Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanla Ermənistan arasında sülh üçün kompromis variantlar gündəmə gətirilir. Bundan sonra tərəflərin qarşılıqlı olaraq güzəştə gedəcəyi nələr var?
- Tərəflər delimitasiya məsələsində kompromisə gedə bilərlər. Hazırda delimitasiya və demarkasiya prosesinin getdiyi ərəfədə bu kimi yanaşmaların olması mümkündür.
Azərbaycanın istəyi odur ki, Zəngəzurdan Naxçıvana yol açılsın. Naxçıvanla Azərbaycanın Qərb rayonları arasında dəmiryolu və avtomobil yolunun açılması vacibdir. Ermənistan isə buna imkan vermir. Beynəlxalq hüquqa əsaslanan qaydalarla bu yolun açılması mümkündür. 44 kilometrlik bir yol üçün Ermənistanın hansısa qaydalardan danışması məntiqsizdir.
Yarım saatlıq bir yol üçün ağır prosedur qaydalarına ehtiyac yoxdur. Ermənistandan tələb edilən kompromis doğru yanaşmaları qəbul etməsi ilə bağlıdır. Sərhəd anlayışını burada əsas götürməklə qarşı tərəfin də fundamental hüquqlarını pozmaq olmaz.
- Qarabağ ermənilərinin geri qayıtması fonunda Azərbaycan Qərbi Azərbaycandan qovulmuş soydaşlarının da geri qayıtması tələbini qoyub. Avropa İttifaqının bu prinsiplərə birtərəfli münasibəti nəyə hesablanıb?
- Avropa İttifaqında bu cür yanaşmaların ortaya çıxması yanlışdır. Bu, beynəlxalq hüququn ən böyük müddəalarından birinin pozulması deməkdir. Əgər Aİ-ı məsələyə bu cür yanaşırsa, o özü birbaşa olaraq bərabərlik meyarlarını pozmuş olur.
Bütün dövlətlər və xalqlar bərabərdir. Biri kiminsə xalası oğludur, digəri nökərin balasıdır anlayışı yoxdur. Əgər Qarabağda yaşamış və buradan könüllü şəkildə getmiş ermənilər geri qayıtmaq istəyirsə, Qərbi Azərbaycanlıların da geri qayıtmaq hüququ təmin edilməlidir.
- Qərbi Azərbaycanlıların geri qayıtması anlayışına qarşı Ermənistanın qorxunc reaksiyasına səbəb nədir?
- İddia edirlər ki, yüz min azərbaycanlı vaxtilə yaşadıqları ərazilərə, yəni indiki Ermənistana geri qayıdacaq. Daha sonra həmin azərbaycanlıların səsvermə üstünlüyü qazanaraq Ermənistandan ayrılmaq iddiası ilə çıxış edəcəklərini düşünürlər. Bu onların xəstə təfəkkürünün məhsuludur.
Ermənilərdən fərqli olaraq isə azərbaycanlılar o ərazilərdə yaşadıqları dövrdə heç bir vaxt hansısa bir siyasi iddia ilə çıxış etməyiblər. Onların yeganə arzusu dinc yaşamaq olub.
Amma ermənilər Azərbaycan ərazisində yaşaya-yaşaya “böyük Ermənistan” qurmaq arzularından danışıblar. “Dənizdən-dənizə Ermənistan” qurmaqla “qərbi Ermənistanı” da guya Türkiyədən alacaqları kimi səfeh iddialara düşüblər. Nəticəni isə indi hamı görür.
- Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin son zamanlar artan fəallığı barədə nə deyərdiz?
- Əslində Zəngəzur dəhlizi və onun ətrafında yaşananlar Amerikanı maraqlandırmamalıdır. Amerika bu ərazidən 12-15 min km aralıdadır. Orta Asiya ilə əlaqədar onların niyyətinin bu kontekstdə heç bir əhəmiyyəti yoxdur.
Sadəcə olaraq bu ABŞ-nin dünya ağalığı üzərində qurduğu növbəti oyunudur. Çindən başlayan Orta Dəhliz artıq reallaşır. Bu da Amerikanı ciddi narahat edir. Ona görə də, bu məsələdə Ermənistan düzgün qarar verməlidir.
Orta Dəhlizin bir hissəsi olacaq 44 km-lik Zəngəzur dəhlizi açılmalıdır. Ağ Evin digər qorxusu isə Azərbaycanın bu dəhlizi İran üzərindən açmasıdır.