Tibb elmləri doktoru, professor İbadulla Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Doktor, artıq 6 aya yaxındır koronovirusla mübarizə aparırıq. Sizcə, bu mübarizədə maskalar bizi kifayət qədər qoruyurmu?
- Əhali mütləq maskadan istifadə etməlidir, bu, birmənalıdır. Hazırda dünyada koronavirus səngimir, bizim ölkədə şükür, vəziyyət yaxşıdır. Bütün tibbi texnikamız, yüksək səviyyədə təchizatımız var. Hər şey dövlət tərəfindən təmin olunub.
Mən əhalidən xahiş edirəm, maskadan mütləq istifadə olunsun. Maska yaraşıq üçün deyil, çənənin altında saxlanılmamalıdır. Maska mütləq həm ağız, həm də burun boşluğunu əhatə etməlidir. Təkcə ağız boşluğunda qalırsa, onun da o qədər əhəmiyyəti yoxdur, mütləq burun boşluğunda əhatə olunmalıdır.
- Bəzi insanlar iddia edirlər ki, maska başqa xəstəlikləin yaranmasına səbəb olur...
- Maska bizim üçün qətiyyən təhlükə yaratmır. Hər kəsin bir yanaşma tərzi var. Mən bir epidemioloq kimi deyirəm, maska ən gözəl qoruyucu vasitələrdəndir. Çünki COVID-19 hava-damcı infeksiyasıdır, insanlara bu yolla yoluxduğu üçün maska qarşısını alır. Hərə bir fikir söyləyir, maskadan xəstəlik səngiyənədək istifadə etmək lazımdır.
- Qızmar havada maskadan istifadə etmək müəyyən qədər çətinlik yaradır...
- Təbii, dağın başında, açıq havada tək dayanmısansa, maskaya ehtiyac yoxdur. Amma nəqliyyat vasitələri, marketlər və digər kütləvi yerlərdə maska vacibdir. Xüsusilə avtobus dayanacaqlarında məsafə saxlanmalıdır. Yəni hər kəs özünü qorumalıdır.
- Hazırkı epidemioloji statistik göstəriciləri necə qiymətləndirirsiniz?
- Hazırda yoluxmalarda azalma müşahidə olunur. Müəyyən vaxtdan sonra da ümid edirəm ki, virus tam yox olacaq. Ölkəmizdə virusla mübarizədə hər bir şərait var. İnsanların rəftarından da çox şey asılıdır. Dövlət əhalinin sağlamlığı üçün nə var, hamısını edir.
Xəstələrin 90 faizi özlərini xəstələndirir. Çünki qorunmurlar. Əgər qohumlarınızda, yaxınlarınızda virusun olduğunu bilirsənsə, həmin əraziyə getməsinlər.
Əhalidə belə bir xüsusiyyət var, həkimin dediyinin yarısına qulaq asırlar. Halbuki həkimi dinləsələr, heç kim xəstələnməz. Sahə poliklinikaları, təcili yardım, sahə həkimləri var, kimsə özündə narahatlıq hiss edirsə, mütləq müraciət etməlidirlər. Yalnız həkim təyinatından sonra müalicəyə başlamaq olar. Dəfələrlə demişəm, qohum, qonşu, qeyri-ixtisas sahiblərinin dediklərinə qulaq asmayın, yalnız həkimi dinləyin.
- Ümumdünya Səhiyyə Təşkilatı payızda ikinci dalğanın baş verəcəyini bildirib. Siz necə düşünürsünüz, payızda normal həyata qayıda biləcəyikmi?
- Yoluxucu xəstəliklər bizdən asılı olmayaraq baş verir. Mən dəfələrlə demişəm, 11-12 ildən bir dünyada müəyyən vaxt ərzində pandemiyalar baş verir. Yoluxucu xəstəliklərdə ikinci dalğanın nə zaman baş verəcəyi, virusun nə zaman bitəcəyi barədə heç kim proqnoz verə bilməz. Qripəbənzər, kəskin respirator xəstəliklər həmişə olub və olacaq. Heç kim zəmanət verə bilməz ki, nə vaxtsa bundan xilas olacağıq.
Doğrudur, kökü kəsilən xəstəliklər var. Amma insan, cəmiyyət, yaşayış varsa, deməli, belə xəstəliklər də olacaq. Ona görə də bundan narahatlıq keçirməyə dəyməz. Hər kəs özünün həkimi olmalıdır. Hər kəs özünü qorusa, xəstələnməz.
Heç olmasa ildə 2 dəfə tibbi müayinədən keçmək lazımdır. Bu müayinədən sonra orqanizmin hansı orqanında çatışmazlıq olduğu aşkarlanar və problem vaxtında aradan qaldırılar. Xəstəliyi törədən amillər varsa, insan özü onları kənar etməlidir. Amma kənar edə bilmirsə, bacarmırsa, həkimə müraciət etmək lazımdır. Ona da profilaktik tədbirlər deyirlər. Hər bir insan profilaktik tədbirlərə riayət etməlidir.