Xeyli vaxtdır verilən bir suala cavab vermək istəyirəm. Doğrudanmı yalnız Qərbi azərbaycanlılar irəli çəkilir və bu mövzu cəmiyyətə lazımdırmı? Azərbaycanı regionlara bölmək ölkəmiz üçün çox ziyanlıdır və Qərbi azərbaycanlılarla bağlı məsələnin sosial şəbəkə gündəminə salınması yolverilməzdir. Bizim hamımızın bir adımız var: azərbaycanlı. Bu söz bəs edir ki, bir-birimizə sahib çıxaq və dəstək olaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı son günlər gündəmə gələn “yeraz”-naxçıvanlı mövzusuna münasibət bildirərkən deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan İcması yaranıb və bu, tarixi bir hadisədir:
“Bu İcmanın qarşısında böyük bir tarixi missiya da dayanır. Bu tarixi missiyanı Azərbaycan həyata keçirəcək, amma onun ən hərəkətverici və görünən hissəsi Qərbi azərbaycanlılar olacaq. Qərbi Azərbaycan İcması yaranandan Qərbi azərbaycanlılar daha çox göz önündə olmağa başlayıb və bu təbii hal deyilmi? Axı dövlət adına onların qarşısına vacib vəzifə və missiya qoyulub”.
Partiya sədri “Azad Vətən” partiyasının sədri Akif Nağının sözlərinə də münasibət bildirib:
“Onun fikirlərində ciddi qüsur var idi, özü də bunu etiraf edib və emosianal vəziyyətinə bağlayıb. İstənilən halda siyasətçi fikir və ifadələrini gərək yüz ölçüb, bir biçsin. Çünki onların dedikləri ilə adi vətəndaşın dedikləri arasında böyük fərq var. Biz siyasətçilər ölkəni parçalamaq, bölmək, insanların doğum yeri və digər anlayışlara görə təsnifatlaşdırmaq yox, bütövlük, birlik və gələcəyə ümid yaratmaq üçün çalışmalıyıq. 1948-ci ildən bəri 720 min azərbaycanlı Ermənistandan qovulub və didərgin salınıb. O zamandan bəri az qala iki nəsil dəyişib və onların ümumi sayı 2 milyon nəfəri çoxdan ötüb. Onlar artıq yaşadıqları şəhərlərin, rayonların, kəndlərin mədəniyyətini, yeməyini əxz edib, qohum olub, qaynayıb-qarışıb. Onlar hamısı azərbaycanlılardır, biz də azərbaycanlıyıq”.
Razi Nurullayev hesab edir ki, Qərbi azərbaycanlılar təhsilə, elmə, siyasətə çox maraq göstərir və bu tənqid yox, təqdir olunası haldır:
“Müşahidəmə görə onların böyük əksəriyyəti ali təhsil almağı məqsəd kimi qarşılarına qoyur və müxtəlif elm və təhsil müəssisələrində çalışırlar. Mən bunu gözəl hal kimi qiymətləndirir və bütün azərbaycanlıları harada yaşayıb-yaşamamasından asılı olmayaraq elmə, təhsilə və texnoloji inkişafa ən vacib məsələ kimi yanaşmağa dəvət edirəm. Biz hamımız bir ölkənin hüdudlarında yaşayırıq - biz hamımız azərbaycanlıyıq”.