11 Sentyabr 14:10
3 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın yeni prezidenti Məsud Pezeşkian üçgünlük səfər proqramı ilə İraqa gəlib. Bu, onun İran prezidenti kimi ilk xarici səfəridir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

“Bu, yeni prezident üçün tarixi səfərdir. Pezeşkian Bağdada iqtisadi və digər məsələlərlə məşğul olan böyük bir nümayəndə heyəti gətirib. Bu, İraqı Tehranın gündəliyinə və ölkə iqtisadiyyatına yaxınlaşdırmaq məqsədinin bir hissəsidir.

İranın İraqa böyük təsiri var. Onun İraqda “Xalq Səfərbərlik Qüvvələri” adlanan çoxsaylı yaraqlıları yerləşib. Bu bölmələrə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan “Kətaib Hizbullah” kimi qruplaşmalar daxildir. Bu qruplar tez-tez bölgədəki ABŞ hərbçilərinə hücum edirlər. Məsələn, “Kətaib Hizbullah” yanvarda İordaniyada ABŞ hərbçilərini hədəfə alaraq üç amerikalını öldürmüşdü. Bu qruplar həmçinin kamikadze dronları ilə İsraili hədəfə alırlar”, - məqalədə deyilir.

İsrail nəşri bildirir ki, İraq baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşü planlaşdırılan Pezeşkian həmçinin bu ölkədə yerləşən müxtəlif şiə ziyarətgahlarına baş çəkəcək. İran lideri İraqın cənub bölgələri, o cümlədən Bəsrə və Şimali İraq Kürd Muxtariyyətinə də səfər edəcək.

“İranın İraqdakı səfiri bu yaxınlarda kürd muxtariyyətini təhdid edib. O, İsrailin İranı təhdid etmək üçün Şimali İraqdan istifadə etdiyi iddiasını irəli sürüb. İran əvvəllər də bu iddia ilə çıxış edib. Adətən belə iddialardan sonra İran kürd bölgəsini PUA-larla hədəfə alır.

Bundan əlavə, İran İraqın şimalında yerləşən kürd qruplarına hərbi güc tətbiq etməklə hədələyib. Bu illər ərzində İrandan bir çox kürd İraqa qaçıb. Onların İran və İraqda molla rejiminə müqavimət göstərən siyasi partiyaları var. İran bu qrupların ofisləri və Şimali İraqdakı bazalarının bağlanmasını istəyir”, - nəşr yazır.

“Yerusəlim Post” İranın Ermənistanla bağlı planlarına da diqqət çəkib: “Pezeşkianın səfəri İranın Səudiyyə Ərəbistanı və regionun digər dövlətləri ilə diplomatik barışıq və əlaqələri möhkəmləndirməyə çalışdığı bir vaxta təsadüf edir. İran həmçinin Ermənistan və Serbiya da daxil olmaqla bir sıra digər ölkələrlə də əlaqələrin genişləndirilməsini müzakirə edir”.

Teleqraf-ın şərhi: İran prezidentinin səfərinin Türkiyənin İraqla təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə mövzusunda imzaladığı anlaşmadan sonraya təsadüf etməsi də bir başqa diqqətçəkən detaldır. İranın İraq ərazisində, xüsusilə Süleymaniyyədə PKK terror təşkilatına bağlı qruplaşmalara yardım etdiyi məlumdur. İranın İraqdakı bu fəaliyyətinə dəfələrlə Türkiyədən etiraz edilib.

Pezeşkianın İran prezidenti kimi ilk xarici səfər üçün İraqı seçməsi həm də o ehtimalı yaradır ki, Türkiyənin İraqda terrorçulara qarşı bitirici həmləyə hazırlaşmasından Tehranda narahatdırlar. Xüsusilə bu məsələdə Bağdad və kürd muxtariyyətinin də Türkiyəyə dəstək verəcəyi nəzərə alındıqda mənzərə tam aydınlaşır.

İran bir yolla İraqa təsir edib bunun qarşısını almağa çalışacaq. Amma artıq anlaşma imzalanıb, Türkiyə sərhədləri yaxınlığında yerləşdirilmiş təhlükəni bitirməkdə qərarlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər