27 Sentyabr 08:36
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin 27 sentyabr təqvimdə sadə bir gün kimi başlasa da, bir qədər sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın xalqa etdiyi müraciətdən məlum oldu ki, bu gün adi bir gün deyil. Bu gün tarixi bir gündür! Ədalətin, Həqiqətin, Milli Ləyaqətin öz yerini tapdığı gündür! Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətinə son qoyan prosesin başlandığı gündür. 44 gün davam edən bu Zəfər yürüşündə Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu böyük bir sınaqdan şərəflə, ləyaqətlə çıxdı. Biz illərlə gözlədiyimiz, arzuladığımız Qələbəyə nail olmaqla, həm də “məğlub xalq” sindromunu aradan qaldırdıq. İndi alnımız açıq, başımız dikdir! Bu qüruru, fəxarəti bizə yaşadan şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm!

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman məsələnin dinc yolla həll edilməsinə çalışmış, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmişdi: “Lakin ATƏT-in Minsk Qrupunun 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışması və bununla da illərlə aparılan danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin 27 il kağız üzərində qalması və icra olunmaması Azərbycan xalqında haqlı olaraq narazılığa səbəb olurdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə deyirdi ki, “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu”. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq və bir gün öz doğma torpaqlarımıza qayıtmaq üçün həm Ulu Öndər Heydər Əliyev, həm də ölkə başçısı İlham Əliyev böyük siyasi iradə, qətiyyət göstərdi. İlk növbədə ölkəni digər təhlükələrdən qorumaq lazım idi, çökmüş iqtisadiyyatı yenidən bərpa etmək, nizamlı ordu yaratmaq, ölkənin siyasi imicini gücləndirmək, Azərbaycanın işğala məruz qalması ilə bağlı təbliğat aparmaq, hüquqi imkanları artırmaq lazım idi. 1993-cü ildən Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan iqtisadi, siyasi, hərbi sahədə mühüm islahatlar, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu müqəddəs missiyanı həyata keçirilməsində özünəməxsus rol oynayıb. Beləliklə, Azərbaycan bir dövlət olaraq bütün gücləri səfərbər edərək öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi”.

Professor bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi: “Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatıb. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Bir il bundan əvvəl keçirilən lokal xarakterli antiterror tədbirlər nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi”.

Komitə sədri bildirib ki, Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələrə tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədib: “Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşüb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Yenə də dünya ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərini pozmasına, törətdiyi cinayət əməllərinə səssiz qaldı, heç bir reaksiya vermədi. Lakin bütün bunlar xalqımızın əzmini, ruhunu qırmadı, əksinə daha da cəsur, mərd etdi. Bu terror aktlar xalqımızı sarsıtsa da, müqəddəs missiyanı yerinə yetirməkdən çəkindirmədi”.

Millət vəkili bildirib ki, 44 gün qısa bir zaman olsa da, Azərbaycan öz şanlı tarixini yazdı: “XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni işğalçılarından azad etdi. Azərbaycana ilk dəqiqələrdən mənəvi və siyasi dəstək bizə dayaq oldu, gücümüzə əlavə güc qatdı. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi çox ciddi mesaj idi. Belə ki, Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çoxu üçün mesaj idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi. Vətən Müharibəsindən sonra Şuşa Bəyannaməsinin imzalanması isə bizim bu qardaşlığımızı, ən üstün müttəfiqliyə çevirdi. Bir millət, iki dövlət olaraq sevinci və kədəri eyni paylaşan Azərbaycan və Türkiyə bu gün vahid komanda kimi hərəkət edir. Vətən müharibəsi zamanı Azərbaycan yalnız öz tarixi torpaqlarını erməni işğalından azad etmədi, o həm də erməni faşizminə qalib gəldi, regionda, dünyada yeni geosiyasi reallıqlar yaratdı”.

Deputat vurğulayıb ki, artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır: “Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Dövlətin ən mühüm prioriteti qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsidır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. “YAŞAT” Fondu tərəfindən indiyədək 17 minə yaxın hərbiçi öhdəliyə götürülmüşdür, 80 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, qazilərin, müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin hər zaman diqqətindədir. Hər zaman qazilərin, şəhid ailələrinin yanında olan Ali Baş Komandan İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həllinə xüsusi həssaslıq göstərirlər”.

Hicran Hüseynova bildirib ki, bu gün Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionun lider dövlətidir: “Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzuru tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Tarixi torpaqlarımızda həyat yenidən dirçəlir, canlanır. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevində dediyi kimi: “Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara düşməsin”. Artıq onun qarşısında bir qarış torpağını belə düşmən tapdağında qoymayan Güclü rəhbəri, güclü ordusu, dəmir yumruq kimi xalqı var! Bir daha bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm!”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər