44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"44 günlük müharibədən sonra çoxlu sayda silahımız yoxa çıxıb və biz bu mövzunu bir neçə dəfə müzakirə etmişik. Bu məsələ Təhlükəsizlik Şurasında da müzakirə olunub", – o bildirib.
Baş nazir qeyd edib ki, o, daxili işlər nazirinə qanunsuz silah və sursatların axtarışı metodologiyasına yenidən baxılmasını tapşırıb.
"İstifadə etdiyimiz metodlar yeni çağırışlara cavab vermir. Yeni metodlardan istifadə etməklə artıq kiçik də olsa, müəyyən nəticələr əldə etmişik. Biz bu üsulla qeyri-qanuni silah və sursatları aşkarlaya bilərik”, - N.Paşinyan əlavə edib.
O, həmçinin ölkədə qanuni silahların sayının artmasına da diqqət çəkib. Baş nazir tolerant cəmiyyət qurmaq üçün silah əldə etməyin nə dərəcədə məqbul olduğunu başa düşməyin vacibliyini vurğulayıb.