Bakıda digər regionlarla müqayisədə yaşayış minimumu ilə yanaşı, daşınmaz əmlaka da tələbat çoxdur. Nəticədə evlər bölgələrlə müqayisədə paytaxtda daha baha olur. Prosesin özünü dəstəkləyən obyektik və subyektiv faktorlar var. Obyektiv faktorları təbii amillər kimi qruplaşdırmaq olar. Şəhərləşmənin xüsusiyyətindən meydana çıxan məqamlar mövcuddur. Urbanizasiya Azərbaycan kimi şaxələnmiş coğrafiyaya, yaşayış məskənləri və iqtisadiyyata malik olmayan ölkələrdə paytaxta doğru sürətli axınla müşahidə edilir.
Bu fikirləri Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.
O qeyd edib ki, resurs təşviqi nəticəsində formalaşan təmərküzləşmə təbii olaraq mənzil qiymətlərinin bahalaşmasına gətirib çıxarır:
“İqtisadiyyatın digər təsirlərinin rolu da var. Mənzil, yaşayış sahəsi, torpaq tükənən əmlak sahələridir. Tükənən faktorlar isə daha sürətlə dəyər qazanır. Onların bazar dəyəri ilə real qiyməti arasında ciddi uçurumlar yaranır”.
Ekspert hesab edir ki, şəhər mərkəzində biznesin təmərküzləşməsi və yaşayışın sıxışdırılması qiymətləri artıran amillərdir:
“Resurs iqtisadiyyatı 2005-ci ildən sonra daşınmaz əmlak bazarına böyük axınlara səbəb olub. Faktiki bazar qiymətləri real dəyərlə müqayisədə kəskin artdı. Subyektiv amillər də bazara müdaxilə etdi. Qiymətlərə həmçinin qeyri-rəsmi ödəniş tələblərinin də təsiri böyük oldu”.
Rəşad Həsənova görə, qiymət məsələsinə tikintiyə icazələrin verilməsi, rəsmiləşdirmə və digər proseslərdə süni əngəllərin olması da təsir edir:
“Qiymətlərin maya dəyərinin artması bu amillərlə bağlıdır. Ənənəvi yanaşmaların təsiri də az deyil. Ev sahibi olmaq Azərbaycan ailəsi üçün ümdə məsələdir. Bu, tələbi dəstəkləyən amildir. Nəticədə qiymət artımı formalaşır. Yaşayışla təminat məsələsində də ölkədə göstəricilər aşağıdır. Azərbaycanda adam başına düşən yaşayış sahəsi azdır. Yaşayış tələbi qarşılanmır. Nəticədə bazarda evlərin qiyməti daha yüksək olur”.