Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Astanaya səfərə edib. Səfər çərçivəsində dövlət başçısı Çin, Türkiyə, Rusiya, Pakistan və Qazaxıstan prezidentləri ilə görüşüb. Bu görüşlər, şübhəsiz ki, çox əhəmiyyətlidir. Ölkəmizin fəal şəkildə hazırlaşdığı COP29 ərəfəsində bu cür tədbirin təşkili önəmli idi. Qeyd edək ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən yaradılıb. Hazırda ŞƏT-ə 9 üzv ölkə (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 ölkə müşahidəçi dövlət statusuna malikdir (Əfqanıstan, Monqolustan, Belarus), təşkilatın 14 tərəfdaş dialoqu var (Azərbaycan), Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka). Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına cavab verir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir.
Bunu Teleqraf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 24-cü iclası “ŞƏT-plyus” formatında - təşkilata daxil olmayanlar da daxil olmaqla 16 ölkənin iştirakı ilə keçirilib: “Azərbaycan Prezidenti İlham Əliyevin ikinci dəfə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət olunması ölkənin əhəmiyyətinin və rəhbərinin nüfuzunun mühüm göstəricisidir. Bu gün Avrasiya məkanında istənilən inteqrasiya strukturunun fəaliyyəti iki vektor üzrə həyata keçirilir ki bunlar Şimal-Cənub və Qərb-Şərq istiqamətləridir. Köhnə dövrlərdə olduğu kimi, ticarət yolları bütün regionların siyasətini, iqtisadiyyatını və perspektivlərini müəyyən edir və simvolik olan odur ki, Azərbaycan hər iki vektorun mərkəzi halqasıdır. 2016-cı ildə Azərbaycan ŞƏT üzrə dialoq üzrə tərəfdaş statusu alıb. Bu gün də o, bu statusda qalır, bu bir az təəccüblüdür. Bununla belə, statussuz da olsa, ölkəmizlə ŞƏT-ə üzv ölkələr arasında əməkdaşlıq inkişaf edir və Azərbaycanın yeni İpək Yolunda rolu əvəzsizdir. Yeni geosiyasi şəraitdə logistika dəhlizləri ətrafında siyasi və diplomatik döyüşlərin getdiyini nəzərə alsaq, regional əməkdaşlıqda bir çox mühüm təşəbbüslərin təşəbbüskarı və hərəkətverici qüvvəsi olan Azərbaycan liderinin bu təşkilatın sammitində iştirakının nə qədər vacib olduğunu təsəvvür etmək çətin deyil”.
Komitə sədri hesab edir ki, Çinin artan fəallığı Orta Dəhliz marşrutu boyunca yerləşən ölkələrə fayda verəcək: “Çin dünyanın ən böyük iqtisadiyyatlarından biridir və qlobal ÜDM-in 18 faizindən çoxunu təşkil edir. Avropa ölkələri siyasi səbəblərdən və həmişə öz iradələri ilə deyil, Çinlə ticarət həcmini azaltsalar da, o, hələ də Aİ-nin ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Bundan əlavə, digər mühüm amil həm də Avropanın Mərkəzi Asiya resurslarına marağının artmasıdır. İyulun 3-də ŞƏT-in Astanada keçirilən sammiti çərçivəsində Azərbaycan və Çin Xalq Respublikasının başçıları Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul ediblər. Bu çox mühüm tarixi sənəddir, onun ölkələrimiz və region üçün böyük əhəmiyyəti var. Və bir məqamı da vurğulamaq lazımdır ki, Orta Dəhlizin iki ən mühüm halqasını təkcə iqtisadi deyil, həm də siyasi baxımdan birləşdirdi. Azərbaycan Respublikası ilə Çin arasında strateji tərəfdaşlığın yaradılmasının regionda nəqliyyat və logistika layihələrinin uğuru üçün hansı əhəmiyyətə malik olacağını hesablamaq asandır. ŞƏT sammitinin açılışı günü məlum olub ki, Çin Dəmir Yolları Çindən Avropaya dəmir yolu ilə yük daşımalarında əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutunu istifadəyə verib. Qatarlar həftədə bir dəfə işləyəcək. Sian şəhərindən yola düşən qatarlar 12 gün ərzində Çinin Sincan-Uyğur Muxtar Rayonu, Qazaxıstan və Xəzər dənizinin Xorqos sərhəd məntəqəsi vasitəsilə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də yola düşüb. Qeyd edildiyi kimi, yeni marşrut Çin-Avropa yük qatarları şəbəkəsi üzrə ticarət-iqtisadi əməkdaşlığa və “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafına töhfə vermək məqsədilə açılıb. Orta Dəhliz boyu daşımaların həcminin artmasına töhfə verəcək. Azərbaycan Çin bazarını prioritet hesab edir. Bugünkü Çin bazarı daha geniş miqyaslı, daha yaxşı struktura, daha yaxşı qaydalara və sistemlərə, daha böyük beynəlxalq təsir və cəlbediciliyə malikdir. Nəhayət, bütün layihə tərəfdaşları nəqliyyat dəhlizləri məsələlərində Bakının fəallığından və təşəbbüsündən faydalanır. Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycan üzv olmasa da, bu təşkilatla sıx təmasdadır. Daha dəqiq desək, üzv ölkələr bir-birinə Azərbaycanda yaxınlaşan dəhlizlərlə bağlıdır”.
Millət vəkili bildirib ki, Azərbaycan regionun siyasətini müəyyən edən güclü dövlət kimi qlobal səviyyədə hərtərəfli sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində səylərini artırır: “Geosiyasi vəziyyət bu məqsədə çatmaq üçün nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi zərurətini gücləndirir. Digər tərəfdən, dünya ictimaiyyəti Azərbaycanın və onun rəhbərinin artan nüfuzunu tanıyaraq, Bakı ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Şanxay Əməkdaşlıq Təşkilatı qlobal gündəmdəki aktual məsələlərin geniş spektrinin müzakirəsi və qlobal təhdidlərə, çağırışlara və risklərə effektiv cavabların tapılması üçün mühüm platformadır. ŞƏT-in builki sammitinin şüarı “Çoxtərəfli dialoqun gücləndirilməsi-davamlı sülh və inkişafa səy”dir. Liderlərin görüşünün gündəliyinə təşkilat çərçivəsində siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıqla bağlı məsələlər daxil edilib. Gözlənilir ki, sammitin əsas siyasi sənədi olan Astana Bəyannaməsində ŞƏT-in bir sıra aktual məsələlərlə bağlı mövqeyi ifadə olunacaq, təşkilatın fəaliyyəti qiymətləndiriləcək. Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayan Azərbaycan bu rolu dərk edərək və transmilli nəqliyyatın əhəmiyyətini artıraraq, öz nəqliyyat sektoruna əhəmiyyətli resurslar yatırır. Öz ərazisində bütün lazımi infrastrukturu yaradan Azərbaycan bununla da nəqliyyat və logistika sektorunda beynəlxalq əməkdaşlıq üçün gözəl imkanlar açır. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Çin ilə Avropa arasında əsas körpüyə - dünyada yükdaşımanın əsas istiqamətinə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz Mərkəzi Asiya və Xəzər dənizi ölkələrindən keçməklə Avropa və Asiyanı birləşdirən ən qısa və əlverişli marşruta çevrilib”.
Hicran Hüseynova vurğulayıb ki, bu amil Orta Dəhlizin əhəmiyyətini artırmaqla yanaşı, geniş regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar yaradır: “Ölkəmiz dünyada tanınmış tolerantlıq mərkəzi kimi dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi eedib. Maraqlıdır ki, 2021-ci ildə ŞƏT-in Pekində yerləşən mənzil-qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub, qərargahın binasında dahi şairin büstü qoyulub. Qeyd etmək vacibdir ki, Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra büstü ŞƏT-in mənzil-qərargahında qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Ümumiyyətlə, Azərbaycanın Çin, Rusiya, Pakistan kimi dövlətləri birləşdirən nüfuzlu beynəlxalq platformada iştirakı olduqca önəmlidir. Həmçinin Hindistan və Mərkəzi Asiya ölkələri ölkəmizin gündəliyinin təbliği, regional proseslərdə iştirakı və qərarların qəbulu baxımından çox vacibdir. Digər tərəfdən, bu, Azərbaycanın çoxtərəfliliyə verdiyi önəmin göstəricisidir. Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısında iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarını bu mühüm platforma vasitəsilə çatdırması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da böyük əhəmiyyət kəsb edir. Beləliklə, bir çox sülh təşəbbüsləri yaradan, dünya miqyasında mühüm və sabit tərəfdaş kimi qəbul edilən Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamaqda davam edir”.