12 Sentyabr 12:37
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlqar Məmmədovun REAL sədrliyindən getmək qərarına əvvəldən etiraz etmişəm. Aylar öncə bu qərar elan edildikdə bununla razı olmamışdım. Bizim partiya olaraq əsas hədəfimiz ölkədə tam demokratik seçkilərə nail olmaqdır. Avropa ölkələrində olduğu kimi siyasi partiya lideri tam demokratik seçkilərdə müəyyən nəticə əldə etmədikdə istefa verir.

Bu sözləri Teleqraf.com-a REAL partiyasının sədri İlqar Məmmədovun istefa səbəbini şərh edən sədr müavini Natiq Cəfərli deyib.

“Azərbaycanda ilk hədəfimiz odur ki, heç kimdə şübhə doğurmayan seçki sistemi və ortamı yaradaq. Bunu aylar öncə İlqar bəyin özünə də demişdim. Ona görə də, İlqar bəyin istefa qərarını doğru saymıram. Amma yetkin bir siyasətçi olaraq, ciddi siyasi təcrübəyə malik bir şəxsin qərarına hörmətlə yanaşırıq. İlqar Məmmədov partiyanın Siyasi Komitəsindən, ümumiyyətlə siyasətdən getməyəcək. O, partiyada və siyasi strukturda qalacaq” - deyə Natiq Cəfərli əlavə edib.

Sədr müavini REAL-ın unikal partiya kimi idarəetməni Siyasi Komitə vasitəsi ilə həyata keçirdiyini söyləyib: “Bu, kollektiv idarəetmə modelidir. Qurultay Siyasi Komitəni, Siyasi Komitə isə sədri seçir. REAL partiyasında sədr həmişə Siyasi Komitə qarşısında hesabatlı olub. Sədrin Siyasi Komitənin qərarı olmadan hansısa addım atması mümkün deyil”.

Natiq Cəfərli bildirib ki, növbəti qurultaya qədər hər kəs öz yerində qalacaq: "Amma İlqar bəy moderator olmaq istəmir. Bu, onun haqqıdır. Yəqin ki, yaxın günlərdə partiyanın Siyasi Komitəsinin qərarı olacaq. Komitədəki 8 nəfərin hamısı partiyanın sədri olmağa layiqdir. Daxili müzakirələrdən sonra partiya yeni sədrini seçəcək. Hazırda partiya daxilində iyerarxiyaya baxdıqda sədrdən sonra bütün problemlərin həllində səlahiyyətli şəxs mən idim. Əgər Siyasi Komitə mənim sədrliyim üzərində dayanacaqsa, məsuliyyətdən qaçmayacam”.

Qeyd edək ki, REAL sədri İlqar Məmmədov parlament seçkilərindən əvvəl uğur qazanmayacağı təqdirdə tutduğu vəzifədən istefa verəcəyini bəyan etmişdi. Seçkilərin nəticələri elan olunduqdan sonra İlqar Məmmədov verdiyi vədə əməl edərək istefa bəyanatı ilə çıxış edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər