Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması təşəbbüsü ilə ilk olaraq dövlətimiz çıxış edib və bu barədə ilkin layihə məhz rəsmi Bakı tərəfindən təqdim olunub. Yəni, sülh sazişi üzrə danışıqlar aparılmasını Ermənistana ölkəmiz təşviq edib. Bütün bunları nəzərə alaraq, rəsmi İrəvanın Azərbaycanın sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir əsası yoxdur. Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyulmasıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir:
“Belə tələblərdən biri də erməni tərəfinin ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasıdır. Çünki bu ölkənin konstitusiyasında dövlətimizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Buna baxmayaraq erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Belə ki, avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında ölkəsinin guya heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası olmadığını açıqlayıb. Əksinə, Paşinyan guya Azərbaycan Konstitusiyasında ölkəsinə qarşı ərazi iddialarının olduğunu iddia edib. Paşınyan fikrini Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması ilə “əsaslandırıb”. Çünki Xalq Cümhuriyyətinin müəyyən hissəsi indiki Ermənistan ərazisini əhatə edirdi. Ona görə də, Paşinyan bu məqamı nə qədər absurd olsa da, ölkəsinə qarşı ərazi iddiası hesab edir. Paşinyan əslində indiki Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığını etiraf edir”.
Millət vəkilinə görə, digər problem Ermənistanın bir sıra ölkələr tərəfindən silahlandırılmasıdır:
“Fransa, Hindistan aşkar şəkildə bu ölkəyə silah tədarük edir. Ermənistanın silahlandırılması isə regionda sülh imkanlarına ciddi təhlükə yaradır və bölgədə gərginliyin artmasına xidmət edir. Son zamanlar Ermənistanda revanşist çağırışlar da artmaqdadır ki, bu amil də narahatlıq doğurur. Əgər rəsmi İrəvan həqiqətən sülh istəyirsə konkret mövqe ortaya qoymalı və sülhə əngəl olan məsələləri həll etməlidir. Lakin N.Paşinyanın son fikirlərindən isə görünən odur ki, erməni tərəfi dayanıqlı sülhdə maraqlı deyil. Regionda gərginliyin davam etməsi isə ilk növbədə Ermənistanın ziyanına olacaq. Rəsmi İrəvan bunu unutmamalıdır. Onlar üçün ən azı 44 günlük müharibənin nəticələrini xatırlamaq kifayətdir. Bu səbəbdən də erməni tərəfi müəyyən beynəlxalq dairələrin dəstəyinə arxalanmamalı və sülh naminə Azərbaycanın şərtlərini qəbul etməlidir”.