12 Sentyabr 13:53
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində uğur qazanmayan REAL partiyasının sədri İlqar Məmmədov istefa verib. Bundan öncə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də istefa verəcəyini açıqlamışdı. Müxalifət partiya sədrlərinin seçki uğursuzluğundan sonrakı istefa xəbərlərinə müxtəlif yanaşmalar var.

Mövzunu Teleqraf.com-a sərh edən Yeni Azərbaycan Partiyasının təmsilçisi, VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov məsələyə fərqli münasibət bildirib.

“Dünya praktikasına görə, siyasi partiyalar və siyasətçilər seçki prosesində iştirak etdikdən sonra nəticələri təhlil edirlər. Seçkidə ümumi proses analiz olunur və uğurun əldə edilməməsinin əsl səbəbləri araşdırılır. Azərbaycanda isə neçə illərdir seçki prosesinə qatılıb heç bir uğur qazanmayan partiya sədrləri tutduqları postu tərk etmək istəmirlər. Belə sədrlər partiyaya öz müəssisəsi kimi baxırlar” - deyə o əlavə edib.

YAP təmsilçisi bildirib ki, Azərbaycanda yeni siyasi sistem formalaşıb:

“Hansı partiya sədri rəhbərlik etdiyi qurumu irəli apara bilməyib geri çəkilirsə, bu, təqdirəlayiq haldır. Partiya sədri postundan ikiəlli yapışanlar isə həmin qurumları uçuruma aparır.

İlqar Məmmədov, Pənah Hüseyn kifayət qədər siyasi təcrübəyə malik şəxslərdir. Onlar öz seçimlərində sərbəstdirlər. Ola bilsin ki, onlar fərqli bir yol tutub. Bəlkə bu adamlar özlərini başqa bir sahədə sınamaq istəyirlər. Düşünürlər ki, yeni seçdikləri sahədə daha çox uğur qazana bilərlər və sair”.

Siyavuş Novruzov seçkiyə qatılmayan, seçki təcrübəsi olmayan siyasi partiyalardan da danışıb:

“AXCP 2000-ci ildən sonra heç bir seçkidə iştirak etməyib. Partiyanın bu halda necə seçki təcrübəsi ola bilər? Bunun səbəbi partiya sədrinin iddiasıdır. “Mən seçilmirəmsə, heç kəs seçilə bilməz, mənim namizədliyim yoxdursa, heç kəsin namizədliyi olmamalıdır” şərtləri kökündən yanlışdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər