23 Avqust 14:28
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin genişlənməsi imkanlarını müzakirə etmək idi. Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya üçün Asiya bazarına çıxış önəmlidir. Azərbaycan üçün də Şimal-Cənub dəhlizinin işlək vəziyyətdə olması əhəmiyyətlidir. Ancaq bu xəttin tam gücü ilə işləməsi İran və Hindistandan da asılıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə xatırladılır ki, bu ilin mayında Hindistanla İran arasında Çabahar limanının icarəyə verilməsi haqda sənəd imzalanıb:

“Sənədə əsasən, 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı icarəyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstanla ticarət əlaqələri qurmaq istəyir. Bundan başqa, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahara, oradan da Hindistanın Mumbay limanına çatdırılmalıdır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq.

Ekspertlər Çabaharı Pakistanın Kəraçi və Qvadar limanlarından yan keçməklə, Hindistanın Mərkəzi Asiya bazarlarına çıxışı üçün strateji fürsət kimi dəyərləndirirlər. Enerji təchizatının təmin edilməsi, ticarətin genişləndirilməsi, yeni bazarlar və resurslara çıxış və mineral sərvətlərdən istifadə Hindistan üçün əhəmiyyətlidir. Tərəflərin əlaqəni yaxşılaşdırmaq niyyəti nəticəsində 20 konteynerdən ibarət ilk qatar bu ilin avqustun 1-də Bəndər Abbasdan Özbəkistanın Çukursayi stansiyasına yola salınıb. Ümumilikdə Çabahar fəaliyyətə başlayandan bəri Hindistan bu liman vasitəsilə 90 000-dən çox konteyner və 8.4 milyon ton yük daşınıb”.

Mərkəzin ekspertləri bildirirlər ki, dəhlizin işə düşməsindən sonra Hindistanın Mərkəzi Asiyaya ixracında artım müşahidə olunur:

“Beləliklə, nəqliyyat yolları və bazarlar uğrunda mübarizədə Hindistanla Çin arasında rəqabət güclənib. İki dövlət yüksək texnologiyalar sahəsində də rəqabət aparırlar. Hindistanın Mumbay şəhərindəki “Tata Fundamental” Tədqiqatlar İnstitutunda ilk kiçikmiqyaslı kvant kompüteri tamamlanmaq üzrədir. Bu layihə Hindistan üçün kvant texnologiyasının inkişafında xüsusi əhəmiyyət kəsb edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər