksə, Çin və başqaları bölgəyə gələcək. Bununla da vəziyyət fərqli olacaq. Beləliklə, Mərkəzi Asiyaya Amerikanın çıxışı olmayacaq. Başqa bir vacib amil Cozef Bayden administrasiyasının çətin vəziyyətdə olmasıdır. Xarici siyasətdə Amerika bütün regionlarda uduzur. Əfqanıstan, Ukrayna, Yaxın Şərq, Avropa əlaqələri, Ermənistanda belə Vaşinqton imkanlarını itirir. Belə olan halda yeganə şans erməni lobbisinin də diqtəsi ilə guya sülhə daha səmimi yanaşırıq mesajları verilir. Amerikanın indiki halda sülhlə bağlı tələskənliyi bu amillərlə izah olunur”.