12 Avqust 14:14
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdəki gərginlik və İran-İsrail qarşıdurmasında tərəf olmasaq da, bizi də odun içinə atmaq istəyirlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İsrail-İran gərginliyi fonunda xarici mediada Azərbaycanla bağlı yayılan dezinformasiyalara diqqət çəkib:

“Yaxın Şərqdə artan gərginlik Cənubi Qafqaz, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcək” dedikdə, məhz buna bənzər informasiya müharibəsini nəzərdə tuturduq. Britaniyanın “Teleqraf” nəşrinin iddiasına görə, İran prezidenti İsrailin yaxın qonşularda mövqelərinə zərbə endirməyi təklif edərkən, Azərbaycanın da adı çəkilib, yəni İsrailin ölkəmizdəki səfirliyinə qarşı həmlə nəzərdə tutulub. Tehran belə bir addım atmaq istəyərsə, bu, avtomatik Azərbaycan-İran münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Azərbaycan başqa dövlətlərin mübarizə və müharibə meydanı deyil.

Bu mövzu ətrafında müzakirələr davam edərkən İsrailin “Kan” dövlət teleradio şirkəti İsrail ordusunun İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etməsi xəbərini yayıb. Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal ölkəyə qayıtmağa borcludurlar. Bu da təxribatdır.

Azərbaycanda İsrailə məxsus hərbi birlik və ya hərbçilər yoxdur. İsrailin dövlət televiziyası bu təxribatçı xəbərlə İrandakı anti-Azərbaycan mövqeyində dayanan mühafizəkar dairələrin və SEPAH generallarının əlinə oynayıb. Çünki məhz onlar illərdir İsrailin Azərbaycanda hərbi varlığı haqqında əfsanələr yayırlar. İndi də deyəcəklər ki, gördünüz, bunu İsrail də təsdiq edib.

Yaxın Şərqdəki gərginlik və İran-İsrail qarşıdurmasında tərəf olmasaq da, bizi də odun içinə atmaq istəyirlər. Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyin əhəmiyyəti bir daha görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər