17 Sentyabr 09:23
4 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan sülh prosesi ətrafında və bölgədə baş verən son gəlişmələr barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan parlamentinin komitə sədri Andranik Köçəryan deyir ki, bütün şərti sərhəd boyunca hərbi möhkəmləndirmə və quruculuq işləri aparırlar. Guya bunu Azərbaycanın mümkün hücumuna hazırlıq üçün edirlər, üstəgəl, Köçəryan etiraf edir ki, savaş hazırlığı da görürlər, bu səbəbdən silahlanırlar. Sərhəd müəyyənləşməmiş görülən bu hazırlıq nədən xəbər verir və bu etiraf prosesi hara çəkə bilər?

- Ümumi baxdıqda görürük ki, Ermənistanın siyasəti ziddiyyətli hərəkətlərdən ibarətdir. Əvvəl qərbyönlü şüarlar səsləndirirdilər, indi də görürük ki, Rusiya ilə münasibətlərdə dəyişikliklər var, gah da İrana ümid edirdilər, bu gün də gözləyirlər ki, Fransa onlara kömək edəcək və sair. Bundan qabaq da deyirdilər ki, Ermənistanın təhlükəsizliyini təmin edəcək faktor Azərbaycanla dil tapmaqdır. Amma indi komitə sədri söyləyir ki, Ermənistan güclənməlidir və sair. Bu da onu göstərir ki, Ermənistanın siyasi elitası təşvişdədir.

Əlbəttə, Azərbaycan vəziyyəti diqqətlə izləməlidir, mümkün təxribatlara da hazır olmalıdır, əslində hazırdır. Görürük ki, lazımi şəkildə hərbi təlimlər keçirilir və sair. Təəssüf ki, Ermənistana yeganə təsiredici faktor gücdür. Bilmirəm, buna ehtiyac olacaq, ya yox, hər halda ümid edək ki, ermənilər reallığı başa düşüb Azərbaycanla hansısa razılaşmaya gələcəklər.

- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yenə o fikri təkrarladı ki, sülh müqaviləsini razılaşdırılmış maddələr əsasında imzalayaq. Uzun zamandır buna təkid edirlər, Bakı bununla razı deyil. Ermənistan təkidini davam etdirsə, bu, sülh prosesini poza bilərmi?

- Burada vəziyyət bəllidir, müxtəlif bəyanatların nəticəsində artıq hansısa təəssürat yaratmaq olar. İndi gələcək sülh prosesinin əsas prinsipləri müəyyən olunmalıdır. Bu prosesin bünövrəsini də Azərbaycan qoyub, beş prinsip irəli sürüb. Proses bunun əsasında inkişaf edərək bu nöqtəyə çatıb. Ermənistan təklif edir ki, bu, çərçivə sənədi olsun. Yəni hansısa bir siyasi çərçivəni yaradan bir sənəd ola bilər ki, bundan sonra müxtəlif istiqamətlərdə danışıqlar davam edəcək.

Hamıya bəllidir ki, indiki mərhələdə sərhədlərin delimitasiya və demarkasiyasını tamamlamaq mümkün deyil. Kommunikasiyaların açılması da bura daxildir. Artıq baş nazirlərin müavinləri səviyyəsində danışıqlar gedir. Digər mövzular da gündəmdədir. Hüquqi məsələləri götürək, bunların icrası da vaxt tələb edir. Məsələn, Ermənistanda Konstitusiya dəyişikliyinə nail olmaq üçün vaxt lazımdır. Ermənistan bununla bağlı 2027-ci il tarixini göstərir, amma başqa fikirlər də ortaya çıxa bilər. Amma bu çərçivə sazişində hansısa prinsiplər öz əksini tapa bilər. Məsələn, Ermənistan çərçivə sazişində öhdəlik götürsün ki, mən gələcəkdə sülh prosesinə mane olan hüquqi sənədlərdəki məsələləri aradan qaldıracam. Bu, sərhəd məsələsinə də aid ola bilər.

Həmçinin tərəflər bu çərçivədə razılaşırlar ki, delimitasiya və demarkasiya prosesi davam edir, sərhədlər müəyyən olunur, tərəflər müəyyən edilmiş sərhədlərə və bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Təxminən belə bir şəkldə olan prinsiplər o çərçivədə əksini tapa bilər. Hətta prezidentimiz də deyib ki, xarici işlər nazirləri bu sənədi qəbul edə bilərlər, sonra danışıqlar davam edəcək.

ATƏT-in Minsk qrupunun təcrübəsini götürək, onlar da prinsipləri müəyyən edirdilər. Düzdür, tərəflər bu prinsipləri qəbul eləmədilər, amma qəbul eləsəydilər, hansısa bir saziş ortaya çıxardı, ardınca tərəflər bunu razılaşdırardılar. İndi biz də o mərhələdəyik ki, gələcək prosesin prinsiplərini müəyyənləşdirib qəbul etməliyik. Amma biz görürük ki, Ermənistan bu prinsiplərin ən vaciblərini siyahıdan çıxarmağa çalışır. Belə olsa, bu sənədin əhəmiyyəti sıfıra bərabər olacaq. Yəni əsas prinsiplərin orada yer almasını istəmirlər. Məsələn, Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Bu durumda mən hansı tərəflə saziş imzalayıram? O tərəflə ki, mənə qarşı ərazi iddialarını qüvvədə saxlayır. Əlbəttə, bu qəbuledilməzdir.

- ABŞ dövlət katibi Entoni Blinken Baş nazir Nikol Paşinyana zəng etdikdən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvana gəldi. Overçuk səfərində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana 10 noyabr anlaşması çərçivəsindəki şərtlərini xatırlatdı. Bu mesajı Ermənistanla yanaşı, İrana da bir xatırlatma kimi qəbul etmək olarmı?

- İki ölkənin son qarşılıqlı bəyanatları göstərir ki, İranın məsələ ilə əlaqədar etirazları Ermənistan və Rusiyaya yönəlikdir. Əlbəttə, Azərbaycan da bu dəhlizi istəyir. Hətta bununla bağlı İrəvana xəbərdarlıq da edilmişdi.

Əslində, bu problem daha böyükdür. ABŞ da bu kommunikasiyanın işlək vəziyyətində olmasını istəyir. ABŞ-ın mövqeyi budur ki, Azərbaycan üzərindən Qərblə Mərkəzi Asiyanı birləşdirən bu kommunikasiya Rusiya və İrandan yan keçsin. Qərbin məqsədi budur. Görünən budur ki, müxtəlif geosiyasi mərkəzlərin maraqları bu mövzuda toqquşur. Biz də bu durumdan öz xeyrimiz üçün istifadə etmək niyyətindəyik və edəcəyik.

- Fransa xarici işlər naziri Stefan Sejurn niyə İrəvana gəldi?

- Fransa rəsmisinin İrəvana gələcəyi xəbəri hələ xeyli əvvəldən Ermənistanda dolaşırdı. Hətta belə bir fikir də vardı ki, Makron da sentyabrın sonunda Ermənistana gələcək. Bu planın qüvvədə olub-olmadığını, Makronu Sejurnun əvəzləyib-əvəzləmədiyini bilmirəm.

Fransa da istəyir ki, kommunikasiya məsələsində öz mövqeyini qorusun. Fransa Ermənistanla “dostluq münasibəti”indən yararlanaraq, bu mövzunu gündəmdə saxlamağa çalışır. Hesab edirəm ki, Parisin əsas məqsədi bundan ibarətdir. Hazırda əsas mövzu Zəngəzur dəhlizidir. Fransa xarici işlər nazirinin səfərinə də bu çərçivədə baxmaq olar.

- Bakı da yaxın günlərdə önəmli qonaqlara ev sahibliyi elədi. ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin mərkəz rəhbəri Patrik Priordan sonra Böyük Britaniya Məxfi Kəşfiyyat Xidmətinin baş direktoru Riçard Mur da ölkəmizdə oldu. Bu səfərləri hansı kontekstdə şərh etməliyik?

- Burada yenə də görürük ki, geosiyasi maraqlar toqquşur. Ən müxtəlif dövlətlər bölgə ilə bağlı maraqlarını ifadə ediblər. Məsələn, Rusiya, İran, Türkiyə, ABŞ, Avropa Birliyi və sair. Həmin fiqurlar da regionda (Cənubi Qafqaz) baş verənlərlə bağlı ən dəqiq məlumatlara malik şəxslərdir. Məsələn, ABŞ-da 10-dan çox kəşfiyyat qurumu var. Həmin qurumlardan birinin rəhbərinin Azərbaycana səfəri çox vacib bir hadisədir. Bunu belə qiymətləndirə bilərik ki, Azərbaycan öz siyasi ilə region və bölgədən kənarda çox vacib bir oyunçuya çevrilib.

Avropaya qaz ixracı, İranın fəallaşması, Moskva ilə Tehran arasında bölgədə yaşanan toqquşma, Avropa Birliyinin cəhdləri həm Britaniya, həm də ABŞ üçün vacib məqamlardır. Bilirik ki, Avropa Birliyindən çıxdıqdan sonra Britaniyanın bir sıra maraqları bəzi Avropa ölkələrinin maraqları ilə toqquşur, xüsusən də Fransa ilə. Britaniyanın fəallaşması, Çin faktoru və digər amillər göstərir ki, Azərbaycan regionda çox ciddi geosiyasi oyunçudur.

Azərbaycanın geosiyasi yerləşməsi də çox vacibdir. Yada salaq ki, Azərbaycan bundan öncə Çinlə də çox vacib sənədlərə imza atıb. Xüsusilə də, son dövrlərdə İranla Rusiya arasında yaşananlar, Yaxın Şərqdəki durum dünyanın diqqət mərkəzindədir. Yəni mövzu say baxımından çox ola bilər. Bizim regionda da çox şey Azərbaycanın mövqeyindən asılıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər