14 Sentyabr 10:52
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakı, həmçinin də İrəvan açıqladı ki, sülh müqaviləsi 80 faiz razılaşdırılıb. İndiki vəziyyət o anlama gəlir ki, müzakirələr davam edəcək. Yalnız müzakirə etməklə danışaraq, anlaşaraq bu problemi həll etmək olar. Bunun üçün də zaman lazımdır. Ona görə yenə də kimisə aldadaraq, bu prosesdə mən aldatdım, - deyə bir anlayış yoxdur. Bu, mümkün deyil.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yer alan müddəanın dəyişdirilməsi məhz buna xidmət edir:

“Çünki bu ərazi iddiası konstitusiyadan təmizlənmədən sülh müqaviləsinin heç bir mahiyyəti, anlamı yoxdur. Beynəlxalq sənədlər, müqavilələr bir dövlətin konstitusiyasından üstün deyil. Məsuliyyəti bölüşmək və hüquqi proseduralar üçün bu cür sənədlər öncə Konstitusiya Məhkəməsinə göndərilir. Sərhədlərin müəyyənləşməsi üçün ortaq bir komissiya işçi qrupu var. Onların birlikdə işlədikləri əsasnamə var. Bunu dolayısilə işçi qrupu təsdiq edib. Sonra hökumət də qismən müzakirə etməklə bunu bəyəndi və məsuliyyəti bölüşmək, həm də hüquqi prosedur olaraq "topu" Konstitusiya Məhkəməsinə atdı. Bu bir mərhələdir. Bu mərhələdən Ermənistan hansı səviyyədə çıxacaq ona baxacağıq. Yalnız bundan sonra Azərbaycan məsələlərə hansı şəkildə yanaşacaq, onu müəyyənləşdirəcək.

Bu gün Qarabağ məsələsi müzakirə predmeti kimi gündəmdə deyil. Heç bir sənəd də yoxdur. Ancaq Ermənistan Konstitusiyası müstəqillik bəyannaməsinə görə miatsum ideologiyasına söykənir. Buna görə də indiki vəziyyətdə Ermənistan Konstitusiya Məhkəməsi necə qərar verəcək - buda bir problemdir. Yalnız bundan sonra qərar ratifikasiya üçün göndəriləcək. Eyni şey əgər sülh sənədi imzalanarsa, ona da aid olacaq. Buna görə də Azərbaycan üçün ciddi, davamlı, uzunmüddətli hüquqi təminata ehtiyac var. Bu da konstitusiyadan ərazi iddiasının, ümumiyyətlə bütün qanunvericilikdən bu yöndə bütün iddialar, sənədlər təmizlənməlidir. Yalnız bundan sonra sülhdən danışmaq olar. Əgər söhbət məslələrin 80 faizinin razılaşdırılmasından gedirsə, bunu çox rahatca keçilmiş bir mərhələ kimi paraflayırlar və məsələ bitir. Yəni bura qədər gəldik. Bura qədər gəlinmiş məqamlar razılaşdırılıb. Doğrudur, bu nə sülh müqaviləsi deyil və konkret hansısa imzalarla da təsdiq olunmur. Yəni bu, bir hüquqi məsuliyyət yaratmır. Paraflanır və ondan sonra Ermənistanın davranışlarına baxılır. Məsələlər danışılır, müzakirə olunur.

Azərbaycanda bəzi siyasətşünasların və yaxud Ermənistandakı bəzi müxalif revanşist qüvvələrin "Ermənistan rəhbərliyi sülh istəmir" - kimi fikirlərinə o qədər də önəm verməyək. Düşünürəm ki, əksinə Paşinyanın bu gün əlində bayraq edə biləcəyi iki məsələ var.

Birincisi sülh məsələsidir. Çünki 2021-ci il növbədənkənar parlament seçkilərində ölkəyə sülh gətirəcəyi ilə bağlı Nikol Paşinyanın ermənilərə verdiyi bir vəd var. Ona görə 2026-cı il parlament seçkilərinə sülhsüz əliboş getdiyi anlamına gələcək.

İkincisi, Avropa Birliyinə inteqrasiya məsələsidir. Bu yöndə də hərəkətlənmə var. İmza toplanması təqdirdə referendumun keçirilməsi kimi məsələlər gündəmdədir. Eyni zamanda viza məsələsinin liberallaşdırılması ilə bağlı Avropa Komissiyası ilə artıq danışıqlara başlayıb. Yəni buz yerindən tərpənib. Buna görə də Ermənistan rəhbərliyinə sülh əlbəttə lazımdır. Doğrudur, onların istədikləri şərtlər əsasında bir sülhü istəyərdilər. Ancaq Azərbaycana təminat lazımdır. Çünki Azərbaycanın qarşısındakı hiyləgər, riyakar bir düşmən var. Ermənilərə güvən yoxdur, hər şey təminat altına alınmalıdır”.

Politoloq bildirib ki, sülh prosesinin aparılması üçün ən doğru məkan Azərbaycan və Ermənistan ərazilərdir:

“Birbaşa Azərbaycan-Ermənistan sərhədində görüşülüb danışıla bilər. Sərhədlərin müəyyənləşməsi ilə bağlı İşçi qrup necə görüşüb danışırsa, xarici işlər nazirləri, ekspertlər qrupu da oturub rahat şəkildə sərhəddə danışa bilər. Burada heç bir problem görmürəm. Çünki sülh sənədinin digər bir adı münasibətlərin tənzimlənməsidir. Bu görüşlər bir dəfə Azərbaycan ərazisində Qazax rayonunun mərkəzində, növbəti dəfə Berd, Noyemberyan rayonunda, Ermənistanla həmsərhəd rayonların birində görüşülüb çox rahat aparıla bilər. Düşünürəm ki, bunun da ictimai fikirdə, həm də beynəlxalq ictimai rəydə müsbət qarşılığı olacaq.

Artıq buna başlamaq lazımdır. Ona görə məkan seçməyə ehtiyac yoxdur. Əgər danışan biziksə, bunun üçün niyə biz Amerika və ya digər yerlərdə danışmalıyıq?.. Qazaxıstan, deyək ki, bizim üçün uyğun məkandır, amma buna da ehtiyac yoxdur. Əlavə vəsait, zaman sərfi... Buna nə ehtiyac var?.. Azərbaycan Ermənistan sərhədində növbəlilik üsulunda görüşülür və danışılır. Əsas məsələ budur. Çünki məkan və vasitəçi problem yaradacaq məsələdir. Çünki məsələnin həllində çox ciddi qarşı duran rəqib tərəflər var. Hər kəsi eyni zamanda məmnun etmək olmur. Bu gün Moskvanı irəli çəkərsənsə, Qərb səndən narazı qalar və aranı qarışdırmaq istəyər. Eyni şey əksinə də mövcuddur. Heç bir məkana xüsusi önəm verməyə ehtiyac yoxdur. Əgər qonşu dövlətiksə və dinc yanaşı yaşamaq istəyiriksə və gələcəyimizi bu kontekstdə qurmaq istəyiriksə, görüşüb danışmağı bacarmalıyıq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər