14 Sentyabr 09:05
3 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Ermənistanın silahlanması və Zəngəzur dəhlizi ilə bağlı suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan müdafiə naziri Suren Papikyan Pekində çinli həmkarı Donq Junla görüşdü. Hər iki tərəf görüşdə hərbi əməkdaşlığın inkişafında maraqlı olduğunu bəyan etdi. Maraqlıdır: bir müddət əvvəl Azərbaycanla strateji tərəfdaşlığa dair müqavilə imzalayan Çinin Ermənistanla hərbi əməkdaşlığa nə vadar edir?

- Ümumiyyətlə, Çin həmişə müxtəlif ölkələrlə balanslaşdırılmış siyasət aparmağa çalışır, bunu açıq şəkildə bildirib. Bu, Çinin ənənəvi diplomatiyasıdır. Ölkələr müxtəlif və maraqları fərqli ola bilər, amma Çin üçün əsas odur ki, öz nüfuzunu bütün dünya və ayrı-ayrı bölgələrdə saxlasın, yaxud oralarda təmin eləsin.

Ermənistanın da Çinlə əməkdaşlıqda maraqları var. Madam ki, Çinin Avrasiyada güclü nüfuzu var, Ermənistan da bundan yararlanmağa çalışır. Bundan istifadə edərək, müəyyən qədər öz maraqlarını təmin etmək istəyirlər.

Papikyanın səfərinə gəlincə, son dövrlərdə Çinin Avrasiyada hərbi-siyasi nüfuzu artıb, bu da ermənilərin diqqətini çəkir. Həmçinin Ermənistan Çində istehsal olan silah-sursat maraq göstərir, bunlardan əldə etməyə çalışır.

Maraqlıdır ki, Çinlə münaqişəli durumda olan Hindistan Ermənistan üçün əsas hərbi-texniki tərəfdaş sayılır. İndi Ermənistan bu məsələdə bir balans yaratmaq axtarışındadır.

- İndi Ermənistan Çin silahlarına da maraq göstərirsə, Pekin də bu ölkənin silahlandırılması prosesinə qoşula bilərmi?

- Bunu istisna etmək olmaz. Çinin də marağındadır ki, Hindistan Ermənistanda dominantlıq eləməsin, buradakı nüfuzu kritik həddə çatmasın. Çin çalışacaq ki, Ermənistanı öz orbitinə daxil eləsin.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan günlərdir Yaponiyadadır. Tokioda müxtəlif səviyyələrdə görüşlər keçirilib və təhlükəsiz sahəsində əməkdaşlıqdan danışılıb. Yaponiyanın bu sahədə Ermənistanla əlaqəni sıxlaşdırmasında hansı marağı var? Üstəgəl, Tokio ötən il Qarabağ erməniləri üçün İrəvana 1 milyon dollardan çox pul ayırmışdı. Yaponlar niyə neytrallıqlarını pozurlar?

- Məsələyə həmin ölkələrin prizmasından yanaşmaq lazımdır. Yaponiyanın da regionda öz maraqları var. Hazırda ayrı-ayrı güclər və dövlətlər arasında Cənubi Qafqaz uğrunda rəqabət gedir. Yaponiya da öz maraqlarını ifadə etməyə çalışır. Yeri gəlmişkən, Yaponiya regionun digər ölkələri Azərbaycan və Ermənistanla münasibətlərdə də fəaldır, müəyyən sahələrdə layihələr həyata keçirilir. Ümumiyyətlə, bəzi maraqlı dövlətlər regiona kompleks şəkildə baxırlar. Bura Çin də, Yaponiya da daxildir. Hər bir maraqlı ölkə də regiona girmək üçün bir açar tapmağa çalışır.

Qənaətimə görə, Yaponiya bölgəyə Qərb və ya İran kontekstində yanaşmır, bu, bir qədər fərqli yanaşmadır. Əlbəttə, bütün hallarda, bu dövlətlər Ermənistanla əlaqə saxlamaq və ya bunu sıxlaşdırmaq niyyətindədirlər. Amma bu dövlətlər əsas sravkanı daha böyük və nüfuzlu ölkələrə edirlər. Məqsəd də öz maraqlarını gücləndirmək və ya təmin etməkdir. Zəif ölkəyə hansısa stavka isə onlara heç nə qazandırmayacaq. Sadəcə o zəif ölkədə də təmsil olunmaq, orada olmaq istəyirlər. Buna görə də, müxtəlif üsullara əl atırlar.

- Ümumiyyətlə, niyə Cənubi Qafqazda marağı olan dövlətlər dərhal Ermənistana silah-sursat vermək haqda düşünür: Bu sıraya İranı, Papikyanın bu günlərdə olduğu Cənubi Koreyanı, Yunanıstan, Hindistan, Fransa, ABŞ və digər Qərb dövlətlərini aid edə bilərik.

- Sadaladığınız ölkələrin yanaşmaları fərqlidir. Hərənin öz proqram və doktrinası var. Buna görə də, onları ümumiləşdirmək çətindir. Bu ölkələrin Ermənistanla hərbi əlaqələrini möhkəmləndirmələri ondan irəli gəlir ki, bu, İrəvanın marağından irəli gəlir. Əgər Ermənistan bunu istəyirsə, bu, xüsusən də regionda maraqlarını gücləndirmək istəyən ölkələr üçün önəmli faktora çevrilir. Maraq varsa, demək, təkliflər dəyərləndiriləcək. Təklifin miqyasından asılı olaraq nüfuz da formalaşır. Məsələn, bunu Hindistan-Ermənistan əlaqələrinə baxanda görə bilərik.

Hindistan Ermənistanda öz mövqelərini ona görə məhkəmləndirir ki, bunu İrəvan da istəyir. Bu da özünü əsasən infrastrukturun yaradılması və hərbi tərəfdaşlığın artırılmasında özünü göstərir.

- Cənubi Qafqazda artıq bir Rusiya-İran gərginliyi də yaşanır, Zəngəzur dəhlizi məsələsi iki ölkəni üz-üzə qoyub. Bu gərginlik necə bitəcək? Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı Əli Əkbər Əhmədiyanla görüşdə dedi ki, Moskva bununla bağlı Tehranla anlaşmasına sadiqdir. Söhbət hansı anlaşmadan gedir?

- Tərəflərin mövqeləri müəyyənləşib. Heç kim öz mövqelərindən geri çəkilmək niyyəti və marağında deyil. Yəqin ki, söhbət qırmızı xətlərin yenidən müəyyən olunmasından gedir. Çox güman, Rusiya İranı inandırmağa çalşıb ki, Zəngəzur dəhlizinin 10 noyabr anlaşması çərçivəsində açılması Tehranın maraqlarına toxunmayacaq və sair. Böyük ehtimalla, bu məsələ bir daha müzakirə olunub.

İranın dəhlizin açılmasına yanaşmasına gəlincə, bu, Rusiya üçün o qədər də əhəmiyyət kəsb eləmir. Çünki Rusiya İranın maraqlarını nəzərə almağa çalışır və bunu ona izah edir. Amma Rusiya əsasən öz maraqları çərçivəsində addımlar atır və atacaq. Bu qaçılmazdır. Rusiya bunu İrana izah etməyə çalışır, çünki vaxt keçdikcə, bu dəhliz Rusiya üçün xüsusi və daha böyük əhəmiyyət kəsb edir. İndi İran bunu istəyir-istəmir, bu, Rusiya üçün üçüncü dərəcəli məsələdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər