Ermənistanın Kəlbəcər, Tovuz və Laçın təxribatı qarşı tərəfin sülhdə nə dərəcədə maraqlı olduğunu göstərir. Sadəcə olaraq erməni tərəfi Bakıda keçiriləcək COP29 kimi vacib beynəlxalq tədbir öncəsi Azərbaycanı mümkün qədər təxribata çəkməyə çalışır. Onlar güman edirlər ki, Azərbaycan bu ərəfədə hər hansı ciddi döyüş əməliyyatları aparmayacaq.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, ermənilərin bütün təxribatlarına baxmayaraq Azərbaycan Ordusu vəziyyəti nəzarətdə saxlayır:
“Görünən isə odur ki, Ermənistan və onun havadarları Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlıdır. Bundan öncə erməni tərəfi sülh müqaviləsini imzalamağa hazır olduqları ilə bağlı yalan bəyanatlar vermişdi. Fakt isə odur ki, qarşı tərəf sülh və digər addımları atmağa hazır deyil”.
Polkovnik hesab edir ki, Ermənistan tərəfindən Laçından sonra Naxçıvan və Qarabağ istiqamətində təxribat ola bilər:
“Atəşkəsin pozulması və hər hansı bir kəşfiyyat xarakterli addım atılması gözlənilir. Ermənistan tərəfi də yəqin edir ki, onun Azərbaycana qarşı duracaq hərbi gücü yoxdur. Sadəcə olaraq təxribatlarla vəziyyəti gərginləşdirmək istəyir”.
Üzeyir Cəfərova görə, Ermənistan Bakıda keçiriləcək mühüm tədbir öncəsi təxribatlarının cavabsız qalacaqlarına ümid etməməlidir:
“Azərbaycan Ordusu bu tədbirlər fonunda plan üzrə öz üzərinə düşən vəzifəni icra edəcək”.