1 Avqust 19:58
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtonda Hudson İnstitutunda onlayn seminarda çıxışı zamanı Ermənistanla sülh danışıqlarında mühüm irəliləyişlərin olduğunu qeyd edib. Verilən bu açıqlama sülh razılaşmasının hansı səviyyədə olduğunu göstərir?

- Diplomatik bəyanatların özünün xüsusi rolu var. Ordu isə öz xarakterinə görə bəyanatlar verir. Siyasətçilər və diplomatlar isə özlərinə müvafiq olaraq açıqlamalar yayır. Azərbaycanın diplomatiyasına cavab verən şəxslər uzun müddətdir ki, nikbin bəyanatlar səsləndirir. Bunun əsas səbəbi Azərbaycan tərəfinin sülhə inamı və sadiqliyi ilə bağlıdır. Əgər Ermənistan lazım olan addımları atacaqsa, sülh müqaviləsi imzalanacaq. Beynəlxalq miqyasda da Azərbaycanın sülh prosesinə pozitiv yanaşması başa düşülür. Təəsüflər olsun ki, Ermənistan sülh müqaviləsinin imzalanması üçün heç bir addım atmır.

- Sülh müqaviləsi imzalanmasa tərəflər arasında ilkin razılaşma sənədinin mahiyyəti necə təsbit edilə bilər?

- Yekun sülh müqaviləsinin mətni üzərində konkret razılaşma olmasa belə onun paraflanmış vəziyyətini imzalamaq mümkündür. COP29-da və yaxud həmin ərəfələrdə bu sənədin imzalanması istisna edilmir. Əsas gözlənti də ondan ibarətdir ki, tərəflər arasında kiçik bir addımın belə atılması mümkün olsun.

- ABŞ-dan növbəti dəfə sülh və kommunikasiya xəttlərinin açılması ilə bağlı açıqlama verilib. Ağ evi bu məsələdə israrlı davranmağa vadar edən səbəb nədir?

- Zəngəzur dəhlizinin açılması kifayət qədər geniş bir mövzudur. Burada kommunikasiya xəttlərinin istiqamətləri də çoxşaxəlidir. Çünki Zəngəzur dəhlizi dedikdə Çindən Avropaya ticarət və nəqliyyat, kommunikasiya xəttlərinin keçməsi başa düşülür. Digər tərəfdən Şimal-Cənub, Şimal-Qərb layihələri haqqında da yanaşmalar var. Hələlik bu layihələr real olmasa da, gələcəkdə kifayət qədər öz mahiyyətinə görə fərqlənən bir kommunikasiyadır. Eyni zamanda bu türk dünyası arasında kommunikasiyaların, bağlantıların genişlənməsi deməkdir. Bu yaşıl və digər enerji xəttlərinin məhz Mərkəzi Asiyadan Orta xətlə keçməsini nəzərdə tutur.

- Vaşinqtonun Mərkəzi Asiyanın enerji məhsullarını Zəngəzur dəhlizi vasitəsi ilə daşımaq niyyəti bu layihənin qısa zamanda reallaşmasına necə təsir edə bilər?

- ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynın da bəyanatında Mərkəzi Asiyanın neft və qaz resurslarının məhz Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya nəqli nəzərdə tutulur. Amerika çoxdandır bu istiqamətdə cəhdlər edir. Onlar Bakı-Tbilisi-Ceyhanın xəttinin də Tbilisdən deyil, Ermənistandan keçməsini istəyirdilər. Hətta digər enerji xəttlərinin də Ermənistandan, indiki halda isə Zəngəzurdan keçirilməsi niyyətləri var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu mümkün ola bilər. Sözsüz ki, bunun dayanıqlı olması üçün Ermənistanın zəruri addımları atması tələb edilir.

- İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində nə kimi dəyişikliklər var?

- İranın ali dini lideri Ayətullah Xamenei Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin Ermənistanın əleyhinə olması ilə bağlı bəyanat verdi. Bu son aylardan sonra səslənən növbəti bir bəyanat idi. Sözsüz ki, bu bəyanat Azərbaycanla Ermənistan arasındakı danışıqlara təsir edəcək.

- Belə çıxır ki, Zəngəzur yaxın dövr üçün böyük güclər arasında ciddi toqquşma nöqtəsi olacaq...

- ABŞ-da Cozef Baydenin komandasının hakimiyyətdən gedişindən sonra Kamala Harris və Donald Trampın hakimiyyətə gəlməsi ilə bu kimi məsələlərə də aydınlıq gətiriləcək. Zəngəzur ciddi coğrafiya olduğuna görə, bu bölgə uğrunda mübarizənin gedəcəyi də qaçılmazdır. Ermənistan suveren dövlət olmadığına görə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan arasında artıq Zəngəzur uğrunda ciddi şəkildə çəkişmə başlamaqdadır.

- Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planları nədən ibarətdir?

- Paşinyan üçün çıxış yolu çox sadədir. Çünki O Zəngəzura nəzarət edə bilmir. Ermənistan ordusu o bölgədə xidmət aparmır. Ona görə də, Ermənistan Zəngəzurun təhlükəsizliyini Azərbaycan və Türkiyəyə həvalə etsə, bunun onun üçün daha yaxşı nəticə ilə bitər. Çünki Zəngəzurun gələcəyi mütləq şəkildə Azərbaycandan keçir. Azərbaycan Zəngəzurun xarici qüvvələr tərəfindən istila edilməməsi üçün maksimum effektiv fəaliyyət göstərə bilər. Ermənistanın isə belə imkanları yoxdur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər