Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ukraynadakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ukrayna xarici işlər naziri Dmitro Kuleba istefa ərizəsini təqdim edib. Ölkənin strateji sənayelər naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska və ekologiya naziri Ruslan Strilets isə artıq istefa verib. Baş nazirin müavinləri Olqa Stefanişina və İrina Vereşçuk da istefa marafonuna qoşulub. Ukraynada nə baş verir, gözlənilməz istefalar nə ilə bağlıdır? Kabinetini yeniləyən Prezident Vladimir Zelenski nəyə hazırlaşır və ya hansı planları qurur?
- Bir sıra məsələlər var. Zelenski bəyan edir ki, Kursk əməliyyatı gələcək danışıqlarda mövqeləri gücləndirmək üçün başladılıb. Bu baxımdan, Ukraynanın siyasi elitası gələcəkdə nəzərdə tutulan danışıqların nəticəsində əldə olunacaq atəşkəs razılaşmasına hazırlıq görür. Hamı başa düşür ki, atəşkəsdən sonra prezident seçkiləri olacaq. İndi bu komandanın fəal siyasətçiləri məhz bu dövrə hazırlıq görürlər, gələcək siyasi mübarizə üçün mövqeləri və imiclərini gücləndirirlər. Çünki hamı başa düşür ki, əgər belə bir razılaşma əldə olunsa, (bunu şərti olaraq “atəşkəs razılaşması” adlandırmaq olar) Zelenski ciddi şəkildə linç ediləcək. Bu hazırlıq çərçivəsində də komandanın bəzi üzvləri gəmini tərk edirlər.
- Kursk əməliyyatının Rusiyaya təsiri o qədər böyük oldu ki, atəşkəsə hazırlıq başladı?
- İlk növbədə, danışıqlara hazırlaşan Ukraynadır. Çünki bundan əvvəl danışıqlar nəzərdə tutulmamışdı. Hətta Zelenski belə bir qanun da qəbul elədi ki, danışıqlar olmamalıdır, heç vaxt Putinlə danışıqlar mümkün deyil və sair. İndi fərqli fikirlər səsləndirilir ki, danışıqlar mümkündür. Deyəsən, vəziyyət dəyişir. Əlbəttə, durumla bağlı tam məlumata malik deyilik, sadəcə təxmin edə bilərik, mənim də fikirlərim bundan ibarətdir.
- Bəs nə baş verdi və ya dəyişdi ki, Zelenski Putinlə danışıqlara getmək istəyir?
- Mənə elə gəlir ki, qismən də olsa, Qərbin bu istiqamətdə təzyiqi var. Çünki nə Rusiya, nə də Ukrayna hərbi vasitələrlə məqsədlərinə nail ola bilir. İndi siyasətin hərbi üsulu nəticə verə bilməz. Buna görə də, bəlkə də münaqişənin dondurulmasına gedə bilərlər. Təxminən vaxtilə bizdəki kimi (keçmiş Qarabağ münaqişəsi – red.) bir dövr olacaq. Yəni atəşkəsə nail olub, sonra uzun illər nəticəsiz danışıqlar aparacaqlar. Hesab edirəm ki, ilin axırınadək bu cür hadisələr mümkündür.
Kursk əməliyyatına gəlincə, bunun miqyası o qədər böyük deyil ki, təsir eləsin. Qərbin məqsədi ondan ibarətdir ki, Ukrayna uduzmasın. Amma heç yerdə də deyilmir ki, Ukrayna qalib gəlməlidir. Buna görə də, prosesin dondurulması ehtimalı çox böyükdür.